CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası tənzimlənəcək

© Sputnik / Rahim Muradovtorpaq
torpaq - Sputnik Azərbaycan, 1920, 11.06.2024
Abunə olmaq
Kənd təsərrüfatının inkişafı baxımından bu təyinatlı torpaqlarda məlumatlandırma icraatı çərçivəsində müvəqqəti tikililərin inşa edilməsi həyata keçirilə biləcək.
BAKI, 11 iyun — Sputnik. Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası (quraşdırılması) tənzimlənəcək. Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
Hazırda Torpaq Məcəlləsinin 13-cü maddəsində ümumi şəkildə müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkili üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq mümkündür.
Bu isə torpaqdan istifadəyə nəzarət çərçivəsində, o cümlədən istehsal və emal təyinatlı tikililərin aparılması, müvəqqəti tikililərin həyata keçirilməsi baxımından çətinliklər yaradır. Belə ki, tikintilərin aparılmasının qayda və şərtləri baxımından tənzimləmə mexanizmi olmadığından bu normanın icrasında problemlər yaranırdı.
Qeyd etmək lazımdır ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin aparılması ehtiyaclardan irəli gəlir və bu kənd təsərrüfatının inkişafı baxımından vacibdir. Bu məqsədlə kənd təsərrüfatı təyinatlı torpaqlarda məlumatlandırma icraatı çərçivəsində müvəqqəti tikililərin inşa edilməsi həyata keçirilə biləcək. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması Məcəllənin 13-1-ci maddəsinə uyğun təmin ediləcək.

Bununla da kənd təsərrüfatı təyinatlı torpaqlarda məqsədli təyinat dəyişdirilmədən əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması həyata keçirilə biləcək, bu tikililərin inşa edilməsi və quraşdırılması Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tənzimlənəcək.

Kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi əhəmiyyətini, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolunu nəzərə alaraq əsaslı tikintilərin aparılmasının müvafiq tələb və mexanizmi yaradılır. Belə ki, bu tikililər:
sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər;
tikililərin inşa edilməsi və quraşdırılması torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçinin və ya icarəçinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq həyata keçiriləcək. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.
istixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı qeyd olunan torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum ölçülərinə dair məhdudiyyətlər tətbiq edilmir. Belə ki, suvarma infrastrukturu daha kiçik sahələrdə də quraşdırıla bilər.
Qanun layihəsi hazırlanarkən mütərəqqi beynəlxalq təcrübə öyrənilib və ondan istifadə edilib.
Qeyd edək ki, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür:
kənd təsərrüfatı təyinatlı torpaqlar;
yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;
sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;
xüsusi qorunan ərazilərin torpaqları;
meşə fondu torpaqları;
su fondu torpaqları;
ehtiyat fondu torpaqları.
Kənd təsərrüfatı təyinatlı torpaqlar nə deməkdir?
Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
Məlumatlandırma icraatı nədir?
Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir.
Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq quruma məlumat verir və tələblərə uyğunluğun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq qurum tərəfindən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər.
Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0