Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan ediləcək
16:53 11.06.2024 (Yenilənib: 17:14 11.06.2024)
© AFP 2024 / SAID KHATIBgəlin
© AFP 2024 / SAID KHATIB
Abunə olmaq
Bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
BAKI, 11 iyun — Sputnik. Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, Məcəlləyə aşağıdakı hallar əlavə edilir:
qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) dəyişiklik edilməsi nəzərdə tutulur.
Deputat: "Qohum evliliklərini qadağan etmək beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər"
Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirlən iclasında deyib ki, qohum evliliklərini qadağan etmək beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər.
© Sputnik / Murad OrujovAzərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov
Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov
Onun sözlərinə görə, Ailə Məcəlləsinə qohum evlilikləri ilə bağlı dəyişiklik əmi və bibi uşaqlarının evlənməsini qadağan edirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır:
"Bu cür evlilikləri qadağan etmək bəlkə də beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər. Düşünürəm ki, bu məsələdə insanları maarifləndirməklə prosesə mane ola bilərik. Əks təqdirdə, bu fikrə qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq".
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov həmkarı Rəşad Mahmudovun erkən nikahların beynəlxalq hüquq baxımından problem yarada biləcəyi ilə bağlı sualına cavabında beynəlxalq hüquqda bu məsələ ilə bağlı qadağanedici norma tapmadığını bildirib:
"Avropa ölkələrinin qanunvericiliyinə baxsaq, Almaniyanın ailə qanunvericiliyində, eləcə də İsveçrədə bununla bağlı qadağalar var. Düşünmürəm ki, bu qadağalar beynəlxalq hüquqla bağlı Azərbaycana hər hansı problem yaratsın".
Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
övladlığa götürənlər və övladlığa götürülənlər;
ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;
ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.