Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Cənub bölgəsində yaşayış evləri və həyətyanı sahələri su basıb, yollar dağılıb - VİDEO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Cənub zonasında sel sularının fəsadları
Cənub zonasında sel sularının fəsadları - Sputnik Azərbaycan, 1920, 27.06.2024
Abunə olmaq
Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün AAYDA-nın xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.
BAKI, 27 iyun — Sputnik. İyunun 26-da ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti cənub bölgəsinin avtomobil yollarında fəsadlara səbəb olub. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, intensiv yağıntılar nəticəsində Lənkəran-Lerik, Masallı-Yardımlı, Cəlilabad-Yardımlı, Vəlixanlı-Alçabulaq, Gölyeri-Ləzir, Porsova, Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz, Horavar-Əngövül-Vərov-Keçələkəran avtomobil yollarında sel sularının yolları yuması və özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşmüş, suötürücü borular sıradan çıxmışdır.
Bununla da yol infrastrukturuna və yol qurğularına ziyan dəyib. Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün AAYDA-nın xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.
Aparılan işlər çərçivəsində yollardan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Hazırda yollarda təmizləmə işləri davam etdirilir.
***
İntensiv yağan yağışlar nəticəsində Lənkəran rayonunun Narbağı, Astara rayonunun Təngərüd və Maşxan kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.
Bununla əlaqədar ərazilərə cəlb olunan FHN-in Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi həyata keçirilib, müvafiq təhlükəsizlik tədbirləri görülüb. Qeyd olunan yaşayış məntəqələrindən 4-ü uşaq olmaqla ümumilikdə 11 nəfər təxliyə olunub.
Bundan əlavə, Hacıqabul rayonun İkinci Udullun kəndində subasma nəticəsində evdə köməksiz vəziyyətdə qalmış bir nəfər Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən təxliyə edilib.
Həmçinin, Mülki müdafiə qoşunlarının xilasediciləri tərəfindən Qəbələ rayonunun Solquca kəndi yaxınlığında çayda suyun artması səbəbindən çay yatağında qalan içərisində 4 nəfərin olduğu minik avtomobilinin çıxarılması üçün müvafiq köməklik göstərilib.
Bəzi çaylardan sel keçir - FAKTİKİ HAVA
Qeyd edək ki, iyunun 27-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi. ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Yağan intensiv yağışlar nəticəsində iyunun 27-də gecə saatlarında Astara rayonu ərazisindən axan Təngərüdçaydan, səhər saatlarında isə Şabran rayonu ərazisindən axan Gilgilçaydan, Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir. Ölkə ərazisində iyunun 26-da müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.
İyunun 27-si gündüz və 28-də ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Xəbər lenti
0