CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ətraf mühitin çirklənməsi hər il milyonlarla insanın ölümünə səbəb olur - Komitə sədri

© AFP 2024 / NOEL CELISZibil, arxiv şəkli
Zibil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.06.2024
Abunə olmaq
"Təmiz Şəhər" ASC -nin sədri Etibar Abbasov bildirib ki, hazırda işğaldan azad edilən ərazilərdə tullantıların idarə olunması ilə bağlı yeni infrastruktur qurulur.
BAKI, 27 iyun — Sputnik. "Ətraf mühitin çirklənməsi hər il milyonlarla insanın ölümünə səbəb olur".
Bunu Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov "Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyanı narahat edən məsələlərin həllində Azərbaycan lider ölkələrdəndir: "Bu da qürurverici haldır. Qlobal iqlim dəyişikliyinin həlli asan məsələ deyil. Amma bu, üzləşdiyimiz yeganə problem deyil".
Deputat bildirib ki, həyat sudan asılıdır: "Amma su insanların ən pis istifadə etdiyi substansiyalardandır. Suların çirklənməsi ciddi problemdir".
"Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı hüquqi bazanın yaradılmasına çalışırıq. Bu, dövrün tələbidir. Çünki insan təbiətsiz yaşaya bilməz. Amma təbiət insansız yaşaya bilər", S.Qurbanov qeyd edib.
"Təmiz Şəhər" ASC İdarə Heyətinin sədri Etibar Abbasov bildirib ki, Azərbaycan hər zaman ekoloji mühitin yaxşılaşdırılmasına diqqət göstərir. Bu ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi, COP29 kimi mötəbər tədbirin Bakıda keçirilməsi bunun növbəti nümunəsidir.
O qeyd edib ki, hazırda qarşıya qoyulan əsas hədəf tullantıları minimuma endirməkdir: "Tullantılarla bağlı həyata keçirilən fəaliyyət ucuz xammalı əldə etməyə şərait yaradır. Bu sahədə 1100-dək yeni iş yeri açılıb. Eyni zamanda, Balaxanı Sənaye Parkına marağı artırmaq üçün xüsusi güzəştlər təyin olunub. Hazırda işğaldan azad edilən ərazilərdə tullantıların idarə olunması ilə bağlı yeni infrastruktur qurulur".
Qeyd edək ki, iyunun 27-də Bakıda "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forum işə başlayıb.
Forum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə keçirilir.
Forumda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri iştirak edirlər.
Forum iki gün davam edəcək.
Xəbər lenti
0