CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kiçik elektrik nəqliyyat vasitəsini idarəetmə hüququ 14 yaşdan yaranacaq

© Sputnik / Zullfiye GuluyevaDənizkənarı Milli Parkda skuter sürən insanlar
Dənizkənarı Milli Parkda skuter sürən insanlar - Sputnik Azərbaycan, 1920, 21.06.2024
Abunə olmaq
Svetoforun işığı piyada (velosiped) silueti şəklindədirsə, onun qüvvəsi yalnız piyadalara (velosipedçilərə) şamil olunurdusa, layihəyə əsasən bunun kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə də şamil edilməsi təklif olunur.
BAKI, 21 iyun— Sputnik. Kiçik elektrik nəqliyyat vasitəsini idarəetmə hüququ 14 yaşdan yaranacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün aşağıdakı vəzifələri var:
- kiçik elektrik nəqliyyat vasitəsi ilə sərnişin daşımamalıdır;
- kiçik elektrik nəqliyyat vasitəsini bu növ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yerlərdə parklamalıdır;
- müəyyən edilmiş hərəkət sürəti həddini aşmamalıdır (velosiped yollarında saatda 20 kilometrdən çox olmayan, yaşayış zonalarında, park və həyət ərazilərində saatda 10 kilometrdən çox olmayan sürətlə hərəkət edilməlidir).
Mexaniki nəqliyyat vasitəsinin sürücüsü isə yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, hərəkət yolunu kəsən kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir.
Avtomagistrallarda kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Kiçik elektrik nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayana və ya dura biləcək.
Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa kiçik elektrik nəqliyyat vasitələrinə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın.
Svetoforun işığı piyada (velosiped) silueti şəklindədirsə, onun qüvvəsi yalnız piyadalara (velosipedçilərə) şamil olunurdusa, layihəyə əsasən bunun kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə də şamil edilməsi təklif olunur. Bu zaman yaşıl işıq piyadalarla (velosipedçilərlə) bərabər kiçik elektrik nəqliyyat vasitələri sürücülərinin də hərəkətinə icazə verəcək, qırmızı işıq isə onların hərəkətini qadağan edir.
Kiçik elektrik nəqliyyat vasitələrində faralar və ya fənərlər olmalıdır.
Sağa və ya sola dönən mexaniki nəqliyyat vasitəsinin sürücüsü dönəcəyi yolun hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0