Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bu xətlərin açılması Türk dünyası üçün böyük imkanlar yaradacaq - Cevdet Yılmaz

© Official website of President of Azerbaijan RepublicŞuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü - Sputnik Azərbaycan, 1920, 06.07.2024
Abunə olmaq
Türkiyənin vitse-prezidenti deyib ki, Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin ən qısa müddətdə imzalanması Cənubi Qafqazda ən böyük əngəli ortadan qaldıracaq.
BAKI, 6 iyul - Sputnik. İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz çıxış edib.
O, Zirvə görüşünün iştirakçılarına müraciətlə deyib:
“Sizləri cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın adından ehtiramla salamlayıram. Türk dünyasının mədəniyyət paytaxtlarından biri - Qarabağın incisi azad Şuşada olmaqdan böyük məmnunluq duyuram. Can Azərbaycana və hörmətli cənab Prezident İlham Əliyevə ev sahibliyinə görə təşəkkürümü bildirirəm”.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində doğma torpaqlarını işğaldan azad etməsindən sonra bölgədə sülhün, əmin-amanlığın və əməkdaşlığın inkişafı üçün fürsət yarandığını vurğulayan Cevdet Yılmaz qeyd etdi: “Üç il əvvəl – 2021-ci il iyunun 15-də bu qədim şəhərdə Türkiyə ilə Azərbaycan arasındakı bənzərsiz əlaqələri taclandıran Şuşa Bəyannaməsi imzalandı. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri də rəsmi olaraq elan edildi. Azad edilmiş bütün bölgələrdə olduğu kimi, Şuşadakı inkişaf və tərəqqini qürurla müşahidə edirik. Bir daha “Qarabağ Azərbaycandır!” və həmişə də Azərbaycanın olaraq qalacaqdır.
Biz lap əvvəldən bu Zəfəri təkcə işğalın sonu deyil, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolunda tarixi bir fürsət pəncərəsinin açılması olaraq gördük. Bu çərçivədə müzakirə prosesi böyük səy və həssaslıqla aparılan Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin ən qısa müddətdə imzalanması ilə Cənubi Qafqazda genişmiqyaslı regional həllin qarşımızdakı ən böyük əngəli ortadan qaldıracağına inanıram. Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması təkcə bölgə ölkələri üçün deyil, regional nəqliyyat xətlərinin açılacağı səbəbindən qlobal təhlükəsizlik və kommunikasiyalar baxımından da böyük önəm daşıyır. Bu xətlərin açılması regional əməkdaşlığı gücləndirərək Orta Asiya, Qara dəniz və Xəzər dənizi hövzələri də daxil olmaqla, bütün Türk dünyası üçün böyük imkanlar yaradacaq, yeni fürsətlər doğuracaq.
Beynəlxalq təşkilatların onilliklər ərzində Azərbaycana qarşı ədalətsizliyə göz yummasına baxmayaraq, Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə öz qəhrəmanlığı sayəsində haqqını bərpa etdi. Birinci Qarabağ müharibəsi nəticəsində öz yurdlarından didərgin salınan bir milyon azərbaycanlı qardaşımız üçün səsini çıxarmayan dövlətlərin bu gün haqsız və əsassız ittihamlarla qardaş Azərbaycanı hədəfə alması əsla qəbul edilə bilməz. Türk dünyası olaraq bu əsassız ittihamlara qarşı Azərbaycana güclü dəstək verməyimiz qardaşlığımızın olduğu kimi, ədalətin də zərurətidir.
Türk dünyasının hörmətli liderləri, qlobal səviyyədə yaşanan proseslər enerji təhlükəsizliyinin və enerji sahəsində əməkdaşlığın önəmini bir daha ortaya qoyub. Resurslarla zəngin və əlverişli coğrafi mövqedə yerləşən türk dövlətlərinin rolu bu baxımdan mühüm önəm daşımaqdadır. Şərq ilə Qərbi bir-biri ilə birləşdirən genişmiqyaslı enerji infrastrukturu layihələrini birlikdə uğurla həyata keçiririk. Azərbaycan ilə bu sahədə həyata keçirdiyimiz layihələr həqiqətən nümunədir. Başda türkmən təbii qazı olmaqla, Xəzərin digər tərəfindəki resursların Türkiyəyə və Avropaya daşınması həm bizlərin milli rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Türk Dövlətləri Təşkilatının nəzdində enerji mexanizminin qurulmasından məmnunluq duyuruq. Bu çərçivədə ortaq layihələrin inkişaf etdirilməsini dəstəkləməkdəyik”.
Çıxışında Azərbaycanın bu ilin noyabrında COP29-a ev sahibliyi etməsinin əhəmiyyətini xüsusi vurğulayan Türkiyənin vitse-prezidenti bildirdi: “Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməsindən böyük məmnunluq duyuruq. Xüsusilə iqlim maliyyələşməsi mövzusunda mühüm qərarların qəbul ediləcəyi bu konfransa hazırlıq prosesində bir çox mövzularda sıx əməkdaşlığımızı və dəstəyimizi davam etdirəcəyik. Azərbaycanın COP29-a ev sahibliyi regional əməkdaşlıq baxımından da böyük önəm daşıyır. Bu baxımdan, Azərbaycanın konfransda Türk Dövlətləri Təşkilatının bir təşəbbüsünə yer verilməsi və ya ortaq bir tədbirin keçirilməsi ilə bağlı təklifini məmnunluqla qarşılayırıq”.
Şuşadakı Zirvə görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin də təmsil olunmasının önəmini qeyd edən Cevdet Yılmaz deyib: “Bu gün Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti hörmətli Ersin Tatarı aramızda görməkdən böyük məmnunluq duyuruq. Cənab Prezident İlham Əliyevə göstərdiyi həssaslığa görə təşəkkürümüzü ifadə edirik. Cənab Tatarın qarşıdakı Bişkek Zirvə görüşünə də qatılmasını arzu edirik və bu məsələdə Sizlərin dəstəyini gözləyirik”.
Türkiyənin vitse-prezidenti tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğulayıb: “Bu gün imzalanacaq Qarabağ Bəyannaməsinin də xeyirli olmasını arzu edirəm. Sizi ehtiramla salamlayır, ev sahibi Can Azərbaycana, çox hörmətli cənab Prezident İlham Əliyevə təşəkkürlərimi bildirirəm. Təşkilatın üzvləri olan dost və qardaş ölkələrin xalqlarına sevgilərimi çatdırıram”.
Xəbər lenti
0