ELM

"Müştərilər şəxsi məlumatlarını kiberdələduzlara ötürəndə problemi həll etmək olmur"

© Depositphotos.com / Gorodenkoff Haker, arxiv
Haker, arxiv - Sputnik Azərbaycan, 1920, 17.05.2024
Abunə olmaq
"Kapital Bank"ın İdarə Heyətinin sədri bildirib ki, 2023-cü il üzrə 4 min müştəri şikayəti daxil olub. Bunun 70%-i müştərilərin xeyrinə həll edilib. Bank təhlükəsizlik sistemlərini gücləndirib.
BAKI, 17 may — Sputnik. "Kapital Bank"a müraciətlərin 70%-i müştərilərin xeyrinə həll edilib.
Bunu 2023-cü ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında "Kapital Bank"ın İdarə Heyətinin sədri, baş icraçı direktor Fərid Hüseynov deyib.
O bildirib ki, 2023-cü il üzrə 4 min müştəri şikayəti daxil olub: "Bunun 70%-i müştərilərin xeyrinə həll edilib. Bank təhlükəsizlik sistemlərini gücləndirib. Amma təəssüf ki, müştərilər şəxsi məlumatlarını kiberdələduzlara ötürdüyü zaman problemi həll etmək olmur".
Fərid Hüseynov əlavə edib ki, ötən il bank 400 min şübhəli əməliyyat qeydə alıb. Daha sonra bunun 20%-i həqiqi əməliyyat olduğu üçün təsdiq edilib.
"Azərbaycanda kibertalamaya məruz qalma riskləri artıb" - DİN rəsmisi xəbərdarlıq etdi
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev vətəndaşların sosial şəbəkələrdə məruz qaldığı dələduzluq halları ilə bağlı suallara aydınlıq gətirib və vətəndaşlara müraciət edib, faktları sadalayıb.
"Vətəndaşlar, dayanın! Kibertalamaya məruz qalma riskləri gündən-günə artır! Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın. Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb. Şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməyin. Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın" - müraciətdə bildirilir.
O vurğulayıb ki, kibercinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub. Təkcə mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.
"Faktların təhlili göstərir ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb" - DİN rəsmisi əlavə edib.
Xəbər lenti
0