Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda karbon vergisi tətbiq oluna bilər

© AP Photo / Charlie RiedelTüstü
Tüstü - Sputnik Azərbaycan, 1920, 31.05.2024
Abunə olmaq
Ekspert qeyd edib ki, 2026-cı ildən Avropa İttifaqı bəzi idxal məhsullara sərhəddə karbon vergisi tətbiq edəcəyini bildirib. İstehsal zamanı ekologiyaya ziyan vuran məhsulların idxalına karbon vergisi tətbiq edəcəklər. Aİ-nin bu addımı daha çox Çinə qarşıdır.
BAKI, 31 may — Sputnik. Hazırda Avropa İttifaqı ölkələri, İsveçrə, Böyük Britaniya, Kanada, Yaponiya və Yeni Zelandiya kimi ölkələr öz daxili bazarlarında karbon vergisi tətbiq edir. Azərbaycanda da yaxın gələcəkdə karbon vergisi tətbiq oluna bilər.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib ki, bir çox inkişaf etmiş ölkələrdə karbon emissiyasının atmosferə buraxılmasına görə karbon vergisi tətbiq olunur. Azərbaycanda da bu istiqamətdə yeni qanun layihəsi hazırlanıb və yekun razılaşdırma mərhələsindədir. Əsas məqsəd müəssisələri, atılan emissiyaların azadılmasına və müasir texnologiyaların tətbiqinə investisiyanın qoyulmasına təşviq etməkdir.
Karbon vergisi nədir?

Karbon vergisi ölkələrin atmosferə buraxılan zərərli qaz emissiyalarını azaltmasını hədəfləyən və istehsal prosesində meydana çıxan karbon dioksid emissiyalarını məhdudlaşdıran vasitə kimi tətbiq edilir. Bu təcrübə ətraf mühitə vurulan zərərin dəyərini əks etdirmək və ekoloji cəhətdən təmiz istehsal və istehlak vərdişlərini təşviq etmək üçün edilir. Müəssisə istehsal gücünə və ya emissiya göstəricilərinə görə vergiyə cəlb edilir. Sərhəddə karbon vergisi isə idxal məhsullarına onların karbon tərkibinə və ya istehsal prosesində emissiyalarına görə vergi qoyulmasını təmin edir.

"Hazırda Rusiyada bununla bağlı müzakirələr aparılır"
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu məsələ daha çox Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlıdır:

"Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi mesaj vermək istəyir ki, digər ölkələr də bənzər addımlar atsın. Çünki son zamanlar məhz ekoloji, iqlim dəyişikliyi kontekstindən bu məsələ dünyada çox ciddi müzakirə olunur. Lakin hələ ki, nə ABŞ-də nə Çində karbon vergisinin tətbiqi ilə bağlı qanun qəbul edilməyib. Hazırda Rusiyada bununla bağlı müzakirələr aparılır. Bəzi Avropa ölkələri isə karbon vergisinin tətbiqi ilə bağlı qanunu artıq qəbul edib. Amma Avropada sənayeçilər etiraz ediblər ki, karbon vergisinin tətbiq edilməsi onların mal və məhsullarını bahalaşdıracaq, rəqabətədavamlılığını aşağı salacaq. Avropada sənayeçilərin fikrincə, əgər ABŞ və Çin hələ ki, bunu tətbiq etmirsə, Avropa isə tətbiq edirsə, bu, onları daha zəif vəziyyətə salacaq".

© SputnikNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Natiq Cəfərli
"Bu vergi növünün simvolik, mesaj xarakterli olması daha yaxşı olar"
"İndi Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi bu təkliflə çıxış etməsini anlamaq mümkündür. Amma ölkədə bu vergi növünün simvolik xarakterli, mesaj xarakterli olması daha yaxşı olar. Çünki bu addım bir sıra sənaye müəssisələrinin yaranmasına mənfi təsir göstərə bilər", - ekspert bildirib.
"Avropa İttifaqının bu addımı daha çox Çinə qarşıdır"
O qeyd edib ki, 2026-cı ildən Avropa İttifaqı bəzi idxal məhsullara sərhəddə karbon vergisi tətbiq edəcəyini bildirib:

"İstehsal zamanı ekologiyaya ziyan vuran məhsulların idxalına karbon vergisi tətbiq edəcəklər. Avropa İttifaqının bu addımı daha çox Çinə qarşıdır. Çünki Avropa İttifaqına mal və xidmətlər daha çox Çindən ixrac edilir və Çin mallarının bahalaşması gözlənilir. Yəni Avropa demək istəyir ki, ekoloji təmiz istehsala keçmək lazımdır".

Ekspertin fikrincə, əvvəlcə Çin, Rusiya, ABŞ və digər istehsalı güclü olan ölkələr bu vergi növünü tətbiq etsinlər ki, sonra bunun təsirlərini görüb kiçik ölkələr də eyni addımı atsın.
"Azərbaycanda emissiya olunan karbona görə tariflərin müəyyən edilməsi istisna edilmir"
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib ki, Azərbaycanda emissiya olunan karbona görə tariflərin müəyyən edilməsi istisna edilmir. Onun sözlərinə görə, bu gün ölkəmizdə karbon emissiyası ilə bağlı ayrıca vergilər və ya emissiya ticarət sistemi mövcud deyil. Ancaq nəzərə alınmalıdır ki, 2026-cı ildən Avropa İttifaqı sərhəddə karbon ticarət sistemi tətbiq etməyə başlayacaq. Bu sistemin tətbiqi karbona görə vergi tətbiq etməyən dövlətləri artıq düşünməyə vadar edir.
© AP Photo / Charlie RiedelTüstü
Выбросы из дымовых труб угольной электростанции, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Tüstü
"2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35 faiz azaldılması hədəf kimi götürülüb"
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib ki, Azərbaycan baza ili (1990-cı il) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. Bu il ölkəmiz qlobal miqyasda metan emissiyalarının 30 faiz azaldılmasını hədəfləyən "Qlobal metan vədi" təşəbbüsünə də qoşulub.
"Azərbaycan dekarbonizasiya strategiyası üzərində işləyir"
Onu da əlavə edək ki, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva mediaya açıqlamasında bildirib ki, COP29 çərçivəsində müzakirə ediləcək məsələlərdən biri də dünyada uzlaşmış karbon qiymət qoyma siyasətinin hazırlanması məsələsi olacaq.

"Hazırda Azərbaycan ölkənin dekarbonizasiya strategiyası üzərində işləyir. Bu strategiyada ölkənin metan emissiyasının azaldılmasından tutmuş, özəl sektorun yaşıl layihələrə təşviqi, yaşıl kreditlərin verilməsi, karbon vergisinin tətbiqinə qədər geniş spektr əhatə olunacaq", - o əlavə edib.

Xatırladaq ki, 1991-ci ildə ilk dəfə Finlandiyada tətbiq edilən karbon vergisi daha sonra digər ölkələr tərəfindən də qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0