Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda ətraf mühitin vəziyyəti - Statistika

© Sputnik / Murad OrujovŞuşada dağlara mənzərə
Şuşada dağlara mənzərə - Sputnik Azərbaycan, 1920, 05.07.2024
Abunə olmaq
Keçən il ölkədəki hibrid avtomobillərinin sayı 2022-ci illə müqayisədə 39,5 faiz, elektrik mühərrikli avtomobillərin sayı isə 5,5 dəfə artıb. Nəticədə avtomobillərdən atmosfer havasına daha çox çirkləndirici maddələrin atılmasının qarşısı alınıb.
BAKI, 5 iyul — Sputnik. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşamaları və təbii sərvətlərdən əhalinin rifahının yaxşılaşdırılması üçün səmərəli istifadə edilməsi məsələləri ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2023-cü ildə əvvəlki illə müqayisədə ətraf mühitin mühafizəsinə çəkilmiş xərclər 2,9 dəfə artaraq 677,4 milyon manat olub və ümumi daxili məhsulun 0,6 faizini təşkil edib. Bu vəsaitin 595 milyon manatı ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadə üzrə əsas kapitala yönəldilib, 56,3 milyon manatı ətraf mühitin mühafizəsinə çəkilən cari xərclərdən ibarət olub, 26,1 milyon manatı isə meşə, qoruq və milli parkların saxlanmasına, vəhşi heyvanların, balıqların mühafizəsinə və çoxaldılmasına xərclənib.
Ölkəmizdə müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2022-ci illə müqayisədə 2023-cü ildə 30,9 faiz az təhlükəli tullantı yaranıb. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.
Elektrik mühərrikli avtomobillərin sayı kəskin artıb
Keçən il ölkədə stasionar mənbələrdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 8,8 faiz azalıb. Son illərdə elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində ötən il ölkədəki hibrid avtomobillərinin sayı 2022-ci illə müqayisədə 11917 ədəd və ya 39,5 faiz, elektrik mühərrikli avtomobillərin sayı isə 2542 ədəd və ya 5,5 dəfə artıb. Nəticədə avtomobillərdən atmosfer havasına daha çox çirkləndirici maddələrin atılmasının qarşısı alınıb.
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,3 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 85,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.
Meşəbərpa tədbirləri həyata keçirilib
Ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 6850 hektar sahədə meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib. Görülmüş tədbirlər çərçivəsində 622,1 hektar sahədə meşə əkinləri, 415,9 hektar sahədə meşə səpinləri işləri aparılıb, 4 hektar sahədə meşə-bağlar, 8 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 5800 hektar sahədə təbii bərpaya kömək göstərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0