Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub

© Iranian Presidency Office via APİran Prezidenti
İran Prezidenti - Sputnik Azərbaycan, 1920, 20.05.2024
Abunə olmaq
Yeni seçkilərə qədər Rəisinin vəzifəsini İranın birinci vitse-prezidenti Məhəmməd Mohber icra edəcək.
BAKI, 20 may - Sputnik. İran Prezidenti İbrahim Rəisinin də olduğu helikopterdəki heyət qəzadan sonra anındaca həlak olublar.
“Report” xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
***
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olanların meyitləri Təbrizə göndərilib.
Bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Axtarış əməliyyatlarının başa çatdığı bildirilir.
***
İran hökuməti prezidentin ölümündən sonra fövqəladə iclas keçirir.
İRNA-nın yaydığı məlumata görə, iclasda qəza vəziyyəti və bundan sonra görüləcək tədbirlər müzakirə edilir.
İranın birinci vitse-prezidenti Məhəmməd Mohber xüsusi şura tərəfindən təşkil olunacaq yeni prezident seçkilərinə qədər 50 gün müddətində Rəisinin vəzifəsini icra edəcək.
***
İran Prezidenti İbrahim Rəisinin bu ölkənin şimal-qərbində qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərinin şəxsiyyətinin müəyyən edilməsi proseduruna başlanılıb.
"Tasnim" agentliyinin yaydığı məlumata görə, qəza yerində cəsədlərin tanınması istiqamətində işlər aparılır.
Xatırladaq ki, daha əvvəl İran Prezidenti İbrahim Rəisinin helikopterində olan bütün sərnişinlər və ekipaj üzvlərinin qəza nəticəsində həlak olduğu barədə məlumat verilmişdi.
***
İranın rəsmi dövlət radiosu və televiziyası İran prezidenti İbrahim Rəisi və onu daşıyan helikopterin göyərtəsindəki rəsmi şəxslərin həlak olduğunu açıqlayıb.
Mehr agentliyinin məlumatına görə, İmam Rza türbəsində prezidentin şəhid olduğu xalqa açıqlanır.
İbrahim Rəisinin "X" hesabında onun ölümü ilə bağlı belə bir paylaşım edilib:
"Yaxşılıq edənlər belə mükafatlandırılır"

***
İranın “Mehr” agentliyi İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin bütün sərnişinlərinin həlak olduğunu bildirib.
Agentlik helikopter qəzasında həlak olanların adlarını da açıqlayıb:

- Ayətullah Seyid İbrahim Rəisi
- Ayətullah Seyid Məhəmməd Əli Əl-Haşim
- Doktor Hüseyn Əmir Abdullahiyan
- Doktor Malik Rəhməti
- Sərdar Seyid Mehdi Musəvi
- Ənsar əl-Mehdi Korpusu (şəxsiyyəti məlum deyil)
- Pilot (naməlum)
- Pilot köməkçisi ( naməlum)
- Kruçev (naməlum)
İranda prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərinin şəxsiyyətinin müəyyən edilməsi prosesinə başlanılıb.
***
Azərbaycandan səfərdən qayıdan İran prezidenti İbrahim Rəisi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və nümayəndə heyətinin bütün digər üzvləri helikopter qəzasında həlak olublar.
Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
"İran prezidenti və onu müşayiət edən şəxslər helikopterdə baş verən qəzada həlak olublar... Ölkəmizin prezidenti İbrahim Rəisi İranın şimal-qərbindəki dağlıq bölgədə helikopterin qəzaya uğraması nəticəsində həlak olub. Ölənlər arasında xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da var” - agentliyin məlumatında ​deyilir.
Qeyd olunur ki, qəzaya uğramış helikopterdə İran prezidenti ilə yanaşı İran Xarici İşlər Nazirliyinin rəhbəri Əmir Abdullahiyan, Təbrizin imamı Məhəmməd Əli əl-Həşim, Şərqi Azərbaycan vilayətinin rəhbəri Malik Rəhməti, helikopter ekipajı və bir təhlükəsizlik zabiti də olub.
***
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.
Bu barədə TASS İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivandın bildirdiyini xəbər verib.
“Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib” - o, deyib.
"Reuters" agentliyi isə adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb.
"İran Prezidenti Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb" - mənbə bildirib.
***
Türkiyənin AKINCI pilotsuz uçan aparatı (PUA) bazar ertəsi səhər saatlarında İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qalıqları olduğu ehtimal edilən mənbəni müəyyən edib və onun koordinatlarını İran hökuməti ilə bölüşüb.
Bu barədə məlumatı Türkiyənin Anadolu Agentliyi yayıb.
Qeyd edək ki, Rəisini daşıyan helikopter qəzaya uğradıqdan sonra Türkiyə Milli Müdafiə Nazirliyi axtarış fəaliyyətlərində iştirak etmək üçün AKINCI PUA və gecəgörmə qabiliyyətinə malik "Cougar" tipli helikopter təyin edib.
19.05.24, 23:56
İranın vitse-prezidenti Möhsün Mənsuri bildirib ki, helikopter sərt eniş etdikdən sonra onu müşayiət edən digər iki helikopter İran prezidenti İbrahim Rəisinin olduğu helikopterlə bir neçə dəfə əlaqə saxlayıb.
İRNA-nın yaydığı məlumata görə, eyni zamanda, İran vitse-prezidenti qeyd edib ki, “görünür, bu, ciddi qəza deyil”.
"Nümayəndə heyəti üç helikopterlə uçub, lakin prezidenti daşıyan helikopterlə digər iki helikopter arasında əlaqə kəsilib" - Mənsuri bildirib.
Onun sözlərinə görə, digər iki helikopter itkin düşən helikopteri axtarmağa başlayıb.
“Helikopter sərnişinlərindən birinin ekipajla əlaqə saxlaması fəlakətin dərəcəsinin çox da ciddi olmadığını göstərir, Qırmızı Aypara və ordunun xilasetmə qrupları dərhal fövqəladə hadisə yerinə göndərilib” - vitse-prezident əlavə edib.
***
Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib.
Bu sözləri IRNA-ya SEPAH-ın ərazi üzrə komandanı Əsgər Abbasquluzadə deyib.
"Bir neçə dəqiqə əvvəl helikopterdə olan ekipaj üzvlərindən birinin mobil telefonundan siqnal daxil olub. Hazırda biz bütün qüvvələrlə sözügedən bölgəyə yola düşürük" - deyə o, bildirib.
***
İran Prezidenti İbrahim Rəisi və onu müşayət edən şəxsləri daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.
Bu barədə İranın IRNA Agentliyi qəza yerinin ətrafındakı kəndlərin sakinlərinə istinadən məlumat yayıb.
Sakinlər deyiblər ki, onlar bu ərazidən səslər eşidiblər.
Əraziyə pilotsuz uçuş aparatları və axtarış itləri də daxil olmaqla, tam avadanlıqla təchiz olunmuş 20-dən çox xilasetmə qrupu göndərilib.
Onlarla yanaşı, ərazidə axtarış əməliyyatlarına kömək etmək üçün silahlı qüvvələrin gözətçi qrupları və xüsusi təyinatlıları da iştirak edir.
Ərazinin mürəkkəbliyi, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də ərazidə qatı duman olması səbəbindən axtarış-xilasetmə işləri çətinləşib.
***
Saat 19:06
Vitse-prezidentin başçılıq etdiyi İran hökumətinin nümayəndə heyəti Rəisi helikopterinin sərt eniş etdiyi yerə gedib.
17:45
KİV: İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb
Helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıb.
Bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, onlar avtomobillə Təbrizə yola düşüblər.
***
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.
Bu barədə İran mediası məlumat yayıb.
Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.
Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.
İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.
***
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.
Bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.
Vurğulanıb ki, “prezident helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb”.
Məlumata görə, sözügedən hava gəmisinin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub.
Xəbər lenti
0