Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev: Ölkələrimiz arasında əməkdaşlıqdan çox şey asılıdır

© Sputnik / POOL / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев (слева) во время встречи на полях VI саммита Совещания по взаимодействию и мерам доверия в Азии (СВМДА) во Дворце Независимости в Астане
Президент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев (слева) во время встречи на полях VI саммита Совещания по взаимодействию и мерам доверия в Азии (СВМДА) во Дворце Независимости в Астане - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
İlham Əliyev Putinlə görüşün iki dövlət arasında münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.
BAKI, 22 aprel - Sputnik. Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin deyib:
- Hörmətli İlham Heydər oğlu. Gəldiyiniz üçün sağ olun.
Bu günlərdə BAM-ın (Baykal-Amur Magistralının) 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, hökumət komissiyasına rəhbərlik edən atanız dəfələrlə tikintiyə baş çəkərək bu məsələdə çox əhəmiyyətli rol oynayıb. Əslində o, bütün Sovet İttifaqı üçün mühüm olan bu nəhəng layihənin təşkilatçılarından biri olub. Biz təkcə bu barədə bilməklə kifayətlənmirik, həm də bunu xatırlayırıq və ona çox minnətdarıq, onun xatirəsini yad edirik.
Bu gün bizim həm də BAM-ın veteranları ilə görüşümüz olacaq, danışılacaq bir çox mövzu var. İndi biz, yəqin ki, Siz bu barədə bilirsiniz, Şərq poliqonu adlı marşrutu inkişaf etdiririk, həm BAM, həm də Transsib onunla bağlıdır. Beləliklə, bütün bunlar bu gün də bizim üçün əhəmiyyətlidir, həm də çox böyük əhəmiyyətə malikdir.
Düşünürəm, hətta əminəm ki, atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir. Onu nəzərdə tuturam ki, bir çox tərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasından istifadə edirlər.
Əlbəttə, bizim yüksək səviyyədə olan və inkişaf edən ikitərəfli münasibətlərimizdən danışmaq imkanımız olacaq. Əmtəə dövriyyəmiz artır: o, artıq 4 milyard dollardan da çoxdur. Dollar ekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır. Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var, zənnimcə, onların bir neçəsi ölkələrimizin ictimaiyyətinə məlumdur.
Sözsüz ki, regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətdən də danışacağıq. Bir çox məsələlər var ki, onlar olduqca həssasdır. Biz Sizinlə onların hər birini müzakirə edəcəyik.
Sizi görməyimizə çox şadıq. Xoş gəlmisiniz.
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Hörmətli Vladimir Vladimiroviç.
Dəvətə görə sağ olun. Yenidən görüşməyimizə şadam.
BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş bugünkü tədbirdə iştirakla bağlı dəvətinizə görə ayrıca təşəkkürümü bildirirəm. Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycanda yüksək qiymətləndiririk. Qeyd etdiyiniz kimi Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ona görə bizim üçün əlbəttə ki, bu tədbirdə iştirak etmək çox xoşdur və böyük şərəfdir. Bu gün bu qlobal layihənin həyata keçirilməsinə öz töhfəsini verən insanlarla da görüşəcəyik.
Tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik.
Sizin də qeyd etdiyiniz kimi gündəlik kifayət qədər genişdir. Orada nəqliyyat komponenti də var, bu gün onu da müzakirə edəcəyik. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.
Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq.
Bugünkü görüşə görə bir daha minnətdarlığımı bildirirəm və əminəm ki, bu, münasibətlərimizin inkişafına yeni təkan verəcək.
Sağ olun.
Prezident Vladimir Putin: Sağ olun.
***
Azərbaycan Prezidenti İlham Əliyev Bakı ilə Moskva arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. O, Moskvada Rusiya lideri Vladimir Putinlə danışıqların əvvəlində deyib. İlham Əliyev xatırladıb ki, Azərbaycan və Rusiya prezidentləri tərəfindən 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməsi iki ildən artıqdır ki, işləyir.
Azərbaycan rəhbəri vurğulayıb ki, bu, Bakı ilə Moskva arasında münasibətlərin gələcəkdə mütərəqqi inkişafını müəyyən edən əsas siyasi sənəddir.
“Qeyd etdiyiniz kimi, gündəm kifayət qədər genişdir, həm də nəqliyyat komponenti var. Biz bu gün ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən, yüklərin təhlükəsizlik daşınması və bir çox ölkələr arasında ticarət əlaqələrinin stimullaşdırılması baxımından qlobal əhəmiyyət kəsb edən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin layihəsini müzakirə edəcəyik”.
İlham Əliyev Putinlə görüşün iki dövlət arasında münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.
Azərbaycan lideri Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndirdiyini deyib.
“Baykal-Amur magistralı ümumittifaq miqyaslı layihə idi. Heydər Əliyevin bu layihənin icrasında əməyini yüksək qiymətləndirdiyinizi xüsusi qeyd etmək istəyirəm. Bu qlobal layihənin icrasında əmək sərf etmiş insanlarla da görüşəcəyik. Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsinə töhfə verir” - deyə dövlət başçısı bildirib.
***
Vladimir Putin və İlham Əliyev görüşlərdə müzakirə olunacaq məsələlərə toxunublar.
“Bölgədə təhlükəsizlik nəzər nöqtəsindən vəziyyət barədə söhbət edəcəyik. Burada xeyli məsələ yığılıb, həssas məsələlər” - deyə Rusiya başçısı bildirib.
Azərbaycan lideri öz növbəsində nəqliyyat məsələlərinin müzakirə ediləcəyini qeyd edib.
“Gündəlik genişdir. Nəqliyyat komponenti də var. Bunu bu gün müzakirə edəcəyik. Ölkələrimizi, tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” dəhlizi yükdaşımaların təhlükəzisliyi və çox sayda ölkənin ticarət münasibətlərinin stimullaşdırılması üçün qlobal əhəmiyyətə malikdir” - İlham Əliyev vurğulayıb.
***
Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi regiondakı təhlükəsizlik vəziyyətini müzakirə etməyə dəvət edib.
Bu dəvət iki ölkə liderinin Kremldə keçirilən görüşündə reallaşıb.
Rusiya lideri qeyd edib ki, Kremldə Əliyevi görməkdən çox məmnundur.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Federasiyası və Azərbaycan liderləri danışıqlar aparacaq və danışıqlar işgüzar səhər yeməyində davam edəcək. Bundan sonra onlar BAM-ın veteran inşaat işçiləri ilə görüşəcəklər.
BAM əməkdaşları ilə görüş bu magistralın tikintisinə başlanmasının 50 illiyinə təsadüf edir.
***
Kremldə Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşü keçirilir.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, dövlət başçıları Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafının əsas məsələlərini nəzərdən keçirəcək və aktual regional problemlər ətrafında hərtərəfli fikir mübadiləsi aparacaqlar.
Putinlə Əliyev arasında əvvəlki təkbətək görüş ötən ilin oktyabrında MDB-nin Bişkek sammiti çərçivəsində baş tutub. Hazırkı danışıqlar Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının başa çatması fonunda baş tutacaq.
Aprelin 17-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının bu bölgədən çıxarılmasına başlandığını təsdiqləyib. Rusiya sülhməramlıları 2020-ci ilin noyabrında Qarabağda yerləşdirilmişdi.
2023-cü ilin sentyabrında Qarabağda vəziyyətin gərginləşməsindən sonra bölgə tamamilə Bakının nəzarətinə qaytarıldı və tanınmamış rejimin rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən onun mövcudluğuna son qoyan fərman imzalayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfər edib. Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
Ötən həftə Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti məlumat yayıb ki, səfər çərçivəsində Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, o cümlədən aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır.
Eyni zamanda Azərbaycan və Rusiya prezidentləri Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşəcəklər.
***
Rusiya prezidenti Vladimir Putin və azərbaycanlı həmkarı İlham Əliyev arasında bazar ertəsi danışıqlar aparacaqlar.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, görüş əsnasında “Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, həmçinin cari regional problemlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”.
İki ölkənin rəhbərləri tikintisinə İlham Əliyevin atası, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin (o vaxt SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini) rəhbərlik etdiyi Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşəcəklər).
Tikintisi ümumittifaq komsomol şok tikinti layihəsi elan edilmiş BAM dəmir yolunun bu il 50 illiyi tamam olur.
Ali səviyyədə təmaslar
Putinlə Əliyev arasında əvvəlki təkbətək görüş ötən ilin oktyabrında MDB-nin Bişkek sammiti çərçivəsində baş tutub. O vaxtdan bəri prezidentlər daha bir neçə dəfə telefonla danışıblar. Fevralda Putin Əliyevi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə, martda isə Əliyev telefon danışığında Putini yeni prezidentlik müddətinə seçilməsi münasibətilə təbrik edib.
Martın 24-də Azərbaycan lideri Putinlə söhbətində Crocus City Hall-da baş vermiş terror aktı ilə bağlı başsağlığı verib və bu cinayəti qəti şəkildə pisləyib, Azərbaycan xalqının Rusiya xalqı ilə həmrəy olduğunu bəyan edib.
Sülhməramlı missiya
Hazırkı danışıqlar Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının başa çatması fonunda baş tutur. Aprelin 17-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının bu bölgədən çıxarılmasına başlandığını təsdiqləyib. Azərbaycan Prezidentinin köməkçisi - dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, bu, iki ölkənin ali rəhbərliyinin qarşılıqlı qərarı olub.
Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın baş naziri tərəfindən regionda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı imzalanmış birgə bəyanat əsasında Qarabağa yerləşdirilib. Daha sonra Qarabağda atəşkəs rejiminə və üçtərəfli sazişlərin şərtlərinə əməl olunmasına nəzarət etmək üçün Rusiya-Türkiyə birgə mərkəzinin yaradılmasına dair memorandum imzalanıb.
Rusiya sülhməramlı kontingenti atıcı silahları olan 1960 hərbi qulluqçu, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət idi. Sülhməramlıların səlahiyyət müddəti beş il müddətinə müəyyən edilmişdi, əgər tərəflərdən biri bu müddəanın tətbiqini dayandırmaq niyyətinin bitməsinə altı ay qalmış bəyan etməsə, avtomatik olaraq daha beş il müddətə uzadılmalı idi.
2023-cü ilin sentyabrında Qarabağ bölgəsi tamamilə Bakının nəzarətinə qaytarıldı.
Xəbər lenti
0