CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat Milli Məclisdə ölüm cəzasının tətbiqini istədi: "Bu, daha effektivdir"

© Sputnik / Murad OrujovAzərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il
Azərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il - Sputnik Azərbaycan, 1920, 25.06.2024
Abunə olmaq
Ceyhun Məmmədov deyib ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmaq lazımdır.
BAKI, 25 iyun— Sputnik. "Dünən Xəzər rayonunda 3 polis əməkdaşı axtarışda olan cinayətkar tərəfindən qətlə yetirilib. Azərbaycanda asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları müstəsna əhəmiyyətə malikdir. Bu gün Azərbaycan təhlükəsizlik baxımından dünyanın ən əmin-aman ölkələrindən birinə çevrilib".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, polisə atılmış güllə dövlətçiliyimizə qarşı addımdır və bu cinayətdə əli olan hər kəs ciddi şəkildə cəzalandırılmalıdır: "Həm birinci həm də ikinci Qarabağ müharibəsində Azərbaycan polisi torpaqlarımızın müdafiəsində fəal iştirak ediblər. Çoxlu sayda şəhid veriblər. Bu gün də Azərbaycan polisi işğaldan azad olunmuş ərazilərdə asayişin təmin olunması üçün səylə çalışır. Bütün bunlarla yanaşı hesab edirəm ki, dünən baş verən hadisə cinayətkarlıqla mübarizədə daha sərt addımların atılmasını zəruri edir. Eyni zamanda, düşünürəm əhalidə olan qanunsuz silahlarla bağlı sərt addımların atılmasına və tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var".
"İllər öncə Azərbaycanda ölüm hökmü ləğv olundu. Proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir. Diqqət çəkmək istədiyim əsas məqam ondan ibarətdir ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur" - deputat əlavə edib.
Xatırladaq ki, iyunun 24-də paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster" markalı ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Xəbər lenti
0