SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Hüseynli növbədənkənar parlament seçkilərinin keçirilmə zərurəti barədə

© Sputnik / Talekh MakhmudovƏli Hüseynli
Əli Hüseynli - Sputnik Azərbaycan, 1920, 21.06.2024
Abunə olmaq
Fazil Mustafa isə deyib ki, seçkilərin vaxtını uzatmaq Konstitusiya pozuntusu olardı.
BAKI, 21 iyun— Sputnik. Növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Parlament sədrinin birinci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Əli Hüseynli bildirib ki, COP29-a qədər parlamentin tam formalaşması zərurəti meydana gəlib:
"Parlament seçkilərinin şəffaf keçirilməsi, seçicilərin seçkilərdə iştirakının maneəsiz iştirakının təmin edilməsi dövlətin vəzifələrindən biridir. Noyabrda bunu təmin etmək çətin ola bilər. Bu baxımdan komitəmiz olaraq, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə Prezidentə müraciət edilməsini məqsədə müvafiq hesab edirik".
Seçkilərin vaxtının irəli çəkilməsi COP29-un uğurlu təşkilinə imkan verəcək
Deputat Soltan Məmmədov da çıxış edərək bildirib ki, Azərbaycan son illərdə öz tarixinin ən möhtəşəm dövrlərindən birini yaşayır. 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərinin nəticələri xalqımızın tarixində yeni bir səhifə açıb:
"Dövlətimizin artan gücü və beynəlxalq aləmdə yükəsələn nüfuzu bizə olan etimadın daha da dərinləşməsinə səbəb olub. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi barədə ötən ilin dekabrında qəbul edilmiş qərar məhz Azərbaycana beynəlxalq ictimaiyyətin yüksək etimadının daha bir göstəricisi idi. Respublikamız bu ilin noyabrında COP29-la yanaşı Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərə də ev sahibliyi edəcək. Qlobal problemlərin müzakirə olunacağı bu mötəbər tədbirlər hazırlıq kifayət qədər vaxt və enerji tələb edir. Təbii ki, bir çox yüksək səviyyəli beynəlxalq forumları, idman yarışlarını və digər tədbirləri ən yaxşı şəkildə təşkil etmək təcrübəsinə malik olan ölkəmizin bu dəfə də üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirəcəyi şübhəsizdir".
Deputat əlavə edib ki, belə qlobal əhəmiyyətli beynəlxalq tədbirlərlə eyni vaxtda seçki kampaniyasının təşkili kifayət qədər çətin prosesdir. Ona görə də, Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə təşəbbüsü mövcud reallıqları nəzərə alan, ölkəmizin qarşısında duran vəzifələrin miqyasını düzgün qiymətləndirən yanaşmanın ifadəsidir.
"Seçkilərin vaxtının irəli çəkilməsi COP29-un təşkili ilə bağlı bütün məsələlərin uğurla həll edilməsinə imkan verəcək, eyni zamanda, belə bir yüksək səviyyəli tədbir zamanı parlamentin tam gücü ilə fəaliyyət göstərməsinə şərait yaradacaq. Bildiyinzi kimi, COP29 sessiyası çərçivəsində Parlament Konfransının təşkili nəzərədə tutulur. Bu barədə Milli Məclislə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb. Parlament iclası COP29-un ən mühüm tədbirlərindən biridir və bu iclasa hazırlıq üçün Milli Məclisdə deputatlardan ibarət işçi qrupları yaradılmalıdır. Bundan başqa, Parlament konfransının yekun sənədinin hazırlanması da uzun və çətin bir prosesdir. Ona görə də Azərbaycan Milli Məclisinin yeni tərkibinin COP29 sessiyasına qədər formalaşması çox mühüm əhəmiyyət kəsb edir" - o qeyd edib.
S.Məmmədov qeyd edib ki, Milli Məclisə növbəti seçkilərin 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərədə tutulur. Parlament seçkiləri ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisələrdən biridir: "Belə bir əhəmiyyətli məsələyə hazırlıq isə olduqca ciddi yanaşma, gərgin iş və zaman tələb edir. Bu baxımdan, iki böyük miqyaslı və mühüm prosesin eyni vaxta təsadüf etməsi həm dövlət orqanlarının səmərəli fəaliyyətinə, həm də cəmiyyətin normal həyatına müəyyən təsir göstərə bilər. Düşünürəm ki, bütün bunları nəzərə alaraq biz seçkilərin vaxtının dəyişdirilməsi barədə təşəbbüsü dəstəkləməliyik. Milli Məclisin buraxılacağı və növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən səsvermə zamanı seçiləcəklər. Müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində 2024-cü ildə keçirilmiş Prezident seçkilərindən sonra bu Azərbaycan tarixinin daha bir mühüm siyasi hadisəsi olacaq. Hesab edirəm ki, dəyərli həmkarlarım Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə təşəbbüsünü dəstəkləyəcəklər".
Fazil Mustafa: "Seçkilərin vaxtını uzatmaq Konstitusiya pozuntusu olardı"
Parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa COP-29-un Azərbaycan üçün mühüm tədbir olduğunu vurğulayıb:
"Milli Məclisə seçkilərlə bu tədbirin eyni vaxta düşməsi seçkilərin keçirilməsini imkansız edir. Konstitusiyanın 84-cü maddəsinə görə, ancaq müharibə vəziyyətində seçkiləri uzada bilərdik. Bizdə də müharibə şəraiti yoxdur. Seçkilərin vaxtını uzatmaq Konstitusiya pozuntusu olardı. Bunu kimlərsə spekulyasiya edəcəklərsə, hüquqi savadsızlıqlarını ortaya qoyacaqlar".
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi üçün komissiya yaradılıb. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Komissiyanın sədri Adil Əliyev, komissyanın üzvləri Siyavuş Novruzov, Fəzail Ağamalı, Elşən Musayev, Nigar Arpadarai, Tahir Rzayev və Eldar Quliyevdir.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət edilməsi barədə təşəbbüslə çıxış ediblər.
Xəbər lenti
0