Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İstehsal və idxal üçün yeni tələblər gəlir - Alkoqollu içkilərin qiyməti necə dəyişəcək?

© Sputnik / Алексей МальгавкоMağazada spirtli içki satışı
Mağazada spirtli içki satışı - Sputnik Azərbaycan, 1920, 27.04.2024
Abunə olmaq
Alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. İqtisadçı bildirib ki, istehsalçılar yeni tələblərə uyğunlaşmaq üçün investisiya yatırmalıdırlar, istehsal prosesində müəyyən dəyişiklik edilməlidir.
BAKI, 27 aprel — Sputnik. Azərbaycanda alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sistemi təkmilləşdiriləcək və bu sahədə fəaliyyət göstərənlərin qarşısına yeni tələblər qoyulacaq. Bununla bağlı "Qida təhlükəsizliyi haqqında" qanuna dəyişikliklər edilir.
Qanun layihəsinə əsasən, alkoqollu içki növü olan arağın istehsalının həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazlarının quraşdırılması, arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması, araq istehsalında xammal qismində istifadə olunan spirtin alışının rəsmiləşdirilməsi və digər tələblər qoyulacaq. Tələblərə əməl edilməməsi bu sahədə fəaliyyət göstərənlərin qeydiyyatının ləğvi üçün əsas olacaq.
Qeyd edək ki, qanun layihəsinə əsasən, arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması barədə tələb 2032-ci il yanvarın 1-dən tətbiq ediləcək.
"Yeni qaydaların gətirilməsi məhsulun qiymətinə təsir göstərir"
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, ümumiyyətlə, icazə şərtləri dəyişdiriləndə, yeni qaydalar gətiriləndə bu, məhsulun qiymətinə təsir göstərir:

"Digər tərəfdən, aksiz vergilər də məhsulun qiymətinə təsir edir. Son dövrlərdə hər il alkoqollu içkilərin aksiz dərəcələri müəyyən qədər artırılıb. İstehsalçılar yeni tələblərə uyğunlaşmaq üçün investisiya yatırmalıdırlar, istehsal prosesində müəyyən dəyişiklik edilməlidir. Bu da alkoqollu içkilərin qiymətlərinə təsir göstərəcək".

© Sputnik / Murad OrujovNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 27.04.2024
Natiq Cəfərli
"İstehsal həcmi ilə bağlı tələbin olması düzgün yanaşma deyil"
O bildirib ki, arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması tələbi kiçik istehsalçıların bazardan çıxarılmasına və bu da qiymətlərin artmasına səbəb olacaq:

"İstehsal həcmi ilə bağlı tələbin olması dünyada nadir görünən məsələdir və düzgün yanaşma deyil. Çünki əsasən Avropa ölkələrində ailələrin kiçik şərab zavodları var və bu, turizmə də müsbət təsir göstərir. Lakin alkoqollu içkilərin keyfiyyəti, insan sağlamlığına təsiri ilə bağlı ciddi nəzarət mexanizmləri olmalıdır. Ümumilikdə yeni tələblərin tətbiq edilməsi nəticəsində alkoqollu içkilərin qiymətlərində artım gözləyə bilərik".

İqtisadçının sözlərinə görə, əgər yeni tələblər rəsmi istehsalı çətinləşdirərsə, bu, qanunsuz istehsalı artıra bilər. Bu məsələyə də müvafiq qurumlar diqqət etməlidir.
"Azərbaycan şərablarının dünyada tanıdılması istiqamətində işlər artırılmalıdır", - o əlavə edib.
Hansı tələblər var?
Qeyd edək ki, bu sahədə tələblər belədir:
vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması,
barəsində riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması,
alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazlarının quraşdırılması,
alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması,
alkoqollu içki növü olan arağın istehsalında xammal qismində istifadə olunan spirtin alışının qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi (spirtin özü tərəfindən istehsal olunduğu hallar istisna olmaqla),
alkoqollu içki növü olan arağın idxalında təchizatçı ilə müqavilənin olması.
Azərbaycanda vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması şərti istisna olmaqla, digər şərtlərə əməl edilməməsi alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqinin ləğvi üçün əsasdır.
Layihəyə əsasən, alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması barədə tələb 2032-ci il yanvarın 1-dən tətbiq ediləcək. 2032-ci il yanvarın 1-dək alkoqollu içki növü olan arağın illik minimum istehsal həcmi aşağıdakı kimi müəyyən edilir:
2024-2025-ci illər üzrə 20 min dekalitr;
2026-2027-ci illər üzrə 30 min dekalitr;
2028-2029-cu illər üzrə 50 min dekalitr;
2030-2031-ci illər üzrə 80 min dekalitr.
Qanun layihəsi alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. Layihədə qeyd olunur ki, icazə sisteminin təkmilləşdirilməsi qeyd edilən sahədə fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına, mövcud sahədə rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına və istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına xidmət edəcək.
"İstehsal həcmlərinin gizlədilməsi hallarının qarşısı alınacaq"
Sənədə əsasən, istehsal fəaliyyətinin həyata keçirildiyi qida obyektində ölçü cihazlarının quraşdırılması alkoqollu içki istehsalçılarının istehsal həcmlərinin gizlədilməsi hallarının qarşısının alınmasına və hazır məhsul dövriyyəsinin müəyyənləşdirilməsinə xidmət edir.
"Aşağı keyfiyyətli malların dövriyyəsi məhdudlaşdırılacaq"
Layihədə bildirilir ki, alkoqollu içki növü olan arağın idxalı ilə bağlı təchizatçı ilə müqavilənin, eləcə də istehsalda xammal qismində istifadə olunan spirtin alışına dair sənədlərin mövcudluğu şərtinin müəyyən edilməsi bu sahədə mənşəyi məlum olmayan və aşağı keyfiyyətli malların dövriyyəsini, eləcə də kölgə iqtisadiyyatının həcmini məhdudlaşdıracaq.
Sənəddə qeyd edilir ki, alkoqollu içki növü olan arağın istehsalına icazənin verilməsi üçün nəzərdə tutulan tələblərdən biri də illik minimum istehsal həddinin müəyyən edilməsidir. İllik minimum istehsal həcmi 100 min dekalitr olaraq müəyyən edilsə də, minimum istehsal həcminin bu həddə 2032-ci il yanvarın 1-dək mərhələli şəkildə qaldırılması nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, illik minimum istehsal həcmi ilə bağlı oxşar təcrübə ölkə qanunvericiliyində əvvəllər də mövcud olub.
Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilib
Xatırladaq ki, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında "Qida təhlükəsizliyi haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
"İstehsalda mənşəyi bəlli olmayan xammal spirtindən istifadə edilməsi halları var"
Müzakirə zamanı Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib ki, problemlərdən biri əsas xammal olan spirtin keyfiyyəti ilə bağlıdır:

"Bizdə olan məlumatlara görə, istehsalda mənşəyi bəlli olmayan xammal spirtindən istifadə edilməsi halları var. Buna görə xammal spirtin rəsmi qaydada sənədləşdirilməsi bu problemi aradan qaldıracaq. Mövcud alkoqollu içki istehsalçıları qanun qüvvəyə mindikdən 6 ay ərzində icazə şərtləri üçün sənədləri təqdim edəcəklər. Şərtlərə cavab verməyənlər üçün icazənin ləğvi məsələsi qanun layihəsində öz əksini tapıb".

"AQTA spirtli içki istehsal edən müəssisələrdə yoxlamalar həyata keçirəcək"
Müzakirə zamanı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib ki, bu məhsulların istehsalçıları və idxalçıları "Qida təhlükəsizliyi haqqında" qanunun tələblərinə ciddi şəkildə əməl etməlidirlər:

"AQTA bütün spirtli içki istehsal edən müəssisələrdə müvafiq yoxlamalar həyata keçirəcək. Yoxlamaların həyata keçirilməsi nəticəsində təkrar qeydiyyat olacaq. Həmin tələblər yerinə yetirilməzsə, sanitar norma və qaydalara əməl etməyən spirtli içki istehsalı müəssisələrinin fəaliyyətinə icazə verilməyəcək".

© Sputnik / Murad OrujovQida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli - Sputnik Azərbaycan, 1920, 27.04.2024
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli
Yerli istehsalın ixracı genişləndirilir
Əlavə edək ki, Prezident İlham Əliyev 2023-cü il fevralın 7-də "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Sərəncam imzalayıb. Məqsəd tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0