CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Təbii fəlakətdən zərərçəkmiş insanlara maddi yardım olunmalıdır" - Vahid Əhmədov

© Photo : REPORTMilli Məclisin deputatı Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan, 1920, 28.06.2024
Abunə olmaq
Deputat hesab edir ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bir çox dövlət qurumları və yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən işlər görülsə də, vətəndaşların şikayəti hələ də davam etməkdədir.
BAKI, 28 iyun— Sputnik. "Ötən günlərdə Azərbaycan ərazisində baş verən təbii fəlakət hadisələri yollara, körpülərə, yaşayış məntəqələrinə, təsərrüfatlara ciddi zərər vurub və bu proses hələ də davam etməkdədir. Xüsusən, Quba, Xaçmaz və Şəki-Zaqatala bölgəsinin əhalisi təbii fəlakətin gətirdiyi çətinliklərdən xeyli əziyyət çəkib. Bir çox evlər, əkin və heyvandarlıq sahələri ziyan gördüyündən, bütün bunlar təbii ki, əhalinin güzəranına öz mənfi təsirini göstərib".
Bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, bu hadisələr zamanı bir çox dövlət qurumlarının üzərinə böyük yük düşür: "Leysan yağışları nəticəsində bir çox bölgədə kənddaxili yollar və körpülərə ziyan dəydiyindən əhalinin nəqliyyat problemi yaranıb. Bu problemin həlli üçün ilk növbədə Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən zərər dəymiş ərazilərə baxış keçirilib, dəyən ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər planı tərtib olunub. Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dağılmış yollar və körpülərin bərpası istiqamətində bir sıra operativ tədbirlər görülməsinə baxmayaraq, bəzi kəndlərin rayon mərkəzləri ilə əlaqəsi kəsildiyindən, o yolların da qısa müddətdə bərpasına ehtiyac var. Bu tip hadisələr zamanı sığorta xidmətlərinin önəmi bir daha ön plana çıxır".
O qeyd edib ki, dövlət dəstəyi ilə fəaliyyət göstərən Aqrar Sığorta Fondu tərəfindən fermerlərə xeyli güzəştlər tətbiq olunmasına baxmayaraq, təsərrüfatlarını sığorta etdirməyən kəndlilərin sayı hələ də çoxluq təşkil edir: "Bunun nəticəsində istehsal xərclərini belə qarşılaya bilməyən kəndlilərin bir çoxu təsərrüfatlarını bağlamaq məcburiyyətində qalır və nəticədə məhsuldarlıq aşağı düşür və qısamüddətli də olsa kənd təsərrüfatı məhsullarının qiymətlərində bahalaşma yaranır. Bununla yanaşı, təsərrüfatlarını sığorta etdirməyən fermerlərə banklar ehtiyatla yanaşdığından, onlar maliyyə əlçatanlığının azalması problemi ilə üzləşirlər. Bu kimi halların aradan qaldırılması üçün Kənd Təsərrüfatı Nazirliyi fermerlər arasında maarifləndirmə işlərini gücləndirməlidir".
"Hesab edirəm ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bir çox dövlət qurumları və yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən işlər görülsə də, vətəndaşların şikayəti hələ də davam etməkdədir. Dəyən ziyanın tam olaraq aradan qaldırılması və əhalinin bu prosesdən minimum zərərlə çıxması üçün Nazirlər Kabineti xüsusi qərar çıxarmalı, tədbirlər planı hazırlanmalı və təbii fəlakət nəticəsində zərərçəkmiş insanlara maddi yardım olunmalıdır", - deputat əlavə edib.
Xəbər lenti
0