CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksidə yeni kələk: Sifarişi təzə avtomobil qəbul edir, xidmətə köhnə "prius"lar gəlir

© iStock.com / anouchkaBakıda taksi
Bakıda taksi - Sputnik Azərbaycan, 1920, 04.07.2024
Abunə olmaq
Elməddin Muradlı bildirib ki, buna sistem üzərindən nəzarət etmək mümkün deyil.
BAKI, 4 iyul — Sputnik. İyulun 1-dən etibarən taksilərlə bağlı yeni tələblər qüvvəyə minsə də, köhnə avtomobillərlə taksi fəaliyyətinə hələ də rast gəlinir. Paytaxt sakinləri bildirir ki, taksi operatorları vasitəsilə taksi sifariş verdikdə sistemdə qeyd olunmuş avtomobilin əvəzinə tamamilə başqa, köhnə avtomobil gəlir.
Elvin Əhmədov adlı Xırdalan şəhər sakini Sputnik Azərbaycan-a bildirib ki, taksi sifariş etdikdə taksi operatorunun sistemində yeni avtomobilin gələcəyi əks olunsa da, sifarişi yenə də köhnə "Prius" markalı avtomobillər qəbul edir.
Binəqədi rayon sakini Vasif Cəfərov isə bildirib ki, anoloji hadisə onun da başına gəlib. Taksi operatoru sifarişi təzə maşınla qəbul etsə də, xidmətə köhnə avtomobil gəlib.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bu cür halların olduğunu təsdiqləyib. Bildirib ki, avtomobili köhnə olan taksi sürücüləri öz yaxın qohumlarının yeni avtomobili ilə sistemdə qeydiyyatdan keçərək köhnə avtomobilləri ilə xidmət aparırlar. Ekspertin sözlərinə görə, hətta bu kütləvi hal almağa başlayıb. Baxmayaraq bu hal qanunsuzdur. O, belə hallar aşkarlanarsa taksi sürücülərinin AYNA tərəfindən cəzalandırılacağını söyləyib.
E. Muradlı bildirib ki, buna sistem üzərindən nəzarət etmək mümkün deyil. Yalnız küçələrdə reydlər təşkil etməklə bu cür halların qarşısının alınması mümkündür.
Sputnik Azərbaycan-ın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu inzibati məsuliyyət yaradan haldır.
"Vətəndaşların bu cür hallarla rastlaşacağı təqdirdə AYNA-ya və taksi sifarişi operatorlarına məlumat vermələri tövsiyə olunur. Qaydaları pozan sürücülərə qarşı cərimə sanksiyası tətbiq olunacaq və onlar xəttən kənarlaşdırılacaqlar", cavabda bildirilib.
Qeyd edək ki, bu ilin iyul ayının 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin istehsal tarixi 8 ildən az olmalıdır.
1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilmir. Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır.
Müvafiq icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.
Vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, üç illik icazə ala bilər. Bu halda rəng tələbi tətbiq edilmir.
Taksilərin "Avro-5" standartına uyğunluğu ilə bağlı tələb qüvvəyə minib
Həmin tarixdən eyni zamanda taksi minik avtomobillərinin "Avro-5" ekoloji standartına uyğunluğu ilə bağlı tələb qüvvəyə minib.
Nazirlər kabinetinin bu gün təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də əksini tapıb.
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə "Avtomobil nəqliyyatı haqqında" qanunla müəyyən edilən buraxılış kartı verilmir.
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.
Xəbər lenti
0