Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri artırılır

© Sputnik / Murad OrujovAzərbaycan Ordusunun hərbi texnikası
Azərbaycan Ordusunun hərbi texnikası - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Abunə olmaq
Sənədə əsasən, Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 6,4 milyard manatdan 7,1 milyard manata çatdırılması nəzərdə tutulub.
BAKI, 27 may — Sputnik. Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 11 faiz artırılır. Bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 6,4 milyard manatdan 7,1 milyard manata çatdırılması nəzərdə tutulur.
Beləliklə, müdafiə və milli təhlükəsizlik xərcləri 705,3 milyon manat (11 faiz çox) artırılır.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillərdəndir.
Qeyd edək ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsinə dəyişiklik edilir. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini Milli Məclisə təqdim edib.
Maliyyə Nazirliyinin məlumatında deyilir ki, yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36,3 milyard manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,1 milyard manat və ya 6,4 faiz çoxdur.
2024-cü il dövlət büdcəsində xərclər 39,7 milyard manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,9 milyard manat və ya 8 faiz çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0