CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Varlı insanlara qurban kəsmək vacib buyurulmur - Axund

© Sputnik / Александр КряжевQoyun
Qoyun - Sputnik Azərbaycan, 1920, 06.06.2024
Abunə olmaq
Hacı İlham Səlimov bildirib ki, Qurban kəsilmiş heyvan yaxşı bəslənmiş olmalıdır.
BAKI, 6 iyun — Sputnik. "Qurban bayramında istər imkanllı, istər imkansız insanlara qurban kəsmək məcbur deyil". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov söyləyib.
O bildirib ki, maddi imkanı yaxşı olan şəxslər öz istəklərinə görə qurban kəsə bilərlər. İ.Səlimov Həcc ziyarətinə getmiş insanlara qurban kəsməyin vacib olduğunu bildirib. Deyib ki, hətta nəzir qurbanı belə insanın maddi imkanı aşağıdırsa, onun boynundan götürülür.

"Dinimizdə nəzir və İsmayıl qurbanı var. İsmayıl qurbanı Həcc mərasimində kəsilir. Nəzir qurbanı isə niyyətə görə deyilir və imkan olduqda kəsilir. Həccə gedənlərin İsmayıl qurbanı kəsməsi vacib buyurulur. Əgər həmin şəxs qurbanı kəsə bilmirsə, 3 gün Həccdə, 7 gün isə qayıtdıqdan sonra oruc tutmalıdır. Bu barədə Qurani Kərimdə işarələr var. Amma Qurban bayramında istər imkanlı, istər də imkansız insanlara qurban kəsmək vacib deyil. Sadəcə dinimizdə tövsiyə edilir ki, imkanlı insanlar qurban kəsərək imkansız şəxslərə versin ki, heç olmasa həmin gün sosial bərabərlik yaransın. Çünki, Qurban bayramı həm də sosial yardımlaşmaq, bərabərləşməkdir. Buna dində müstəhəb əməl, bəyənilən əməl deyilir" - İlham Səlimov bildirib.

O deyib ki, əslində qurbanlıq heyvanlar bir yaş və yaş yarımlıq olmalıdır. Qurban kəsilən heyvan yaxşı bəslənmiş heyvan olmalıdır:

"Qoyun var ki, üç illikdir, amma cılızdır, onun qurban kəsilməsi məqsədəuyğun deyil. Qurban kəsilmiş heyvan yaxşı bəslənmiş olmalıdır. İki yaşlı heyvan olarsa, daha yaxşı olar".

Qeyd edək ki, iyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, hər il olduğu kimi məscidlərdə Qurban bayramının namazı qılınacaq:
"Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0