Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanın COP29-da sədrliyi ölkələr arasında dialoqa töhfə verəcək - Aleksey Borisov

© Sputnik / Kemale AliyevaCOP29-a həsr edilmiş konferensiya
COP29-a həsr edilmiş konferensiya - Sputnik Azərbaycan, 1920, 23.06.2024
Abunə olmaq
Noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Bakıda keçiriləcək.
BAKI, 23 iyun - Sputnik. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi Azərbaycana beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməyə kömək edəcək, eləcə də iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə verəcək.
Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə Rusiya BMT-yə Yardım Assosiasiyasının sədrinin birinci müavini, Ümumdünya BMT Assosiasiyaları Federasiyasının vitse-prezidenti Aleksey Borisov bildirib.
COP qlobal dünya üçün nəyə görə vacibdir?
Agentliyin həmsöhbəti vurğulayıb ki, BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP) qlobal dünya əhəmiyyətli tədbirdir. Çünki iqlim dəyişmələri təkcə ətraf mühit deyil, həm də iqtisadiyyat, insanların sağlamlığı və təhlükəsizliyi üçün ciddi təhdiddir. COP ölkələrə bir araya gəlməyə, iqlim dəyişmələri problemlərini müzakirə etməyə, istixana qazlarının həcminin azaldılması və iqlim dəyişmələrinə uyğunlaşmaq üçün birgə hərəkətlər barədə tədbir və qərarları qiymətləndirməyə, yenilərini qəbul etməyə imkan verir.

“СОР ən əsas beynəlxalq ekoloji sazişlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) və Paris İqlim Sazişinin həyata keçirilməsi üzrə danışıq prosesinin ali orqanıdır. Bu gün СОР həm də ona görə dəyərlidir ki, dövlət başçıları, nazirlər, digər dövlət xadimləri, eləcə də biznes, vətəndaş cəmiyyəti, akademiya, media, gənclər və bir çoxları daxil olmaqla, iqlim gündəliyinin geniş aktorlar dairəsini bir araya gətirir. İqlim məsələsini həll etmək üçün bu gün məhz belə sahələrarası yanaşma tələb olunur”, - deyə ekspert qeyd edib.

© Photo : AZƏRTAGAleksey Borisov
Aleksey Borisov  - Sputnik Azərbaycan, 1920, 23.06.2024
Aleksey Borisov
COP29-un keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi hesab oluna bilər ⁠
A.Borisovun sözlərinə görə, COP29 iqlim böhranından əziyyət çəkən cəmiyyətlər üçün inanılmaz dərəcədə mühüm vaxta təsadüf edir. Keçiriləcək konfrans artıq “maliyyə müşavirəsi” adlandırılır, çünki məhz bu il iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət hədəfin razılaşdırılması planlaşdırılır.
“İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsinin yeni hədəfi inkişaf etmiş ölkələrin aşağı gəlirli ölkələrə 2009-cu ildə verdikləri son maliyyə öhdəliyinin varisidir. Problem ondan ibarətdir ki, o zaman vəd edilən bütün vəsait ayrılmamışdı, bu da iqlim dəyişikliyi ilə mübarizənin ciddi şəkildə ləngiməsinə gətirib çıxardı. “Ümidvarıq ki, inkişaf etmiş ölkələrin maliyyələşmə ilə bağlı verəcəkləri yeni vədlər və öhdəliklər bu dəfə tam həcmdə yerinə yetiriləcək”, - deyə BMT-yə Yardım Assosiasiyasının sədrinin birinci müavini bildirib.
Ekspert vurğulayıb ki, konfransda, əlbəttə, təkcə maliyyə deyil, daha geniş sahədə məsələlər müzakirə olunacaq. Azərbaycan isə СОР29-a ev sahibliyi edən bir ölkə kimi beynəlxalq aləmdə rolunu daha aydın nümayiş etdirmək, qlobal problemlərin həllinə töhfə vermək imkanı əldə edəcək.

“СОР29-a Azərbaycan bütün ölkələrin diqqətini cəlb edə və bu məqsədlə bütün dünya üçün əhəmiyyətli olan iqlim təşəbbüsləri ilə çıxış edə bilər. Bununla da Bakı dəqiq olaraq eşidiləcək. Bundan başqa, COP29-un uğurlu təşkili Azərbaycana dünya arenasında mövqeyini möhkəmləndirmək, iqlim dəyişikliyi ilə mübarizə üzrə strategiyaların işlənib hazırlanmasında fəal şəkildə iştiraka kömək edəcək”, - deyə A.Borisov vurğulayıb.

O diqqətə çatdırıb ki, COP29-un keçirilməsini 2024-cü ilin ən mühüm hadisəsi hesab etmək olar.
Növbəti sessiyanın keçirilməsi yeri kimi Azərbaycanın seçilməsi ölkəyə yüksək etimadın göstəricisidir
⁠Şərqi Avropa qrupuna aid ölkələrin yekdil qərarı ilə Konfransın növbəti sessiyasının keçirilməsi məkanı kimi Azərbaycanın seçilməsi ölkəyə yüksək etimadın göstəricisidir.
“Şübhəsiz ki, Azərbaycan iştirakçılar və qonaqlar üçün rahat şərait yaratmaq, eləcə də davamlı inkişaf və iqlim siyasəti sahəsində nailiyyətlərini nümayiş etdirməyə səy göstərərək yüksək məsuliyyət və peşəkarlıqla bu cür böyük tədbirlərə ev sahibliyi edir. Ölkə müasir infrastruktur, insan resursları, beynəlxalq tədbirlərin keçirilməsində qiymətli təcrübəyə malikdir. Azərbaycan iqtisadi forumlar, mədəni və idman tədbirləri də daxil olmaqla, müxtəlif miqyaslı tədbirlər keçirərək beynəlxalq arenada özünü etibarlı tərəfdaş kimi göstərib”, - deyə o qeyd edib.
Bakıda COP29-dan gözləntilər
Həll ediləcək əsas məsələlərdən danışan A.Borisov deyib ki, bu, əlbəttə, yeni itkilər və zərər fondunun vəsaitlərinə çıxış şərtlərinin konkretləşdirilməsi, qlobal yekunlaşma çağırışlarının praktik şəkildə həyata keçirilməsi, uyğunlaşma və maliyyələşmə üzrə kollektiv məqsədlər ətrafında razılaşmaların əldə olunması, eləcə də Paris sazişinin 6-cı maddəsinin qaydaları ətrafında böhranın həlli – karbon bazarlarıdır.
O, eyni zamanda, xatırladıb ki, СОР28-də danışıq komandaları uzun müddət ərzində ilk dəfə olaraq heç bir qərar qəbul etməyərək, karbon bazarları kimi əhəmiyyətli alət üzrə nəticə qazanmamışdılar.

“Əminəm ki, Azərbaycanın sədrliyi ölkələrin çoxtərəfli səmərəli dialoquna ciddi töhfə verəcək. Hər kəsin səsi eşidilsin, nəticələr isə ümumi qərarlar əsasında qəbul olunsun deyə maraqlı tərəflərin geniş dairəsinin fikrini dinləməyə və onu nəzərə almağa imkan verəcək”, - deyə BMT-yə Yardım Assosiasiyasının sədrinin birinci müavini fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir.
2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bundan başqa, Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.
Bütün bunlar dövlətimizin ətraf mühitin qorunmasına verdiyi töhfələrin göstəriciləridir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0