Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın siqaret ixracı kəskin artıb - Hansı ölkələrə satırıq?

© AFP 2024 / FRANK PERRYTütün zavodu
Tütün zavodu - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Abunə olmaq
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin ilk rübündə Azərbaycanda siqaret istehsalı illik müqayisədə 5,4 faiz artıb.
BAKI, 30 may — Sputnik. Azərbaycanın siqaret ixracı kəskin artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin birinci rübündə Azərbaycandan 4 milyon dollar dəyərində 298,63 milyon ədəd siqaret ixrac edilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 9,7 dəfə, miqdar baxımından isə 5,2 dəfə çoxdur.
2024-cü ilin birinci rübündə Azərbaycan hansı ölkələrə siqaret ixrac edib?
-Gürcüstana 210,06 milyon ədəd,
-Qırğızıstana 35,51 milyon ədəd,
-Omana 18 milyon ədəd,
-Belarusa 11,5 milyon ədəd,
-İraqa 10 milyon ədəd,
-Birləşmiş Ərəb Əmirliklərinə 10 milyon ədəd.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin ilk rübündə Azərbaycanda siqaret istehsalı illik müqayisədə 5,4 faiz artıb.
Qanuna dəyişiklik edilir...
Hazırda ölkədə "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyatı aparılacaq və bu sahədə fəaliyyət göstərənlərin qarşısına yeni tələblər qoyulacaq. Qeydiyyata alınmayanlara idxal və istehsal qadağan ediləcək. "Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişiklikdə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiq edilməsi, bu məqsədlə tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması nəzərdə tutulub.
"Düzəlişlər ixracın artırılmasına imkan yaradacaq"
Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, dəyişikliklər Azərbaycan Prezidentinin "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 2023-cü il 7 fevral tarixli Sərəncamından irəli gələn tələbləri özündə ehtiva edir: "Bu dəyişikliklər əhalinin sağlamlığının müdafiəsinin təmin edilməsinə, sanitar-gigiyena normalarına əməl olunmasına, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına yönəlib. Düzəlişlər rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına, istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına, yerli xammaldan istifadənin genişləndirilməsinə imkan yaradacaq".
Niyə icazə sistemi tətbiq ediləcək?
Komitə sədri qeyd edib ki, icazə sisteminin tətbiqi bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, əhalinin sağlamlığının müdafiəsinin təmin edilməsinə, istehsalın və dövriyyənin tənzimlənməsinə xidmət edəcək.
Azərbaycan tütün tələbatını daxili istehsalla təmin edib
Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov deyib ki, ötən il 15,3 milyard ədəd siqaret istehsal olunub: "Azərbaycanda ümumi istehlakın 98 faizi yerli istehsalla, 2 faizi xaricdən idxalla təmin olunub. İdarə rəisi qeyd edib ki, hazırda Azərbaycanda yüksək keyfiyyətli tütünlər əkilir. İxrac potensialının böyüdülməsi üçün bu qanunda tələblər qoyulub. Öz daxili istehsalımızı artıq təmin etmişik.
Xatırladaq ki, mayın 24-də parlamentdə "Tütün və tütün məmulatı haqqında" qanunda dəyişiklik üçüncü oxunuşda qəbul edilib.
Əlavə edək ki, Prezident İlham Əliyev 2023-cü il fevralın 7-də "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Sərəncam imzalayıb. Məqsəd tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, qanunla müəyyən edilmiş dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir.
Xəbər lenti
0