Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

MİQ imtahanlarının kommersiya tərəfi-Sualları hazırlayan kurslar həm də hazırlıq keçir?

© iStock.com / Chinnapongimtahan
imtahan - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Abunə olmaq
Həmsöhbətimiz bildirib ki, MİQ müsabiqəsi artıq bir neçə ildir ki, biznes layihəyə çevrilib.
BAKI, 30 may — Sputnik. Azərbaycan Təhsil İnstitutu Müəllimlərin İşə Qəbul (MİQ) imtahan imtahan sualları ilə bağlı səsləndirilən ittihamlara cavab verib. İnstitutdan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, MİQ-in sualları əvvəlcədən ictimaiyyətə açıqlanmış qiymətləndirmə çərçivəsi əsasında hazırlanır. Uyğunluğu və etibarlılığı yoxlanılmış qiymətləndirmə sualları bazasından seçilərək imtahan təşkil edilir.
İnstitutdan imtahan suallarının hazırlanması üçün tender keçirilib-keçirilmədiyi, sualları hazırlayan kursların necə seçildiyi barədə sualımız isə cavabsız qaldı.
Qeyd edək ki, son günlər MİQ imtahan suallarının kommersiya məqsədi ilə çətinləşdirdiyi, bunun müəllimləri kütləvi şəkildə MİQ hazırlığı aparan kurslara getməyə vadar etdiyinə dair fikirlər səslənir.
Təhsil eksperti Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında söyləyib ki, MİQ imtahanı sualları bilərəkdən çətinləşdirilir, məzmuna uyğun verilmir. Bütün bunlar kommersiya məqsədi daşıyır. Onun sözlərinə görə, MİQ müsabiqəsi 2011-ci ildən başlayaraq bu günə qədər gəldiyi 14 ildə, kifayət qədər təkmilləşib, populiyarlaşıb. Amma müsabiqə cəmiyyətdə gəzən bir çox neqativ hallar ilə bağlı söz-söhbətlərdən də kənar deyil: "MİQ müsabiqəsinin keçirildiyi 14 ildə müsahibə mərhələsinin meyarları hələ də formalaşmayıb, müsahibə komissiyasının üzvlərinin sübyektiv fikirləri əsasında qiymətləndirmə aparılması nə dərəcədə doğrudur? Eyni vəziyyət sertifikasiyanın müsahibə mərhələsində də müşahidə olunur. İbtidai sinif müəllimlərinin MİQ müsahibəsində illərdir ki, ciddi yanlışlıqlara yol veririk və bunu düzəltmək fikrimiz yoxdur. Ümumitəhsilin, eləcə də təhsilimizin ən vacib səviyyəsi olan ibtidai təhsil səviyyəsində həlledici şəxs olan ibtidai sinif müəllimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları"nın 9.2-ci bəndində göstərilmiş 9 fəndən 7-sini tədris etdiyi halda biz onları cəmi 2 fəndən ( tədris dili və riyaziyyatdan) imtahan edirik".
O qeyd edib ki, MİQ imtahanında səhv sualların olması əvvəllər tək-tək hallarda rast gəlinirdisə, son illərdə bu sayda artım var:"Hətta keçən il MİQ suallarında sızma da oldu. Yəni sualların bir çoxu, bu sualları hazırlayan kurs tərəfindən "nümunə" sual kimi öncədən açıqlandı. Düzdür, həmin kurs bunu texniki səhv olaraq etiraf etsə də , artıq cəmiyyətə lazım olan mesaj verilmişdi. Həmin mesaj bundan ibarət idi ki, "MİQ suallarını biz hazırlayırıq- MİQ və Sertifikasiyaya hazırlıq zamanı bizi seçin" . Plan baş tutdu və həmin kursa müraciət edənlərin sayı artdı. Nəticədə 34 şöbədən ibarət olan, Azərbaycan Respublikasının Təhsil Institutunun deyil, MİQ hazırlığı ilə məşğul olan bir kursun sualları hazırlaması açıq-aydın ortaya çıxdı".
Həmsöhbətimiz bildirib ki, MİQ müsabiqəsi artıq bir neçə ildir ki, biznes layihəyə çevrilib. Belə ki, Pedaqoji sahədə kadr hazırlayan ali təhsil müəssələrinin bakalaviriat səviyyəsində 240 kreditlə müəyyən olunan kadr hazırlığı həyata keçirilir.
"Yəni, ömrünü müəllimliyə həsr etmək istəyən Azərbaycan gənci 4 il həmin 240 kredit əsasında bilik və bacarıqlara yiyələnir, bakalavr səviyyəsi üzrə diplom alaraq əmək fəaliyyətinə başlamaq üçün MİQ müsabiqəsinə sənəd verir. Müsabiqədə isə onu satışı rekord qıran, əl-əl axtarılan məlum bir kitabda hər il yenilənən suallar gözləyir.Bu proses biznes deyil, bəs nədir? Biz ölkədə ən vacib müsabiqənin üzərində qurulan bu oyunun qarşısını ala bilmirik və ya niyə almaq istəmirik?", - Elşən Qafarov söyləyib.
Müəllimlər də MİQ imtahanlarının onlara elə də ucuz başa gəlmədiyini, sualların il-ildən qəlizləşdirildiyini, buna görə məcburən kurslara getməli olduqlarını söylədilər.
İradə Nəzərova adlı müəllim Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, MİQ imtahanına hazırlıq 150 manata başa gəlir. Müəllimlər məcbur olur ki, kurslara yazılaraq imtahana hazırlaşsınlar.
Xəbər lenti
0