Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Təcili tibbi yardım avtomobilləri niyə çatışmır? Rəsmi cavab

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub
Prezident İlham Əliyev yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Abunə olmaq
TƏBİB-dən bildirilib ki, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir.
BAKI, 5 iyun — Sputnik. TƏBİB təcili yardım avtomobillərinin çatışmazlığı ilə bağlı iradlara münasibət bildirib. TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədilə TƏBİB-in tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur.
Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında çıxışı zamanı bildirib ki, Bakıda 18 min nəfərə bir ambulans düşür ki, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər.
© Sputnik / Murad OrujovZahid Oruc milli vəkil
Zahid Oruc milli vəkil - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Zahid Oruc milli vəkil
Komitə sədri bildirib ki, Bakıda 139 ambulans fəaliyyət göstərir:

"Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə bir ambulans düşür. Paytaxtda qeyri-rəsmi yaşayanları da buraya əlavə etsək, vəziyyəti təsəvvür etmək çətin deyil. Əhalisi 1,2 milyon nəfər olan Tbilisidə təcili yardım maşınlarının sayı 200-yə yaxındır".

TƏBİB-dən isə sorğumuza cavabda qeyd edilib ki, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
"Respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədilə TƏBİB-in tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur. Məlum olduğu kimi, TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" publik hüquqi şəxsin qismində birləşdirilib", - məlumatda bildirilir.
Qeyd edilib ki, Hazırda restrukturlaşdırma işləri həyata keçirilir. Əvvəllər qeyd olunan müəssisələr üzrə çalışan kadrların yeni Mərkəzin strukturuna uyğun şəkildə yerləşdirilməsi prosesi təmin edilir:

"Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin sistemli şəkildə qurulmasıdır. Mütəmadi olaraq ambulans parkı genişləndirilir və briqadaların sayı artırılır. Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir".

O da vurğulanıb ki, təcili və təxirəsalınmaz tibbi yardım sisteminin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması istiqamətində yeni proqram təminatı hazırlanır:
"Gün ərzində icra olunan çağrışların sayı 2 000-2 500 civarında olur. Onların arasında kifayət qədər sayda əsassız çağırışlar (təxminən 10-15 faiz) da qeydə alınır. Bu tip çağırışlar təcili tibbi yardıma aidiyyəti olmayan müraciətlər olur. Son zamanlar kifayət qədər sayda nəticəsiz çağırışlar da müşahidə olunur. Belə ki, çağırış üzrə ünvana yollanan briqadalar ünvanda təcili yardıma ehtiyacı olan heç kəslə qarşılaşmır, digər halda isə ya yardımdan imtina olunur, ya da həkiməqədər ölüm halı qeydə alınır. Yeni yaşayış məntəqələrinin salınması, ünvansız yaşayış məskənlərinin olması, avtonəqliyyat vasitələrinin sıxlığı ilə müşahidə olunan tıxaclar, yol hərəkəti iştirakçılarının ambulanslara yol verməməsi, çağırışların həddindən artıq çox olması ilə müşahidə olunan hallarda gecikmələrin olması qaçılmazdır. Bəzi hallarda protokol üzrə düzgün icra olunan çağırış da vətəndaşlar tərəfindən gecikmə kimi qiymətləndirilə bilir. Qeyd edək ki, çağırışlar təcili və təxirəsalınmaz olmaqla çeşidlənir, çağırışın növünə və qüvvədə olan protokollara uyğun olaraq icra olunur".
Bildiririk ki, təcili tibbi yardım xidməti - xüsusi hazırlıq keçən mütəxəssislərdən ibarət və müasir tibb avadanlıqları ilə təchiz olunmuş, əhaliyə xəstəxanayaqədər mərhələdə (hadisə yerində və təxliyə zamanı) və tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım göstərən şəbəkədir.
Deputat Fazil Mustafa bildirib ki, təcili yardımın gecikmə səbəbinin əsas səbəbi tıxac problemidir. Millət vəkili təcili yardım avtomobillərinin say azlığının da şikayətlərə səbəb olduğunu söyləyib.

"Amma təcili yardım maşınlarının sayını artırmaqla da problemi həll etmək mümkün olmayacaq. Çünki, günün müəyyən saatlarında təcili yardım avtomobilləri tıxacda qalır. Ona görə də avtomobillərin sayını artırmaq birmənalı olaraq çıxış yolu deyil. Bakı və Abşeronda əhali sayı sürətlə artıdğından yolarda sıxlıq olur. Buna görə də ilk növbədə tıxac probleminə bir çıxış yolu tapılmalıdır. Eyni zamanda da təcili yardım avtomobillərinin sayı artırılmalıdır", - deputat bildirib.

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Fazil Mustafa
F.Mustafa təcili yardım avtomobillərinin yenilənməsinin də günün əsas tələblərindən olduğunu söyləyib.
Məlumat üçün bildirək ki, 2022-ci ildə İcbari Tibbi Sigorta üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycana yeni 65 ədəd təcili tibbi yardım avtomobili gətirilib və bu avtomobillərə 8 milyon manata yaxın vəsait ödənilib. 2020-ci ildən 2022-ci ilin 9 dekabrınadək ümumilikdə 249 təcili tibbi yardım avtomobili alınıb.
Bundan əlavə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ilin yekunlarına dair hesabatında 2023-cü ildə 100 ədəd yeni təcili tibbi yardım avtomobilinin də alındığını bildirib. Beləcə, 3 il ərzində 349 təcili tibbi yardım avtomobili alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0