Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Tarixi biganəlik, ya tarixə biganəlik: kimdir günahkar? - VIDEO

Abunə olmaq
Ərazidəki mövcud mənzərə bu abidələrin əhəmiyyətini azaltmasa da, onları yoxa çıxmaq təhlükəsinin bir addımlığına gətirib çıxarıb.
BAKI, 3 iyun — Sputnik. Azərbaycan ərazisi dünyanın ən qədim yaşayış məntəqələrindəndir. Məhz buna görədir ki, ölkəmizin ərazisini gəzdikcə bəşər sivilizasiyanın müxtəlif inkişaf dövrlərini əhatə edən abidələrlə qarşılaşmaq olar. Elə Abşeron yarımadasındakı abidələr kimi...
Bu gün sizə yazıb, çəkib göstərdiyimiz abidələr tarixi əhəmiyyətinə görə çox qiymətlidir. Sputnik Azərbaycan olaraq Türkan qəsəbəsi ərazisindəki "Kurqan çölü" və "Türkan yaşayış yeri" abidələrini çəkmək üçün yola çıxanda bizi nələrin gözlədiyindən xəbərsiz idik.
Ərazidəki mövcud mənzərə bu abidələrin əhəmiyyətini azaltmasa da, onları yoxa çıxmaq təhlükəsinin bir addımlığına gətirib çıxarıb. Niyə bir addımlıq? Ona görə ki, həmin abidələrin hasarlarının o tayında daş karxanası fəaliyyət göstərir. Ərazinin vaxtında nəzarətə götürülməməsi ucbatından həmin karxanada işləyən ağır texnikalar bilərəkdən və ya bilməyərək abidələrin məhv edilməsinə öz "töhfələrini" veriblər.
Müsahibimiz Faiq Nəsibov bildirir ki, qeyd olunan abidələrin vəziyyəti ilə bağlı müvafiq dövlət qurumlarını məlumatlandırıb. Abidələrdə konservasiya işləri aparılmalıdır. Bura abidələrin qorunması ilə bağlı lövhə vurulmalıdır. Təxminən 20 ildir ki, bu ərazidəki abidələr aşkar edilib. Arxeoloqlar tərəfindən bu kurqanlarda qazıntı işlər aparılıb və bu ərazilər abidələrin yerləşdiyi yer kimi qeydiyyta alınıb. İyirmi il ərzində bu ətrafdakı bir çox abidələr yaxınlıqda fəaliyyət göstərən karxanalar tərəfindən dağıdılıb.

"Nəticədə indi ərazidə sadəcə 3 kurqan və qədim daş yolların bir hissəsi qalıb. Bu abidələri qorumaq üçün ətrafına hasar çəkdirmişəm. Amma bu, abidələrin mühafizəsinin təşkili üçün yetərli deyil. Hər dəfə əraziyə baş çəkəndə abidələrə müdaxilə edildiyinin şahidi oluruq. Vaxtilə bu abidələrin yerləşdiyi əraziyə giriş üçün darvaza qoydurmuşdum, onu da yoxa çıxardılar. Gördüyünüz bu hasarın kənarındakı ərazilər də abidələrin mühafizə zonasına daxildir. Artıq görürük ki, bu yerlərə də müdaxilə olunub və güman edirəm ki, bir müddət sonra bu yerlər də zəbt olunacaq".

© Sputnik / Irade JELILKurqan çölü, Türkan kəndi.
Kurqan çölü, Türkan kəndi. - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Kurqan çölü, Türkan kəndi.
Tədqiqatçımız bildirir ki, hasarın ətrafında fəaliyyət göstərən karxanalar kurqan çölü kimi tanınan ərazidəki bütün abidələri məhv edib:
"Bu kurqanlar dəfn abidəsidir, ətrafında da daşlar yığılıb. Xüsusi formalarda hazırlanıblar. Ərazidəki kurqanlar da görünüş etibarilə bir-birindən fərqlənir və təxmin edilir ki, bu, həmin kurqanlarda dəfn olunan şəxslərin sosial sinifləri ilə bağlıdır. Bu kurqanlar eramızdan III-II minilliyə aiddir. Yəni, azı dörd-beş min il yaşı var. Yəni, bu kurqanlar indiki türbələrin ən sadə formasıdır. Müəyyən forması olan kurqanların bir tərəfində qurbangahlar yerləşir. Bu, özü-özlüyündə o dövrün dəfn adətlərini özündə əks etdirən abidə hesab olunur".
Müsahibimiz bunu da vurğulayır ki, "kurqan" özü türk mənşəli sözdür. Türklər yaşayan ərazilərdə kurqanlara rast gəlmək mümkündür. Bu abidələr də ərazidə o zamanlardan bəri türklərin məskunlaşdığını göstərir.

"Bu abidələr sadə görünüşə malik olduğu üçün bəzən insanlar onun mahiyyətini anlamırlar, elə zənn edirlər ki, bunlar sadəcə daş yığınıdır. Amma bunun mahiyyəti və tarixi əhəmiyyəti çox böyükdür. Ona görə də ilk növbədə bu abidələrin mahiyyətini başa düşmək lazımdır. Onların mühafizəsi memarlıq abidələrindən daha əhəmiyyətlidir".

Tədqiqatçı ərazidəki daş yollar barədə də müfəssəl məlumat verdi. Onun sözlərinə görə, hazırda bu hasarlanmış ərazidəki daş yollarla bağlı müxtəlif təsəvvürlər var.
"Burada gördüyünüz kimi, izlər qayalıqlar üzərindədir. Bu izlərin nəyin nəticəsində yaranması ilə bağlı fikirlər müxtəlifdir. Dünyada bu izlərə daş yollar deyilir. Dünyanın bir neçə yerində buna rast gəlinir, onlardan ən məşhuru Maltadadır. Bu daş yollara görə Maltaya hər il milyonlarla turist üz tutur. Bizdə də Türkan ərazisində bu yollar aşkar edilib. Lakin hazırda onların az bir hissəsi qalıb".
Onun sözlərinə görə, əvvəllər bu cür yollara bütün Türkan ərazisində rast gəlinirdi. Ətrafda daş karxanaları işləyir deyə, bu daş yolları da kəsib doğrayıblar.

"Əldə qalan isə bu yüz metrlik hissədir. Ümumiyyətlə bu abidlərin əhatə etdiyi dövrlə bağlı mübahisələr var. İndiyə kimi bu daş yolların nə üçün düzəldiyini bilənlər yoxdur. Ehtimal etmək olar ki, bu daş yollar da kurqanlarla eyni tarixi dövrə aiddir. Bəzi mənbələr isə onun tunc dövründən də qədimə gedib çıxdığını söyləyirlər. Hazırda bu daş yolların vəziyyəti zibillliyə görə pisdir. Ərazini hasarlamışıq ki, mövcud yollar da məhv edilməsin. Dünyada bu abidələrə turistlər gəlir, bizdə isə zibillik içindədir".

Tədqiqatçı məsələ ilə bağlı təkliflərini də verib və bilirib ki, ilk növbədə ərazidəki abidələrlə bağlı konservasiya işlər aparılmalıdır:
"Daş yolların içərisi təmizlənməli, zədələnmiş daşlar bərpa edilməlidir. Ərazidəki tullantılar təmizlənməlidir. Dövlət Xidməti əraziyə daha tez-tez baxış keçirilməlidir. Burada görüləcək işlərə görə, tək bir qurum məsuliyyət daşımır".
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev Sputnik Azərbaycan-a bildirib ki, vaxtilə qeyd olunan ərazidə tədqiqatlar aparılıb:

"Uzun müddət o ərazidə tikinti işləri getdiyindən tədiqatları dayandırmışdıq. İndi isə ərazidə yenidən tədqiqat işlərini aparmağı planlaşdırırıq. Ərazidə abidələrin qorunması ilə bağlı problemlər var və ilk növbədə bu problemlər həllini tapmalıdır. Bugünkü dövrdə kurqanların daha çox mühafizə olunmasına ehtiyac var. Abidələr müəyyən vaxt çərçivəsində tədqiq olunur. "Bir gündə bütün abidələr qazılıb tədqiq olunmalıdır" deyə bir şey yoxdur. Sadəcə olaraq ilk növbədə həmin abidələrin ciddi şəkildə qorunması təşkil edilməli, ərazidə tikinti işləri aparılmamalıdır. Biz cari ildə ərazidəki tarixi abidələrin tədqiqini bərpa edəcəyik".

© Photo : AMEAAMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev - Sputnik Azərbaycan, 1920, 02.06.2024
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev
Fərhad Quliyev qeyd olunan ərazidə fəaliyyət göstərən daş karxanasının fəaliyyəti nəticəsində tarixi abidələrə ziyan dəydiyindən məlumatlı olduqlarını da qeyd edib:

"Keçən il iki dəfə əraziyə baxış keçirmişik, bizdən başqa Mədəniyyət Nazirliyinin rəsmiləri də ərazidə olublar. Abidələrlə bağlı müəyyən vaxtlarda bizim institutun və Mədəniyyət Nazirliyinin verdiyi rəylər nəzərə alınmayıb. Yekdil mövqeyimiz o olub ki, bu məsələ yenidən gündəmə gətirilməlidir. Həmin abidələrin qeydiyyatı ilə bağlı işlər lazımi qaydada həyata keçirilməyib. Bütün bunlar bir-biri ilə bağlı məsələlərdir. Bizim planımız tədiqatları bərpa etməklə müvafiq qurumların diqqətini ərazidəki vəziyyətə cəlb etməkdir".

"Bu abidələri qorumaq lazımdır. Ölkəmizdə tikinti şirkətləri çox vaxt yeni tikinti sahələrində hər hansı bir tarixi abidələrin öyrənilməsində maraqlı olmurlar. Buna ikinci dərəcəli məsələ kimi baxırlar. Tikinti şirkətləri işləri yaxşı getsin deyə bu məsələlərə biganə yanaşırlar. Abidələrin kəşfi və tədqiqi zamanı müəyyən boşluqlar olub. Mənə elə gəlir ki, lazımi sənədləşmə işləri aparılmayıb və məlumatlar verilməyib. Yaxud da sənədləşdirilsə də, ərazidə çalışanlar buna ciddi yanaşmayıblar. Ciddi industrial işlərin getdiyi ərazilərdə tarixi abidələrin qorunması çox çətindir".
Direktor onu da qeyd edib ki, bu, tək Azərbaycanda belə deyil. İnkişaf gedən şəhərlərdə bu problemlərlə qarşılaşılır.

"Bizim əsas məqsədimiz odur ki, çox qısa zamanda Abşeron abidələrini qorunmasını təmin edəcək bir mexanizm yaradaq. Bütün abidələri qısa zamanda tədqiq etmək olmaz. Daha çox bu abidələrin mühafizəsinin təmin edilməsi tikinti layihələrində əks olunmalıdır" - Fərhad Quliyev qeyd edib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirib ki, "Kurqan çölü" və "Türkan yaşayış yeri" abidələri ölkə əhəmiyyəli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb. Həmçinin həmin ərazidə yeni aşkar olunmuş "Qədim araba yolunun qalıqları" abidəsi də Dövlət Xidməti tərəfindən mühafizə edilir:
© Sputnik / Irade JELILKurqan çölü, Türkan kəndi.
Kurqan çölü, Türkan kəndi. - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Kurqan çölü, Türkan kəndi.

"Abidələrin olduğu əraziyə təhlükə yarada biləcək müdaxilələrin qarşısının alınması üçün abidənin mühafizə zonası dəmir torlarla hasarlanıb. Təəssüf ki, ərazidə abidələrin olduğu və dövlət tərəfindən mühafizə edildiyini göstərən məlumat lövhələrinin dəfələrlə yerləşdirilməsinə baxmayaraq həmin məlumat lövhələri çıxarılıb aparılır. Dövlət Xidməti tərəfindən abidələrin mühafizəsinə nəzarətin gücləndirilməsi üçün aidiyyəti dövlət orqanlarına da müraciətlər edilib".

Dövlət Xidməti eyni zamanda vətəndaşları tarix-mədəniyyət abidələrinin mühafizəsinə, gələcək nəsillərə tam şəkildə çatdırılmasına dəstək göstərməyə, dövlət tərəfindən mühafizə edilən abidələrin qorunub saxlanılmasına həssas yanaşmağa çağırıb.
Sonda onu qeyd edək ki, tarixi abidələrin qorunması, onlara qayğı ilə yanaşılması təkcə dövlət qurumlarının deyil, hər bir iş adamının, vətəndaşın borcudur. Hər hansı biznes və ya sənaye təyinatlı işlərin aparılması minillik tarixi əks etdirən abidələrin qorunmasından daha qiymətli və vacib hesab olunmamalıdır.
Xatırladaq ki, Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanununda aşağıdakılar qeyd olunub:
I fəsil, Maddə 1. Tarix və mədəniyyət abidələrinin qorunması
Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.
Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər.
Göstərilən subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər.
Onu da qeyd edək ki, Cinayət Mcəlləsi 246-cı maddəsində (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) "dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama" iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ümidvarıq ki, həm dövlət qurumları, həm də biznes subyektləri qeyd olunan ərazidəki abidələrin ciddi və etibarlı mühafizəsinin vaxtında təşkilini təmin eəcəklər.
Mövzuya bir daha qayıdacağıq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0