CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Faşistləri lərzəyə salan "Mixaylo" - maraqlı faktlar

© Sputnik / Murad OrujovMehdi Hüseynzadənin abidəsi, arxiv
Mehdi Hüseynzadənin abidəsi, arxiv - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Abunə olmaq
Faşizm üzərində qələbənin əldə olunmasında fədakarcasına vuruşaraq canını qurban vermiş minlərlə azərbaycanlıdan biri, cəsarəti və ağlı ilə alman faşistlərinə qan udduran Mehdi Hüseynzadə barədə.
BAKI, 9 may — Sputnik. Böyük Vətən Müharibəsinin unudulmaz qəhrəmanlarından olan əfsanəvi azərbaycanlı, partizan "Mixaylo" - Mehdi Hüseynzadə barədə çoxmu məlumatlısınız? Gəlin testlə yoxlayaq.
1 dan 7
Bu film Mehdi Hüseynzadənin döyüş yolunu əks etdirməyib:

Rəssam, müəllim, əsgər Mehdi

Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. Atası Hənifə Hüseynov "Hümmət" təşkilatının üzvü olub, Azərbaycanda Sovet rejiminin qurulması üçün çalışan fəal döyüşçülərdən idi. Daha sonra o, Azərbaycan milisinin rəisi olmuş, ölkə ərazisində banditizmə qarşı mübarizə aparmış, həyatının sonlarına yaxın Bakı Sovetinin inzibati şöbəsinin müdiri olmuşdu. Erkən yaşda atasını itirən Mehdini əvvəl anası, sonra isə bibisi böyüdüb.
1925-ci ildə o, yazıçı Süleyman Sani Axundovun direktoru olduğu 77 saylı natamam (7 illik) orta məktəbə (sonradan 19 saylı orta məktəb olmuşdur) daxil olur. 1932-ci ildə isə o, orta məktəbi bitirərək Bakı Rəssamlıq məktəbinə qəbul edilir. 1936-cı ildə buranı bitirir. Onun diplom işinin mövzusu Qırmızı Ordu əsgərlərinin həyatı barədə idi və o bu rəsmini “Qırmızı Ordu əsgərləri düşərgələrdə” adlandırıb. Məktəbi bitirdikdən sonra Mehdi Suraxanıda ibtidai məktəblərdən birinə müəllim kimi göndərilib. O, burada bir neçə ay işləyib. Bununla yanaşı, o, Abbas Səhhət adına kitabxanada oxu zalının rəhbəri kimi də işləyib.
22 iyun 1941-ci ildə Almaniya müharibə elan etmədən SSRİ-yə hücum etdi. Mehdi Hüseynzadənin ailəsi müharibə elanından Şüvəlandakı bağlarında xəbər tutdu. Kiçik bacısı Hürriyət Əzizbəyovanın xatirələrində deyilir ki, bibisi qardaşı oğlunu bağda qalmağa inandırmağa çalışırdı. Mehdi isə onun çiyinlərini qucaqlayaraq deyib ki, “Mən bağda qala bilmərəm. Birdən mənə hərbi komissarlıqdan çağırış gələr və mən evdə olmaram. Mən komsomol üzvüyəm. Mənim vəzifəm Vətəni müdafiə etməkdir”.
Bundan sonra o, hərbi çağırışı gözləmək üçün şəhərə gedir. Artıq 9 avqustda M.Hüseynzadə hərbiyə gedir. Qırmızı Ordu sıralarında olarkən K(b)P-ə qoşulur. Tiflis hərbi-piyada məktəbini bitirdikdən sonra, 1942-ci ildə Mehdi Hüseynzadəni cəhbəyə göndərirlər. Bu dövrdə şiddətli döyüşlər gedirdi. Minaatanlar tağımının komandiri vəzifəsində o, Stalinqrad döyüşündə iştirak edib.
1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşən Mehdi orada Cavad Həkimli və digərləri ilə bərabər Azərbaycan legionuna salındı. 1943-cü ilin ortalarında almanlar Ştrans (Almaniya) hərbi düşərgəsindən Yuqoslaviyanın, Triestin və İtaliyanın ərazisinə böyük miqdarda hərbi əsirlər, o cümlədən azərbaycanlılar gətirdilər.
Hələ Almaniyada olarkən Sovet hərbi əsirləri gizli antifaşist təşkilatı yaratmışdılar. Onların İtaliya və Yuqoslaviya partizanları ilə əlaqəsi var idi. Mehdi Hüseynzadə bu təşkilatın fəal üzvlərindən biri idi. 1943-cü ildə azərbaycanlı əsirlərin düşərgəsinin Şimali İtaliyada Udineyə yaxın bir yerdə yerləşdiyi zaman o, alman komandanlığının ştabından "Harribaldçılar" partizan dəstəsinə qəfil hücum planını əldə etməyə müyəssər oldu.
Antifaşistlər (Rəşid Kərimov və Həsən Cabbarov) bu haqda onlara məlumat verdilər və partizanlara hücum edən polk Tolmin-Kobarid ətrafında böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Antifaşistlərin özü isə nasistlər tərəfindən ələ keçirildi və öldürüldü.

Partizan "Mixaylo"

1944-cü ilin əvvəlində Mehdi Hüseynzadə bir qrup yoldaşı ilə İtaliyadakı düşərgədən qaçdı və Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven Sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşuldu. Burada azərbaycanlılardan ibarət İvan Qradnik adına 3-cü Sloveniya xalq-azadlıq briqadası 4-cü batalyonunun rus rotası yaradıldı. Rotanın komandiri Cavad Həkimli, komissarı Mehdi Hüseynzadə oldu.
Rota Aydovşçina şəhərindən şimal istiqamətində Angel dağı ətəyində yerləşən Otliça kəndində məskən salmışdı. Bu zamandan başlayaraq M.Hüseynzadə ərazidəki partizan hərəkatının "Mixaylo" ləqəbli fəal iştirakçısı olur. Sloveniya partizanı, hərbi tarixçi Stanko Petelin onu bütün 9-cu korpusdakı ən yaxşı diversantlardan biri adlandırır.
Yanvarın ortalarında Mixaylo öz döyüşçüləri ilə əhəmiyyətli topoqrafik xəritələri ələ keçirdilər. Növbəti ayda M.Hüseynzadə alman zabiti formasında alman kazarmalarına daxil oldu, mina döşəyib mərkəzi binanı partlatdı.
Aprelin 2-də Mehdi Hüseynzadə Mirdaməd Seyidovla birgə Triest şəhəri yaxınlığında yerləşən Opçine (sloven. Opčine) yaşayış məntəqəsindəki kinoteatr binasını kinoseans zamanı partlatdı. Onlar kinoteatr zalına girərək gözə çarpmadan kürsünün altına mina quraşdırıb binanı tərk etdilər. Partlayış nəticəsində 80 nəfər öldü, 60 nəfər ağır, eyni zamanda 200 alman əsgəri yüngül yaralandı. Onlardan 40 nəfəri hərbi hospitalda aldıqları yaralardan öldü.
Həmin ay, aprelin 22-də Mixaylo ikinci böyük diversiyanı həyata keçirir. Bia Qeqa küçəsində əsgər evi olan alman restoranının binasını partladılır. Alman əsgəri paltarında M.Hüseynzadə və Mirdaməd Seyidov restorana girib əvvəlcədən detonatorların ampulalarını əzdilər. Onlar stol arxasında iki yer tutub stolun altında partlayıcı cantanı qoyub zaldan talon almaq adı altında çıxıb oradan da küçəyə çıxdılar. Alman barı havaya uçduqdan sonra hitlerçilər iki sutka ərzində dağıntıların altından ölüləri və yaralıları çıxarırdılar.
Sentyabr ayında Mehdi Hüseynzadə alman texniki xidmət zabiti formasında düşmən aerodromuna daxil oldu və yavaş sürətli minanın köməyi ilə 2 təyyarə və 25 avtomaşın partlatdı. Həmin ay Mixaylo daha bir diversiya həyata keçirdi. O, alman zabiti formasında motosikllə silahsız tədris marşında olan faşist rotasına yaxınlaşdı və avtomatla 20-dən artıq düşmən əsgərini güllələyib bir anda yoxa çıxdı. Mixaylo Qoritsa şəhərində hərbi sursatla dolu alman maşınını qaçırmağa müvəffəq oldu. O, Opçıne şəhərində yüksəkgərginlikli elektrik stansiyasının transformatorunu partlatdı.
Oktyabr ayında Mixaylonun komandanlığı altında partizanlar yerli həbsxanaya hücum etdilər. Hüseynzadə vermaxt zabiti formasında alman əsgəri formasında olan iki partizanla birgə “hərbi əsirlərin” əhatəsində alman həbsxanasının darvazasına yaxınlaşdılar və keşikçidən qapını açmağı tələb etdilər. Həbsxananın ərazisinə daxil olan kimi Hüseynzadə və yoldaşları keşikçilərin silahını aldılar və bütün kameraların qapısını açıb 700 hərbi əsiri, o cümlədən 147 sovet hərbçisini azad etdilər. Həbsxana rəisi də tutularaq partizan qərargahına gətirildi. Növbəti gün faşist radiosu xəbər verdi ki, guya həbsxanaya 3 minlik partizan diviziyası hücum edib. Bundan əlavə, aksiyaların biri zamanı Mixaylo banka girərək 1 milyon italyan lirəsi götürmüş və partizan qərargahına təhvil vermişdi.
Mehdi Hüseynzadə 1944-cü ilin noyabrın 2-də tapşırıqdan Çepovan yaşayış məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində həlak olub. Onun həlak olması haqqında bir neçə fərziyyə var. Ən birinci versiya Mixaylonun gizləndiyi evin partizan oğlunun danışdıqlarına əsaslanır.
O məlumat verir ki, onların evini qəfildən almanlar mühasirəyə alırlar. Bu zaman Mehdi Hüseynzadənin əlində 2 qumbara və 5 gilizli tapança var idi. Mixaylo onlarla döyüşə girir və atışmağa başlayır. Düşmən evə soxulanda Mixaylo onların dəstəsinə 2 qumbara atır. Yaranan qarışıqlıqdan istifadə edib arxa pəncərədən tullanıb qaçmağa başlayır. Onu görən almanlar təqib etməyə başlayırlar. Mixaylo tapançasını çıxararaq öz ürəyinə atəş açır...
Eləcə də oxuyun:
* Əfsanəvi "Mixaylo"ya həyat verən adam
* "Partizan Mixaylo"nun səsi bu möhtəşəm aktyorumuza məxsusdur
Xəbər lenti
0