Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İstehlak krediti götürənlərə həyat sığortası da təklif ediləcək - Yeni qaydalar gəldi

© Sputnik / Murad OrujovAzərbaycan manatı
Azərbaycan manatı - Sputnik Azərbaycan, 1920, 06.06.2024
Abunə olmaq
Qaydalar istehlak krediti götürən şəxslərin həyat risklərinə qarşı müdafiəsinin gücləndirilməsinə, istehlakçılarla banklar və sığortaçılar arasında mübahisələrin azaldılmasına, istehlakçıların bu sahədə hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir.
BAKI, 6 iyun — Sputnik. Azərbaycanda fiziki şəxslərə istehlak kreditləri verilərkən həyat sığortası da təklif ediləcək. Yeni tələbə əsasən banklar müştərilərə həyat sığortasını könüllü şəkildə alması ilə bağlı ərizə formasını təqdim edəcək. Müştəri həyat sığortası üzrə lisenziyası olan sığortaçılardan birini sərbəst qaydada seçə biləcək. Başqa sözlə, bank müştərilərinə istehlak kreditlərini təqdim edərkən borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif edəcək. Bununla bağlı Mərkəzi Bank yeni qaydaları təsdiq edib.
Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildiriblər ki, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən fiziki şəxslərə verilən kreditlərin həcminin davamlı artımı kredit götürən fiziki şəxslərin həyat sığortası ilə müdafiəsinin gücləndirilməsini zəruri edib: "Mərkəzi Bank kredit təşkilatları tərəfindən istehlak kreditləri üzrə xidmət olunan fiziki şəxslərin ödəmə qabiliyyəti və onların həyat risklərinə qarşı müdafiəsi məsələlərinə xüsusi həssaslıqla yanaşıb. Bu sahədə tənzimləmə çərçivəsinin inkişafı və nəzarətin gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. İstehlak kreditləri üzrə borcluların həyat risklərinin sığorta mexanizmləri ilə müdafiəsinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq Mərkəzi Bankın təşəbbüsü ilə cari ilin əvvəlində Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyasının birgə fəaliyyəti təşkil olunub. Beləliklə, bu sahə ilə bağlı yeni şərtlər formalaşdırılaraq mövcud tənzimləmə çərçivəsi üzrə təkliflər irəli sürülüb və Mərkəzi Bankla geniş müzakirələr aparılıb".
Bildirilib ki, bu fəaliyyətin yekunu olaraq Mərkəzi Bankın İdarə Heyətinin 16.05.2024-cü il tarixli qərarı ilə "Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları"na və "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"na əlavə və düzəlişlər təsdiq edilib.
"Yeni tələb daha operativ qaydada sığorta hadisəsinin tənzimlənməsinə xidmət edir"
Diqqətə çatdırılıb ki, əlilliyə və ya mövcud əllilik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq imkanlarının pozulması faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub. Qaydalara gətirilmiş yeni tələblərdən biri də borcalanla bağlanmış sığorta müqaviləsinin mövcudluğunu borcalan və ya onun yaxınlarının yoxlamasına imkan verən elektron sistemin qurulması tələbidir. Bu tələb sığortalanmanın mövcudluğunun asanlıqla müəyyən edilməsinə və daha operativ qaydada sığorta hadisəsinin tənzimlənməsinə xidmət edir.
"Həyat sığortası könüllüdür"
Bildirilib ki, yeni tələblərdən biri bank müştərilərinə istehlak kreditlərini təqdim etdiyi zaman ona paralel olaraq borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir: "Yeni tələbə əsasən banklar tərəfindən müştərilərə müvafiq sığorta təminatını könüllü qaydada alması ilə bağlı ərizə forması təqdim ediləcək. Müvafiq ərizə formasına əsasən müştəri həyat sığortası üzrə lisenziyası olan sığortaçılardan birinin xidmətini sərbəst qaydada seçə biləcək".
"İstehlakçıların hüquqlarının müdafiəsi daha da gücləndirilir"
"Mərkəzi Bank tərəfindən təsdiqlənmiş yeni qaydalar istehlak krediti götürən şəxslərin həyat risklərinə qarşı müdafiəsinin gücləndirilməsinə, istehlakçılarla banklar və sığortaçılar arasında mübahisələrin azaldılmasına, istehlakçıların bu sahədə hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir" - məlumatda bildirilib.
Ekspert: "Həyat sığortasının könüllü olması düzgün addımdır"
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, bu addım əlavə sığorta təminatıdır: "İstehlak krediti götürən fiziki şəxslər üçün həyat sığortasının könüllü olması düzgün addımdır və daha yaxşıdır. Vətəndaş özü qərar verməlidir ki, gələcək öhdəliyini sığortalamaq istəyir ya yox. Əgər istehlak krediti götürən vətəndaşlar üçün həyat sığortası məcburi olsaydı, bu, riskləri sığortalamaqla yanaşı, onların xərcini də artıracaqdı. Ona görə də istehlak krediti götürən vətəndaşlar üçün həyat sığortasının könüllü olmasının tərəfdarıyam".
Ekspertin sözlərinə görə, həyat sığortasının təklif edilməsinin kredit faizlərinə təsiri gözlənilmir: "Çünki kredit faizləri əsasən bazarda kreditə olan tələbat və kreditin maya dəyəri əsasında formalaşır".
ABA: Həyat sığortası zaminlik probleminin həll edilməsinə şərait yaradır
"Azərbaycan Banklar Assosiasiyası"nın (ABA) prezidenti Zakir Nuriyev bildirib ki, Azərbaycanda istehlak krediti götürən fiziki şəxslərin həyatının sığortalanması zaminlik probleminin həll edilməsinə şərait yaradır.

"Bu gün sizin həmkarlarınız da sizdən bu və yaxud digər borclarına zamin durmağı xahiş edirlər. Bundan sonra ən sadə yolla deyəcəksiniz ki, həyatını sığortalatdır, rahatlıqla sizə kredit verəcəklər. Bu, vətəndaşlarımızın münasibətlərinin inkişafına təkan verir. Zaminlik məsələsi insanlar arasında kifayət qədər problemli məsələdir. Artıq bu alətlə bu problemi də çözəcəyik. Bununla da insanlar arasında münasibətlərin daha sivil formada qurulmasına şərait yaranacaq", - o, əlavə edib.

© Sputnik / Murad OrujovZakir Nuriyev, arxiv
Председатель Ассоциации банков Азербайджана Закир Нуриев - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Zakir Nuriyev, arxiv
Qeyd edək ki, "Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası" borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığortası üzrə fiziki şəxslərə təqdim edilən sığorta növünün qayda və şərtlərini müəyyən edir.
Hansı şəxslər bu Qaydaya görə sığorta predmeti hesab edilmir?
Bu Qaydaya görə sığorta predmeti kredit müqavilələri üzrə borcalan fiziki şəxslərdir. Sığorta müqaviləsində sığorta təminatı verildiyi hallar istisna olmaqla, aşağıdakı kateqoriyalara aid şəxslər bu Qaydaya görə sığorta predmeti hesab edilmir:
-18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar;
-narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər;
-Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS (qazanılmış immunçatışmazlığı sindromu) olan xəstələr, İİÇV (insanın immunçatışmazlığı virusu) daşıyıcıları olan xəstələr.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0