CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: Lüksemburq parlament sədri Gukasyan, Sahakyan, Babayanın taleyindən narahatdır

© Sputnik / Murad OrujovMilli Məclis, arxiv
Milli Məclis, arxiv - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Abunə olmaq
Deputat bildirib ki, Lüksemburq parlamentinin sədrinin söylədiyi fikirlər təxribatçı və qərəzli, bölücü mahiyyəti ilə yanaşı, həm də siyasi cəhətdən savadsız, geosiyasi situasiyanın diqtə etdiyi reallığa ziddir.
BAKI, 24 may — Sputnik. "Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vislerin İrəvanda Ermənistan parlamentində səsləndirdiyi təxribatçı bəyanatla hər birimiz tanışıq. Milli Məclis bu bəyanata artıq rəsmi münasibətini bildirib, onun qərəzli və absurd fikirləri pislənilib və tutarlı arqumentlərlə cavablandırılıb". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elnur Allahverdiyev deyib.
Onun sözlərinə görə, Lüksemburq parlamentinin sədrinin söylədiyi fikirlər təxribatçı və qərəzli, bölücü mahiyyəti ilə yanaşı, həm də siyasi cəhətdən savadsız, geosiyasi situasiyanın diqtə etdiyi reallığa və Ermənistanla Azərbaycan arasında davam edən sülh gündəminin hazırki durumuna ziddir.
Deputat bildirib ki, Klod Visler bu bəyanatı ilə mövcud reallıqdan nə qədər uzaq və məlumatsız olduğunu biruzə verməklə, əslində özü-özünü yumşaq desək biabır edib:

"Əlbəttə, biz Azərbaycanda Lüksemburq kimi dünya siyasətində heç bir rolu olmayan bir dövlətin rəsmilərinin ölkəmizə qarşı qərəzinin haradan, daha doğrusu, hansı digər dövlətdən qaynaqlandığını yaxşı bilirik və Klod Visler kimilərinin həyəcanını başa düşürük. 2020-ci ilin 44 günlük müharibəsində və ötənilki antiterror əməliyyatındakı hərbi qələbələrimizdən sonra onlarla Vislerəbənzər Qərbli, avropalı, əsasən də fransalı siyasət adamlarının Ermənistana gəlib özlərini gülünc vəziyyətə qoyduqlarının şahidi olmuşuq. Onlar nəyə təsir edə biliblər ki, Klod Visler də bu "uğur"u təkrarlaya bilsin?"

O bildirib ki, bununla belə, yaxşı olardı ki, Lüksemburqun parlament sədri belə məsuliyyətsiz çıxışlar etmədən öncə ona verilən konspektlərdəki məlumatları dəqiqləşdirsin:
"Məsələn, Azərbaycan tərəfindən həbs edilən canilərin kimliklərinə dair ətraflı və obyektiv informasiya almağa çalışsın, onların insanlığa və bəşəriyyətə qarşı cinayət əməlləri barədə məlumatlı olsun. Vislerin bilməsi yaxşı olar ki, o şəxslərin 30 il öncə qətl edikləri azərbaycanlı qadın, uşaq, yaşlı insanların qalıqlarını biz indi tapıb üzə çıxarır, onillərdir gözü yaşlı qalmış ailələrinə təhvil veririk ki, dinimizə uyğun dəfn edilsinlər. Görəsən, Klod Vislerin təmsil etdiyi ölkənin vətəndaşlarına qarşı belə amansızlıqlar etmiş canilərə münasibəti necə olar? Başqa bir dövlətin rəsmisi onlara "azadlıq" tələb edəndə bu, Vislerin ürəyincə olarmı?".

"Belə çıxır ki, Ermənistan dövləti və rəsmiləri sözügedən canilərin mahiyyətinə bələddir deyə, onlarla bağlı bir kəlmə belə danışmır, ancaq uzaq və kiçik Lüksemburqun parlament sədri Gukasyanın, Sahakyanın, Babayanın və başqalarının taleyindən narahatdır. Lüksemburq parlamentində təmsil olunan Visler və onun kimi şəxslərin əsil ədalətin nə olduğundan xəbərləri varmı?" - deputat əlavə edib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun "prezidentləri" olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb.
Qeyd olunub ki, istintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.
Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.
Hazırda DTX İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0