CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Halal sertifikatı hansı qidalara veriləcək?

Kolbasa - Sputnik Azərbaycan, 1920, 29.05.2024
Abunə olmaq
Məhsəti Hüseynova deyib ki, analizlər aparıldıqda halal qidalarda zidd qatqılar aşkarlanmamalıdır
BAKI, 29 may — Sputnik. Əgər qidaların üzərində halal sözündən istifadə olunursa, bu, həmin məhsulların islam dininə uyğun şəkildə istehsal olunduğunu, onların istehsal prosesində dinlə qadağa olunmamış məhsullardan istifadə edildiyini göstərir.
Bunu Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
O qeyd edib ki, xüsusilə ət kəsimindən başlayaraq sanitariya gigiyena qaydaları, kəsim, saxlanma, satış prosesində halallıq qaydalarına əməl edilməlidir:

"İstehsalçı şirkətlər bunlara diqqət etməlidirlər. Halal sertifikatı alanlar bu amilləri əsas tutmalıdırlar. Ən əsas şərt qidaya donuz əti və donuzdan alınan qatqıların qatılmamasıdır. Bundan başqa məhsulların hazırlanmasında qandan və yarımfabrikantlardan istifadə edilməməlidir. Həmçinin qida istehsalı qanunvericiliyə uyğun aparılmalıdır. Analizlər aparıldıqda halal qidada zidd qatqılar aşkarlanmamalıdır".

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) halal sertifikatlaşdırma prosesinə başlayıb. Bu barədə Sputnik Azərbaycan-a AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İnstitutda sertifikatlaşdırma ilə bağlı yaradılan komitələrin üzvləri ilə görüş keçirilib.
AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev bildirib ki, İnstitut tərəfindən halal sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir.
© Photo : social page of Mehseti HuseynovaQida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova - Sputnik Azərbaycan, 1920, 29.05.2024
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova
Həmçinin qeyd edilib ki, İnstitutun "HALAL" uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən müəyyən edilmiş beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna (HAK) müraciət edilib.
Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq "Səhliyalı" Kiçik Müəssisəsində "OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər" standartı üzrə sertifikatlaşdırma prosesi ilə bağlı audit həyata keçirilib.
Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, İnstitut tərəfindən halal sertifikatlaşdırma prosesi dörd kateqoriya üzrə aparılacaq. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, qanadlı heyvanların kəsimi, süd və süd məhsulları, eyni zamanda, emal edilmiş məhsullar üzrə təşkil ediləcək. Sertifikatlaşdırma prosesi bir neçə mərhələdən ibarətdir. İlkin olaraq müraciət mərhələsində sertifikatı əldə etmək istəyən qida subyektləri halal qidaya dair ümumi tələblər üzrə uyğunluğu təsdiq edən sənədləri təqdim edəcəklər. Həmin sənədlər sertifikatlaşdırma orqanının əməkdaşları tərəfindən yoxlanılacaq. Sənədlər uyğun hesab edildikdə, artıq müvafiq subyektlərdə yerində audit prosesi həyata keçiriləcək. Audit komandası texniki ekspertlərdən, auditorlardan, eyni zamanda, İslam mütəxəssislərindən ibarətdir.
© Sputnik Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova
 Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova  - Sputnik Azərbaycan, 1920, 29.05.2024
Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Sertifikatlaşma şöbəsi hal-hazırda “HALAL” sertifikatlaşma istiqamətində beynəlxalq qurumların tələbləri üzrə akkreditasiya olunma mərhələsindədir. Məqsəd bu sahədə beynəlxalq akkreditə olunmuş qurumlar tərəfindən tanınan və “HALAL” qaydalara söykənən qiymətləndirmə və sertifikatlaşdırma fəaliyyətlərini həyata keçirməkdir. Bu baxımdan Azərbaycan Qida Təhlükəsizliyi İnsitutu tərəfindən təqdim ediləcək sertifikatların beynəlxalq səviyyədə tanınması mümkün olacaqdır.
HALAL məhsulları istehsal edən müəssisələrə tələblər OIC/SMIIC-1:2019 “HALAL Qida üzrə tələblər” standartı üzrə tənzimlənir. Bu standart özündə İslami qaydaları, ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə tələbləri və qida təhlükəsizliyi üzrə tələbləri əhatə edir.
Qeyd edək ki, müraciət prosesinin asanlaşdırılması məqsədilə artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun veb-saytında təkmilləşdirilmə işlərinə start verilib. Belə ki, innovativ həllərin tətbiq olunması ilə qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılacaq. Veb-sayta əlavə edilən müvafiq bölmədə qiymət siyasəti, müraciət qaydaları, eyni zamanda, halal qidaya dair ümumi tələblər barədə məlumatlar ətraflı şəkildə öz əksini tapacaq.
Xəbər lenti
0