Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın nar ixracı niyə azalıb?

© Sputnik / Rashad RashidovKürdəmirdə nar sərgi-satış yarmarkası
Kürdəmirdə nar sərgi-satış yarmarkası  - Sputnik Azərbaycan, 1920, 14.06.2024
Abunə olmaq
Ekspert bildirib ki, nar bağlarında aqrotexniki qulluq işlərinin vaxtında və düzgün aparılması çox mühümdür və bu, məhsuldarlığı artırır. Xarici ölkələrdə Azərbaycan narına həmişə tələbat var.
BAKI, 14 iyun — Sputnik. Azərbaycanın nar ixracında azalma müşahidə edilir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 3,2 milyon dollar dəyərində 3651 ton nar ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,4 dəfə, miqdar baxımından 1,7 dəfə azdır.
Səbəb nə ola bilər?
Azalma ilə bağlı aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, ola bilər hava şəraitinin pis keçməsi və aqrotexniki qulluq işlərinin düzgün aparılmaması məhsulun keyfiyyətinə təsir göstərib: "Böyük ehtimal keyfiyyətsiz məhsul xaricə göndərilməyib. Çünki ixrac üçün keyfiyyətli, standartlara cavab verən məhsullar olmalıdır. Çox güman ki, ixracın azalması keyfiyyətli məhsulun az olması ilə bağlı olub. Keçən il yağıntıların çox olması narın keyfiyyətinə mənfi təsir götərib".
"Xaricdə Azərbaycan narına həmişə tələbat var"
O bildirib ki, nar bağlarında aqrotexniki qulluq işlərinin vaxtında və düzgün aparılması çox mühümdür və bu, məhsuldarlığı artırır: "Hansı fermer aqrotexniki qulluq işlərini düzgün aparırsa, normal məhsul da götürür. Xarici ölkələrdə Azərbaycan narına həmişə tələbat var".
"Bu il gilasın ixracında da azalma gözlənilir"
Ekspertin sözlərinə görə, hava şəraitinin pis keçməsi nəticəsində bu il gilas meyvəsinin ixracında da azalma gözlənilir: "Bu il hava şəraitinin pis keçməsi əsasən gilas istehsalına çox təsir edib. Digər meyvələrin istehsalında (alma, şaftalı və s.) isə ciddi problem yoxdur".
Nar bağlarının aqrar sığota vasitəsilə qorunması müzakirə edilib
Qeyd edək ki, Aqrar Sığorta Fondunda Azərbaycan Nar İstehsalı və İxracatı Assosiasiyasının üzvləri ilə görüş keçirilib. Aqrar Sığorta Fondundan Sputnik Azərbaycan-a bildiriblər ki, görüşdə Azərbaycanda nar bağlarının üzləşdiyi risklər və əkin sahələrinin aqrar sığota vasitəsilə qorunması müzakirə edilib.
Görüşdə Aqrar Sığotra Fondunun sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta vasitəsilə 41 növ bitkini sığorta etmək mümkündür, bura meyvə bağları, o cümlədən nar bitkisi də aiddir: "Ölkədə rəsmi qeydiyyatdan keçmiş 8 min hektaradək nar bağı var, amma qeydiyyatda olmayan, o cümlədən həyatyanı sahələrdə yaradılan bağları nəzərə aldıqda bu rəqəm bir neçə dəfə artıqdır. Nar bağlarının böyük hissəsi – təqribən 80%-i Mərkəzi Aran regionunun payına düşür". Fond rəhbəri vurğulayıb ki, görüşdə məqsəd ölkəmizdə nar bitkisinin sığortasını genişləndirmək, bu sahədə fəaliyyət göstərən fermer və sahibkarların gəlirlərini qorumaqdır.
"Hər il ölkədə 187 min ton ətrafında nar yığılır"
Azərbaycan Nar İstehsalı və İxracatı Assosiasiyasının sədri Fərhad Qaraşov bildirib ki, təşkilat öz sıralarında respublikanın müxtəlif bölgələrində 500-dən artıq fermer və sahibkarı birləşdirir. Onun sözlərinə görə, hər il ölkədə 187 min ton ətrafında nar məhsulu yığılır, bundan 29 min ton və ya 15% ölkədən xaricə ixrac edilir, hazırda nar ölkəyə valyuta gətirən ixrac məhsullarından birinə çevrilib.
"Fermerlər cüzi məbləğ ödəməklə nar əkinlərini sığorta edə bilər"
Görüşdə aqrar sığorta mexanizmi vasitəsilə nar əkinlərinin sığortalanması imkanları təqdim edilib. Bildirilib ki, sığorta haqqının ödənilməsində tətbiq edilən 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə nar əkinlərini sığorta edə bilərlər. Belə ki, nar bağlarının böyük hissəsinin yerləşdiyi Mərkəzi Aran regionunda 1000 manatlıq nar məhsulunun baza zərfi ilə sığortalanması fermerə cəmi 8,2 manata başa gəlir. Fermerlər əlavə ödənişlə nar bağını dolu nəticəsində baş verən keyfiyyət itkisi və şaxtavurma kimi risklərdən də sığorta edə bilərlər.
"Sığortalanan nar bağlarının sahəsi artır"
Görüşdə bildirilib ki, aqrar sığorta şərtlərinin sərfəli olmasına görə, ölkədə sığortalanan nar bağlarının sahəsi artmaqdadır. 2023-cü ildə 455 hektar nar bağı sığorta edildiyi halda, 2024-cü ildə bu rəqəm 2 dəfədən çox artaraq 1000 hektara yaxınlaşıb.
Keçən il nar ixracının 85 faizi Rusiyanın payına düşüb
Xatırladaq ki, Azərbaycan narı əsasən Rusiya bazarına göndərilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycanın ümumi nar ixracının 85 faizi Rusiyanın payına düşüb. Keçən il Azərbaycan Rusiyaya 24313 ton, Belarusa 368 ton, Qazaxıstana 441 ton nar ixrac edib. Bundan başqa, Azərbaycandan Gürcüstana, Ukraynaya, Moldovaya və digər ölkələrə nar ixrac edilib.
İntensiv nar bağlarının salınmasına görə subsidiya verilir
Onu da qeyd edək ki, yeni nar bağlarının salındığını və onların yaxın gələcəkdə məhsul verəcəyini nəzərə alanda nar məhsulunun ixracda payının daha da artacağı gözlənilir. Nar bağlarının salınması üçün dövlət tərəfindən birdəfəlik subsidiya ayrılır. Hər hektar intensiv nar bağlarının salınmasına görə 3000 manat subsidiya verilir.
Xəbər lenti
0