Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Vüqar Qurbanov: "Hədəfimiz robotik cərrahiyyədir"

© Sputnik TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov
 TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov  - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
TƏBİB-in icraçı direktoru həmçinin vurğulayıb ki, çox qısa müddətdə Yeni Klinikanın nəzdində Transplantasiya Mərkəzi fəaliyyətə başlayacaq.
BAKI, 3 may — Sputnik. "TƏBİB-in tabeliyində olan tibb müəssisələrində bir sıra əməliyyatların çeşidlərini artırdıq. Məsələn, əvvəllər regionlarda laporaskopik cərrahi əməliyyatların sayı kəskin şəkildə az idisə, bu, artıq kifayət qədər artıb. Hazırda bizim mütəxəssislərimiz, cərrahlarımız nəinki Bakıda, həm də regionlarımızda da laporaskopik cərrahi əməliyyatları uğurla həyata keçirirlər".
Sputnik Azərbaycan xəbər veirr ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycan Dövlət Televiziyasının efirində yayımlanan "Obyektiv" verilişinə müsahibəsində deyib. O, həmçinin bildirib ki, regionlarda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində yeni Ürək Mərkəzləri yaradılıb və onların sayının artırılması nəzərdə tutulur:

"İlk olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həm invaziv kardiologiya, yəni angioplastik əməliyyatlar həyata keçirilməyə başladı. Bundan başqa, aorta koronar şuntlama əməliyyatı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilir. Şirvan Rayon Mərkəzi Xəstəxanasında Ürək Mərkəzi fəaliyyətə başladı. Yaxın müddətdə də Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində böyük Ürək Mərkəzi və İnvaziv Radiologiya Mərkəzi fəaliyyətə başlayacaq".

Hədəflərdən birinin robotik cərrahiyyənin Yeni Klinikada həyata keçirilməsi olduğunu deyən TƏBİB-in İcraçı direktoru qeyd edib ki, bu istiqamətdə işlər davam edir:
"Artıq cərrahi əməliyyatxanalarımız robotik cərrahiyyənin həyata keçirilməsi üçün hazır vəziyyətə gətirilir. Qısa müddətdən sonra burada robotik əməliyyatlar da həyata keçiriləcək. Bu da pasiyentlərimizə fəsadı az olan travmatik əməliyyatların keçirilməsinə səbəb olacaq. Nəticədə pasiyentlər çox qısa müddətdə müalicə olunacaq və normal həyat tərzini davam etdirə biləcəklər. 44 günlük Vətən müharibəsindən sonra qazilərimizin müalicəsinin həyata keçirilməsi üçün Yeni Klinikanın nəzdində çox böyük Fizioterapiya-Reabilitasiya Mərkəzi fəaliyyətə başlayacaq. Bizim hədəfimiz odur ki, bu müəssisə yaxın müddətdə həm fizioterapevtik, həm də reabilitasiya xidmətlərini qazilərimizə və digər vətəndaşlarımıza təmin edə bilsin".
V.Qurbanov həmçinin vurğulayıb ki, çox qısa müddətdə Yeni Klinikanın nəzdində Transplantasiya Mərkəzi fəaliyyətə başlayacaq:

"Transplantasiya Mərkəzində böyrək, qaraciyər köçürməsi əməliyyatları icra olunacaq. Xəstəxanada sümük iliyi tranplantasiyasının həyata keçirilməsi üçün artıq bir sıra təmir işləri yekunlaşıb. Avadanlıqlarla təmin olunur və qısa müddətdə bu Mərkəz də tam olaraq vətəndaşlarımızın xidmətində olacaq".

Verilişdə həmçinin cərrahi əməliyyatların icrası, hamiləliyin, ana və uşaq sağlamlığının izlənilməsi, eyni zamanda Yeni Klinika və ümumilikdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən digər tibb müəssisələrində həyata keçirilməsi nəzərdə tutulan yeniliklər barədə məlumat verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0