CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni yollar Bakının tıxac dərdinə dərman olacaqmı?

© Sputnik / Irade JELILBakıda tıxac
Bakıda tıxac - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Abunə olmaq
Yeni tikilən yol yeni salınan böyük yaşayış kompleksinin yanından keçir və tuneldən yaşayış kompleksinə gediş-gəliş xətti verilir.
BAKI, 8 may — Sputnik. Paytaxtda yeni yol və tunellər çəkmək tıxac probleminin həlli üçün əsas çıxış yolu deyil.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və Logistika Kafedrasının baş müəllimi Bulud Bağırov bildirib. O, deyib ki, yol və tunellərin inşası müəyyən ərazilərdə sıxlığın qarşısını alsa da, problemin tam həlli üçün kompleks tədbirlər həyata keçirilməlidir.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərinin sürətli inkişafı təmin etmək məqsədilə yeni avtomobil yolunun tikintisinə başlayıb. Bu layihə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metrostansiyasına birbaşa marşrut xəttinin yaradılmasını nəzərdə tutur.
Yeni tikilən yol yeni salınan böyük yaşayış kompleksinin yanından keçir və tuneldən yaşayış kompleksinə gediş-gəliş xətti verilir. Yeni magistral yaşayış kompleksinin yaxınlığından keçməklə, onun sakinlərinin şəhər daxilində daha rahat və daha sürətli gediş-gəlişini təmin edəcək. Bildirilir ki, əlavə olara layihənin həyata keçirilməsi ilə Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və "Nərimanov" metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq.
B.Bağırov isə deyib ki, Bakıda sıxlığın aradan qaldırılması üçün ictimai nəqliyyat vasitələrinin sayı artırılmalıdır.
"Nərimanovda bir yeni yol tikməklə tıxacı azaltmaq mümkün deyil. O ərazidə tıxaca düşməyən avtomobillər başqa yolda tıxacda qalacaq. Ona görə də, paytaxtda tıxacın qarşısını müəyyən ərazilərdə yeni yol, tunel çəkməklə tam aradan qaldırmaq olmaz. Bakıda əhali sayı kəskin artıb, amma ictimai nəqliyyat növləri azalıb. İllər öncə Bakıda indikindən dəfələrlə az əhali yaşayırdı. Amma bir neçə ictimai nəqliyyat növü fəaliyyət göstərirdi. Ona görə də, hökumət təcili surətdə paytaxtda tramvay xətlərini çəkərək istifadəyə verməlidir. Bunun üçün dördzolaqlı yollarda xüsusi zolaq ayrılmalıdır. Əks halda Bakıda tıxac probleminin qarşısını almaq mümkün olmayacaq".
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə tıxacın qarşısını almaq üçün yeni yol və tunellərin inşasına ehtiyac olduğunu düşünür. Ekspert deyir ki, hazırda yeni yol və körpünün inşa edilməsinə əsas zərurət Bakı-Xırdalan istiqamətidir.
"Bakı-Xırdalan istiqamətində günün bütün saatlarında, xüsusilə pik vaxtlarda uzun tıxaclar yaranır. Biz həmin yol genişləndirilərkən təklif etmişdik ki, bu istiqamətdə asma körpü salınsın. Amma bu təklif qəbul edilmədi. Hazırda isə bu yolda yeni körpünün salınmasına ciddi ehtiyac var".
E. Muradlı hazırda paytaxt istiqamətində yeni yolların inşa olunduğunu deyib. Bildirib ki, Sabunçu rayonu ərazisində Zabratdan şəhər və əks istiqamətdə sıxlığı azaltmaq üçün Böyükşor gölünün yanından çəkilən yolun böyük əhəmiyyəti olacaq. Bununla hərəkət intensivliyi yaranacaq və nəticədə yollarda sıxlıq azalacaq.
"Yollarda yol və tunellər inşa olunmazdan öncə yollarla bağlı təhlillər aparılmalıdır. Əks halda təsadüfi layihələr yollarda sıxlığı azaltmağa səmərə verməyəcək" - Muradlı deyib.
Onun sözlərinə görə, bir çox yollarda hərəkətin intensivliyini artırmaq da çox vacibdir: "Bəzi ərazilərdə yolötürüclərinin körpü tipli olması çox vacibdir. Məsələn, dörd yol ayrıclarında problemlər yaranır. Səbəb hərəkət intensivliyini təmin edəcək vasitələrin olmamasıdır".
Xəbər lenti
0