CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhərrəm ayı nə vaxt başlayır?

© Sputnik / Murad OrujovBakıda məscid
Bakıda məscid - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
Sədr müavininin sözlərinə görə, Məhərrəm ayından sonra gələn Səfər ayı avqustun 6-dan başlayacaq.
BAKI, 6 may — Sputnik. Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib.
© Photo : REPORTFuad Nurullayev
Фуад Нуруллаев - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Fuad Nurullayev
Bildirilib ki, bu il Məhərrəm ayı iyulun 7-nə təsadüf edəcək:

"Bu il Məhərrəm ayının ilk günü iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".

Sədr müavininin sözlərinə görə, Məhərrəm ayından sonra gələn Səfər ayı avqustun 6-dan başlayacaq.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə bağlı ötən il etdiyi müraciətdə aşağıdakılar bildirilib:
"Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan Məhərrəm ayının Aşura günü – Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi dünya tarixində fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın "yaxşılığa dəvət və pislikdən çəkindirmə" məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaradıblar", - deyə müraciətdə qeyd olunub.
Qazılar Şurası dindarlarımıza xatırladıb ki, Məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Qurum yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR "Dini etiqad azadlığı haqqında" Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər:
"Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir. Özəlliklə, son zamanlar koronavirusun yenilənmə təhlükəsini nəzərə alaraq məhərrəmlik ayının ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər".
QMİ qeyd edib ki, Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0