Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir: Dörd ayda büdcə gəlirləri nəzərdə tutulandan 1 milyard 115 milyon manat çox olub

© Sputnik / Murad OrujovSamir Şərifov
Samir Şərifov  - Sputnik Azərbaycan, 1920, 07.06.2024
Abunə olmaq
Nəzərə çatdırılıb ki, yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır.
BAKI, 7 iyun— Sputnik. Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Plenar iclasda maliyyə naziri Samir Şərifov çıxış edərək bildirib ki, 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dövlətimiz qarşısında yeni çağırışlar formalaşdırıb: "İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin həyata keçirilməsi, beynəlxalq münasibətlər və beynəlxalq fəaliyyətlə bağlı, digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün müvafiq maliyyə təminatının yaradılması əsas vəzifələr kimi göstərilib".
Nazir qeyd edib ki, cari ilin yanvar-aprel ayları üzrə makroiqtisadi və fiskal göstəricilər və dünya enerji bazarında münbit qiymət konyunkturası, habelə cari ilin aprel ayında İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə edilmiş dəyişikliklərə əsasən, dövlət büdcəsinə gözlənilən əlavə daxilolmalar müəyyən edilmiş prioritet istiqamətlər üzrə zəruri olan bir sıra əlavə tədbir və layihələrin maliyyələşdirilməsinə imkan yaratmaqla 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirib.
O diqqətə çatdırıb ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 24,2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub: "Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artıb. 2024-cü ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 12 milyard 144 milyon manat proqnoza qarşı 13 milyard 259 milyon manat təşkil edib, yəni nəzərdə tutulduğundan 1 milyard 115 milyon manat çox olub. Proqnozla müqayisədə artımın 68%-ni, yəni 750 milyon manatını qeyri-neft-qaz sektoru, 32%-ni isə və ya 358 milyon manatını neft-qaz sektoru üzrə əlavə gəlirlər təşkil edib. Beləliklə, ötən müddət ərzində dövlət büdcəsinin gəlirlərinin 6 milyard 867 milyon manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434 milyon manat və ya 6,8% çoxdur. 2024-cü ilin 4 ayı ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8% təşkil edib. Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə proqnoza nisbətən 594 milyon manat və ya 15,1%, Dövlət Gömrük Komitəsinin xətti ilə 131 milyon manat və ya 7,1% çox daxilolmalar qeydə alınıb".
S.Şərifov vurğulayıb ki, dünya neft və qaz bazarlarında mövcud tendensiyalar, cari ilin əvvəlinə müşahidə olunan vergi-gömrük daxilolmalarının, habelə icmal və dövlət büdcələri xərclərinin artması nəzərə alınaraq, 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib: "Belə ki, neftin bir barelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına yüksəldilib. 2024-cü ildə ÜDM-in 121,3 milyard manat və yaxud dövlət büdcəsi layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard manat çox olması gözlənilir. Qeyri-neft ÜDM-in 84,7 milyard manatadək artması və yaxud proqnoza nəzərən 0,6 milyard manat çox olması proqnozlaşdırılır. Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır".
Bildirilib ki, yenilənmiş makroiqtisadi proqnozlara əsasən 2024-cü ilin dövlət və icmal büdcələrinin göstəriciləri təhlil edilib və həmin büdcələrə müvafiq qanunvericiliyə uyğun olaraq dəyişikliklər hazırlanıb: "Dəyişikliklərdə 3 milyard 796 milyon manat məbləğində yeni xərclərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin xərclərin bir sıra prioritet istiqamətlərə, o cümlədən işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə 1 milyard 160 milyon manat, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması üçün 807 milyon manat, infrastruktur və digər layihələrin maliyyə təminatı üçün 1 milyard 184 milyon manat, beynəlxalq fəaliyyət üzrə tədbirlərin maliyyələşdirilməsi və digər zəruri xərclər üzrə 499 milyon manat, zəruri əsaslı xərclər, təmir və sair üçün 146 milyon manat yönəldilməsi nəzərdə tutulur".
Qeyd olunub ki, müəyyən edilmiş prioritet xərclərin maliyyələşdirilməsi üçün müvafiq maliyyə təminatının yaradılması proqnozlaşdırılır: "Belə ki, Dövlət Vergi Xidmətinin xətti ilə 1 milyard 405 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 500 milyon manat əlavə daxilolamalar, Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından 250 milyon manatın dövlət büdcəsinin gəlirlərinə yönəldilməsi, habelə Nəqliyyat Vasitələrinin Utilizasiyası Fonduna 25,0 milyon manat daxilolma proqnozlaşdırılır".
Nəzərə çatdırılıb ki, yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq, 3 milyard 354 milyon manata çatdırılır.
Yenidən baxılacaq 2024-cü il icmal büdcənin əsas parametrlərinə dair bildirilib ki, icmal büdcənin gəlirləri 43 milyard 480 milyon manat, xərcləri isə 45 milyard 592 milyon manat proqnozlaşdırılır. İcmal büdcənin 2 milyard 112 milyon manat kəsirlə proqnozlaşdırıldığı qeyd olunub.
Xəbər lenti
0