CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: "Möhtəşəm keşbek kampaniyası"na qoşulan şəxsin kartındakı pul oğurlandı

© iStock.com / SitthiphongBank kartı
Bank kartı - Sputnik Azərbaycan, 1920, 31.05.2024
Abunə olmaq
Kibercinayətkarlar tərəfindən kartındakı külli miqdarda pulu oğurlanan İ.Yusifzadə hamını diqqətli olmağa çağırdı.
BAKI, 31 may — Sputnik. Son vaxtlar Azərbaycanda hər gün onlarla kibercinayətkarlıq faktı qeydə alınır.
Sputnik Azərbaycan xəbər verir ki, internet üzərindən oğurluq, dələduzluq və digər cinayət hadisələri əsasən bank kartları vasitəsilə həyata keçirilir.
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, təkcə mayın 29-da ayrı-ayrı vətəndaşların bank kartı məlumatlarını aldadıb almaqla, 23 fakt üzrə polisə müraciət daxil olub. Məbləğlər – 11000, 230, 1300, 500, 300, 23, 480, 385, 1050, 907, 917, 5400, 50, 310, 42, 17, 280, 1042, 364, 1050, 2500, 544, 367 manat təşkil edib.
Kibercinayətin qurbanı olmuş İlham Yusifzadə DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyevin mövzu ilə bağlı sosial şəbəkədəki paylaşımının rəy bölməsində başına gələnlər barədə məlumat verib.
Hər kəsi diqqətli və ehtiyatlı olmağa çağıran İ.Yusifzadə kibercinayətkarların onun kartından 5 600 manat oğurladığını bildirib. O, baş vermiş hadisədə özünü günahkar bildiyini deyib və dələduzların toruna düşdüyünü vurğulayıb.
Yusifzadə başına gələn hadisə barədə skrinləri paylaşmaqla məlumat verib.
Belə ki, ilk olaraq feysbukda onun qarşısına "Kapital Bank" loqosu olan səhifə çıxıb. Bu saxta səhifədə bankın hansısa "möhtəşəm keşbek kampaniyası" keçirdiyi elan olunub.
Tora düşən sosial şəbəkə istifadəçisindən qeyd edilən xanaları doldurmaq tələb edilib.
Bu elanın mötəbərliyinə inanan İ.Yusifzadə tələb olunan bütün məlumatları verib.
Bundan sonra bank kartından pulların çıxarılaraq digər karta köçürülməsi barədə elektron qəbz alıb.
İlham Yusifzadə bildirib ki, onun "Kapital Bank"a sualı yaranıb: "Maraqlı olan budur ki, pulun 50 faizdən artığını nağdlaşdırmağa (? - söhbət pulun kartdan karta köçürülməsindən getmir ki? - red.) icazə verməyən "Kapital Bank" 100% nağlaşdırmaya necə icazə verdi? Pulun köçürüldüyü kart "Kapital Bank" kartıdır".
Törədilmiş bütün cinayət faktları ilə əlaqədar polis tərəfindən araşdırmalar aparılır.
Xatırladaq ki, mayın 13-də ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.
Qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev kibercinayətkarlarla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Bildirib ki, kibercinayətkarlar "O" hərfini böyük hərf, kiçik hərf və ya "0" rəqəmi, "I"-dan "i", yaxud əksinə geniş istifadə edirlər.
Onun sözlərinə görə, bu, ilk baxışdan da anlaşılmır, real URL-dən fərqləndirməyi çətinləşdirir:
"Bunlar fişinq mesajlarda, saxta cəlbedici endirim kampaniyalarının keçid linklərində müşahidə olunur. Fişinq e-poçtlarına və mesajlarına daxil edilən URL-lər sizdən həddən artıq əlavə şəxsi məlumat daxil etməyi xahiş edir. Şəxsi məlumatlarınızı daxil etməyinizi tələb edən pəncərə görünür və arxa fon şəkli real saytla eyni görünür. Aldanmayın!".
Xəbər lenti
0