DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan parlamenti səs-küylü qanunu qəbul etdi: Ölkə çalxalanır - VİDEO

© AFP 2024 / VANO SHLAMOVGürcüstan parlamenti
Gürcüstan parlamenti - Sputnik Azərbaycan, 1920, 14.05.2024
Abunə olmaq
Müxalifət deputatları hakim partiyanı onlara iclasda iştirak etmək imkanı verməməkdə ittiham ediblər.
BAKI, 14 may — Sputnik. Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Bu qanunun qəbulu etirazlar fonunda baş tutub. 84 deputat qanunun lehinə, 30-u isə əleyhinə səs verib. Nə kütləvi etirazlar və nə parlamentdə deputatlar arasında davalar qanunun qəbuluna mane ola bilməyib.
Qanun layihəsinə əsasən, büdcəsinin 20 faizdən çoxu ölkə xaricindən formalaşan qeyri-kommersiya təşkilatları "xarici qüvvələrin nüfuzunu həyata keçirən təşkilat" kimi reyestrdən keçməli, hər il maliyyə hesabatı təqdim etməlidir.
Qanunu pozan təşkilatların 25 min lariyədək cərimələnməsi nəzərdə tutulur.
Ölkə prezidenti Salome Zurabişvili daha öncə qanun qəbul olunacağı təqdirdə ona veto tətbiq edəcəyini açıqlayıb.
13.05.24, 12:26
Gürcüstan parlamentinin Hüquq Komitəsi bir aya yaxındır genişmiqyaslı etirazlara səbəb olan "Xarici təsirin şəffaflığı haqqında" səs-küylü qanun layihəsinə baxıb və üçüncü oxunuşda qəbul edib.
İclas parlamentin ətrafında səs-küylü etiraz aksiyası fonunda baş tutub.
Etirazçılar vaxtaşırı "kölələr" şüarları səsləndirir və deputatlardan "Rusiya qanunu" adlandırdıqları qanun layihəsini geri götürməyi tələb edirlər. Aksiyada müxalifətçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar və qanun layihəsinin digər əleyhdarları iştirak edirlər.
Müxalifət deputatları hakim partiyanı onlara iclasda iştirak etmək imkanı verməməkdə ittiham ediblər. Hüquq komitəsinin rəhbəri Anri Oxanaşvili də öz növbəsində bildirib ki, iclas saat 09:00-a təyin edilib və müxalifətçi deputatlar bilərəkdən zala daxil olmayıblar və parlamentdəki vəziyyəti telefon kameraları ilə lentə alıblar.
Aprelin 15-dən Tbilisidə mübahisəli qanun layihəsinə qarşı etirazlar keçirilir. Aprelin 30-da və mayın 1-də onun ikinci oxunuşda baxıldığı günlərdə nümayişlər qarşısıalınmaz xarakter alıb. İğtişaşlar zamanı nümayişçilər polisə və parlament binasına daş, butulka və tüstü bombaları atıb, polis gözyaşardıcı qaz, su şırnaqlarından istifadə edib.
01.05.24, 20:23
Əlbəyaxa davadan sonra Gürcüstan parlamenti qalmaqallı qanunu II oxunuşda qəbul edib
Gürcüstan parlamenti tərəfindən "Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Onun lehinə 83, əleyhinə 23 deputat səs verib.
İki həftə ərzində qanun layihəsi yekun oxunuşda qəbul ediləcək və dörd həftə ərzində prezidentin vetosu ləğv ediləcək.
***
Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirəsinin davam etdiriləcəyi plenar iclas başlamazdan əvvəl müxalifət nümayəndələri ilə parlament çoxluğu arasında dava düşüb. Hadisənin görüntülərini "Mtavari Arxi" telekanalı yayıb.
Məlumata görə, insident müxalifətin hazırkı hakimiyyəti xüsusi təyinatlıların iştirakı ilə baş vermiş insidentdə ittiham etməsi ilə başlayıb. Ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının rəhbəri Levan Xabeişvili bir gün əvvəl etiraz aksiyası zamanı yaralanıb. İttihamlar güc strukturlarının hərəkətlərini dəstəkləyən hakim "Gürcü arzusu" partiyasının nümayəndələrinin narazılığına səbəb olub. Söz davası əlbəyaxa davaya çevrilib.
Qeyd edək ki, ötən gün Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Rustaveli prospektində keçirilən aksiyada 63 nəfəri xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələblərinə tabe olmadıqları üçün saxlayıblar. Gürcüstan DİN-in məlumatına görə, aksiyada etirazçıların zorakı hərəkətləri nəticəsində 6 polis əməkdaşı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Xəbər lenti
0