Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Kapitan Qrantın Uşaqları": Qərb Azərbaycan QHT-lərini necə maliyyələşdirir?

© Sputnik / Anar MustafayevKişi dollarları gizlədir
Kişi dollarları gizlədir - Sputnik Azərbaycan, 1920, 21.04.2024
Abunə olmaq
Qərb Azərbaycanda hansı qüvvələri dəstəkləyir və maliyyələşdirir? Yerli qrant alanlar xaricdən pul qazanmaq üçün necə birgə işləyirlər və onların fəaliyyəti niyə respublikanın milli suverenliyinə real təhdiddir? Bu sualların cavabı Sputnik-in araşdırmasındadır.
BAKI, 21 aprel — Sputnik. Ötən ilin sonundan bu günə kimi Azərbaycan qeyri hökumət təşkilatları (QHT), "müstəqil KİV" adlanan qurumlar və beynəlxalq təşkilatlar rəsmi Bakını informasiya məkanında nüfuzdan salmaq üçün fəaliyyətlərini gücləndiriblər.
Mütəmadi olaraq müxtəlif səviyyələrdə beynəlxalq QHT-lərin və Qərbin maliyyələşdirdiyi yerli "vətəndaş cəmiyyəti"nin nümayəndələrindən tutmuş həmin Qərb ölkələrinin yüksək vəzifəli məmurlarına qədər guya Azərbaycanda hakimiyyət tərəfindən bəyənilməyən jurnalistlərin, fəalların və müxalifət nümayəndələrinin təqib olunması ilə bağlı suallar qaldırılır, rəsmi Bakıya qarşı diktatura və repressiyalar, hakimiyyəti qəsb etmək, seçki saxtakarlığı, insan haqlarına əməl etməmək ittihamları irəli sürülür. Bir sözlə, Qərbə tanış olan təzyiq rıçaqlardan istifadə olunur.
Belə ki, bu gün Vaşinqton və onun tərəfdaşları tərəfindən yaradılan QHT və media şəbəkəsinin demək olar ki, hamısının səfərbər edildiyi "söz azadlığının aradan qaldırılması" və "müstəqil" jurnalistlərin həbsi hallarının cəmiyyətdə "təbliğ edilməsinə" diqqət yetirilir.
Sputnik Azərbaycan bu təbliğatın nədən ibarət olduğunu, necə fəaliyyət göstərdiyini, hansı vəzifələri yerinə yetirdiyini və hansı məqsədləri həyata keçirdiyini araşdırıb.
"Müstəqil" jurnalistlər, Qərb fondları və hökumətlər arasında əlaqə
Noyabr-yanvar aylarında Azərbaycanda valyuta qaçaqmalçılığında şübhəli bilinən "Abzas Media" nəşrinin və "Kanal 13" onlayn kanalının rəhbərləri və əməkdaşları saxlanılıb. Bu yaxınlarda, mart ayında "Toplum TV"nin işçiləri həbs olunub.
Bir sıra KİV-lərdə təqdim olunan məhkəmə sənədlərinə əsasən, axtarış aparılan zaman saxlanılanların bir çoxunun mənzilində çoxsaylı əməliyyatlar vasitəsilə xarici donor təşkilatlarından nağd şəkildə alınmış külli miqdarda xarici valyuta aşkar edilib.
Lakin buna baxmayaraq, qərbyönümlü KİV-lər, QHT-lər, hüquq müdafiəçiləri və fəallar artıq beşinci aydır ki, mütəmadi olaraq həbs və saxlanma faktlarına əsaslanaraq, bu hadisəni hakimiyyətin repressiv siyasəti müstəvisindən təbliğ etməyə, onu Azərbaycan cəmiyyətinin nəzərinə buraxmağa və beynəlxalq QHT-ləri, həmçinin Qərb hökumətlərini bu məsələyə cəlb etməyə çalışırlar.
Birincisi, bu yaxınlarda respublikanın heç də ən populyar media orqanı olmayan "Abzas Media" işi olub. Üstəlik, nəşrin saytında Azərbaycanın "KİV haqqında" qanununun tələbinin əksinə olaraq təsisçi, kollektiv, məsul şəxs, rekvizitlər və s. haqqında heç bir məlumat yoxdur. Ayrıca, "Abzas Media"nın öz məzmununa görə ödənişli abunə sistemi, standart müstəqil media üçün reklam, elanlar və digər gəlir mənbələri yoxdur.
2016-cı ildə yarandığı gündən "Abzas Media" hər gün məhdud sayda material dərc etsə də (çox vaxt onları barmaqla saymaq olardı), 2022-ci ildə jurnalist Sevinc Vaqifqızı nəşrin baş redaktoru olub.
Xanım Vaqifqızı bu yaxınlarda "Azadlıq" gündəlik ictimai-siyasi qəzetində (Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən yaradılıb, hakimiyyəti mütəmadi olaraq tənqid edib, manipulyasiya xarakterli başlıqlarla Rusiya haqqında mənfi rəy yaradıb) və Meydan TV-də (əsasən sosial problemləri, insan haqları problemlərini, korrupsiya və etiraz aksiyalarını əhatə edir, Berlində fəaliyyət göstərir, Qərbin maliyyəsi ilə yaşayır - bu media haqqında sonra daha ətraflı danışacağıq), Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP. USAİD və "Açıq Cəmiyyət" fondları tərəfindən maliyyələşdirilir) ilə əməkdaşlıq edib.
O, ötən payızda İsveçdə dünya üzrə rəngli inqilablara açıq sponsorluq edən fondlar və QHT-lərin vəsaitləri ilə təşkil edilən Qlobal Araşdırmaçı Jurnalistlərin Konfransında (GIJK23) iştirak edib.
Sevinc Vaqifqızı "Abzas Media"ya gəldikdən sonra kiçik nəşrin araşdırma fəaliyyəti və fəallığı nəzərəçarpacaq dərəcədə artıb – əvvəllər gündə bir neçə xəbər dərc edən jurnalistlər yalnız 2022-2023-cü illərdə Azərbaycanın yüksək vəzifəli şəxsləri və onların ailə üzvlərinə həsr olunmuş həcmli "araşdırmalar" aparıblar.
2023-cü ilin noyabr ayının sonunda heç bir ənənəvi gəlir növü olmayan və çox güman ki, Azərbaycanda media orqanı kimi qeydiyyatda olan "Abzas Media№nın ofisində axtarış aparılıb, nəticədə polisin məlumatına görə, 40 min avro aşkar edilib. Bu pullar haradan gəlir?
"Report.az" bu yaxınlarda xəbər verib ki, istintaq zamanı "Abzas Media"nın Qərb qurumlarından, o cümlədən, məsələn, USAİD-dən xeyli maliyyə vəsaiti aldığı müəyyən edilib. Eyni zamanda, Azərbaycan Respublikasının ərazisində xarici donorlar tərəfindən qrantların verilməsi qanunla tənzimlənir və dövlət orqanlarının bundan xəbəri olmadığından, müvafiq olaraq, əldə edilmiş vəsaitlər qeydiyyata alınmadan, yəni qanunsuz olaraq ölkəyə gətirilib.
Məhz bu əsasda "Abzas Media"nın rəhbərləri və jurnalistləri həbs edilib.
Daha sonra jurnalist olmayan, ancaq qardaşının ictimai açıqlamalarına görə "fiziki qüsurlu insanların yaşama şəraitinin yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrlə məşğul olan" fəal Məhəmməd Kekalov həbs edilib (eyni zamanda o, fəal qardaşının təşəbbüslərinə görə Avropa İttifaqı (Aİ) strukturları tərəfindən maliyyələşdirildiyini etiraf edib). Sonra isə "Qafqaz düyünü" (Rusiyada xarici agent kimi tanınır) nəşri adının açıqlanmaması şərti ilə "Abzas Media" əməkdaşının sözlərinə istinad edərək, Məhəmməd Kekalovun "nəşrin rəhbərliyinə məsləhətlər verdiyini" bildirib. Fiziki qüsurlu insanlar üçün layihələr həyata keçirən gənc fəalın media rəhbərlərinə hansı mövzularda "məsləhət" verdiyi sirr olaraq qalır.
Yerli müxalifət mediası qaçaqmalçılıqla məşğul olan və qeyri-qanuni olaraq xarici qrantlar alan kiçik bir nəşrin istintaq materiallarını dərhal ələ keçirərək bunu müstəqil jurnalistlərin təqibi kimi təqdim etməyə başlayıb. "Turan", "Arqument.az", "Toplum TV", "Meydan.tv", "Kanal 13", "OC Media" və digər yerli KİV-lərin 50-dən çox əməkdaşı "Abzas Media"nın jurnalistləri və rəhbərlərinin saxlanmasını pisləyən müvafiq ictimai qınağı imzalayıblar.
Ümumiyyətlə, bütün bu hekayəni fəal şəkildə irəli aparanlar media qurumlarıdır – onların bir çoxunun bu günə kimi saytlarının əsas səhifələrini AR jurnalistlərinin təqib edilməsinə dair materiallar bəzəyir ("Abzas Media nə haqqında yazıb və niyə ona təzyiq edirlər" ruhunda bəzi analitiklərdən tutmuş, həbs olunanların bütün ifadələri və aclıq aksiyaları da daxil olmaqla bu işdə iştirakı olan hər bir şəxsin təfərrüatlı işıqlandırılmasına qədər).
Eyni iş çərçivəsində "Abzas Media", "Meydan TV", "Azadlıq Radiosu" (Rusiya Federasiyasında xarici agent kimi tanınır) kimi nəşrlərlə fəal əməkdaşlıq edən "Turan" agentliyinin iqtisadi xəbərlər departamentinin redaktoru Hafiz Babalı da həbs edilib. Bundan əlavə, Babalı bir çox Qərb layihələrində - məsələn, "Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu"nun (IRFS) sədri kimi Tbilisidə keçirilən 14-cü Cənubi Qafqaz Media Konfransında (Azərbaycan, Ermənistan və Gürcüstandan olan bir çox media- qrant alanlar, habelə bu qrantları birbaşa verən fond və təşkilatların nümayəndələri ilə birlikdə) iştirak edib. Həmçinin, "Report.az" nəşrinin araşdırmasına görə, Hafiz Babalı başqaları ilə yanaşı, müxtəlif sənədlərdə USAİD-in maliyyələşdirdiyi ümumi dəyəri bir neçə yüz min dollar olan layihələrin icraçısı kimi görünür (layihələr korrupsiya və məhkəmə qərarlarının, açılmamış cinayətlərin araşdırılmasına, Azərbaycanın beynəlxalq konvensiyalara əməl etməsinin monitorinqinə və s. məsələrə həsr olunub).
Onun tutulması və işin daha da inkişaf etdirilməsi hekayəsi, məsələn, ABŞ-ın "Eurasianet" nəşri Qərb ölkələrinin bir sıra hökumətləri və fondlarının vəsaiti hesabına mövcuddur.
Ümumiyyətlə, bir çox beynəlxalq təşkilatlar və Qərb hakimiyyətinin nümayəndələri həbs olunan jurnalistlərin hamısının müdafiəsi üçün çıxış ediblər.
"Forbidden Stories" ("Qadağan olunmuş hekayələr") beynəlxalq araşdırmaçı jurnalistlər şəbəkəsi, eləcə də "Freedom Now" və "Human Rights Watch" təşkilatları həbsləri pisləyib və Azərbaycan hakimiyyətini saxlanılanların azad edilməsinə çağırıb. Aİ-nin İnsan Hüquqları üzrə xüsusi nümayəndəsi İmon Gilmor Azərbaycanı "müstəqil jurnalistika və fikir bildirmə azadlığı üçün azad və maneəsiz məkan" yaratmağa çağırıb. Brüsseldə yerləşən Beynəlxalq İnsan Hüquqları Müdafiəçiləri Assosiasiyası (IHRPA), Jurnalistləri Müdafiə Komitəsi (CPJ), Beynəlxalq və Avropa Jurnalistlər Federasiyası, Aİ, ATƏT və ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin nümayəndələri Bakını eyni şəkildə qınayıb. "Sərhədsiz reportyorlar" (RSF) Avropa Şurasını "rejimə öz öhdəliklərini xatırlatmağa və bütün jurnalistlərin azad edilməsini tələb etməyə" çağırıb. "Amnesty İnternational" insan haqları təşkilatı həbsləri "müstəqil mediaya qarşı repressiya" adlandırıb.
Azərbaycanın müxalifət partiyaları da kənarda qalmayıb. Belə ki, ötən il dekabrın sonunda "Müsavat" Partiyasının qərargahında demokratiya uğrunda mübarizədə göstərdiyi səylərə görə verilən "Nərgiz" mükafatının təqdimat mərasimi keçirilib. Qalib "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı olub.
Hər şey bir-birinə bağlıdır
"Abzas Media"nın baş direktoru Ülvi Həsənli (hazırda həbsdədir) "Azərbaycanda demokratik və sosial dəyişikliklərə nail olmaq" üçün 2011-ci ildə Bakıda yaradılmış "NİDA" adlı məşhur gənclər vətəndaş hərəkatının yaradıcılarından biridir.
Bu hərəkat öz tabeliyində olanları Qərbin dəstəkləməyə məcbur etdiyi hər şeyi - LGBT, Ukrayna, qərbyönlü etirazlar və keçmiş SSRİ ölkələrində rəngli inqilablar, "imperialist, totalitar və zülmkar" SSRİ-nin tənqidini dəstəkləyir.
Məsələn, onlar 2022-ci ilin yanvarında Qazaxıstanda baş vermiş qanlı etirazları alqışlayaraq eyni zamanda Azərbaycan cəmiyyətinə paralel olaraq "xarici qüvvələrin Qazaxıstanın daxili işlərinə müdaxiləsi" haqqında danışıblar (söhbət açıq-aydın Qazaxıstan hakimiyyətinin kömək istədiyi KTMT-dən gedir; Qazaxıstan hakimiyyəti özü iğtişaşları xarici təcavüz aktı adlandırıb və respublikanın keçmiş Prezidenti Nursultan Nazarbayev hətta hadisələrin Kiyevdəki qərargahdan idarə olunduğunu söyləyib).
2013-cü ildə Bakıda Fəvvarələr Meydanındakı iğtişaşlara çevrilən qeyri-döyüş şəraiti döründə baş verən hərbi itkilərə qarşı mitinqin təşkilatçılarından biri də NİDA olub - hərəkat liderləri gəncləri bir yerə yığaraq polisin zorakılığından şikayətlənərək mediaya şərhlər veriblər.
Nəticədə "NİDA" hərəkatının üzvləri yandırma və soyğunçuluqla müşayiət olunan kütləvi iğtişaşların təşkilində, zorakılığa çağırışlarda, narkotik vasitələrin və partlayıcı maddələrin qanunsuz saxlanmasında ittiham olunublar. 2013-cü ildə internetdə "NİDA" fəallarının istintaqa dair ilkin ifadələri olan əməliyyat video materialları yayılıb və onlar etiraf ediblər ki, Bakıda "kütləvi iğtişaşlar törətmək məqsədilə yeni mübarizə üsullarından" istifadə etməyi planlaşdırıblar.
Yeri gəlmişkən, bu hadisələrdən bir neçə il əvvəl - 2009-cu ilin sonunda Azərbaycanda "Azad Fikir Universiteti" (AFU) fəaliyyətə başlayıb. Hələ o zaman bir çox KİV onu "inqilabçı düşüncəli gənclərin qalası" adlandırırıb - Fəvvarələr meydanında etiraz edənlərin əhəmiyyətli hissəsini məhz bu universitetin nümayəndələri təşkil edib.
Universitetdə rəsmi olaraq elan edilmiş məqsədə görə, gənclər insan hüquqları, fikir azadlığı, cəmiyyət, siyasət, Azərbaycan Respublikasının məhkəmə sistemi haqqında interaktiv mühazirələr vasitəsilə müasir demokratik dəyərlərlə tanış olub, biliklər əldə ediblər. 2009-cu ildən 2013-cü ilə qədər AFU-nun rəsmi "Twitter" hesabına əsasən 300-dən çox belə tədbir keçirilib. Universitet həmçinin "Yeni Media" adlı kurslar keçirib və burada gənclərə media alətlərdən səmərəli istifadə etməyi öyrədilib.
Mühazirəçilərdən biri hətta ABŞ-ın Azərbaycan Respublikasındakı keçmiş səfiri Metyu Brayza olub. AFU özü isə Çexiyanın birinci prezidenti, dissident və antikommunist Vatslav Havelin totalitar sistemə qarşı çıxmaq yollarına həsr etdiyi "Gücsüzlərin gücü" kitabının könüllülər tərəfindən tərcüməsi ilə Azərbaycan Respublikasında naşiri olub.
AFU-nun yaradılması ABŞ və Böyük Britaniyanın Bakıdakı səfirlikləri, USAİD, NED, GMF (Almaniya Marşal Fondu, ABŞ) və digər Qərb təşkilatları tərəfindən açıq şəkildə (o cümlədən maliyyə cəhətdən) dəstəklənib.
Etirazlardan sonra bir ay ərzində AFU bağlanır və buna görə də həmin vaxt ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu qərardan məyus olduğunu açıq şəkildə bildirir və fəaliyyətini bərpa etməyə çağırır.
Rəhbəri "NİDA"nın yaradılmasında iştirak edən "Abzas Media"ya qayıdaraq qeyd edək ki, Sevinc Vaqifqızı həbsdə olduğu müddətdə Avropada yaşayan Leyla Mustafayeva baş redaktor əvəzi vəzifəsinə təyin edilir. O, bir neçə il əvvəl Gürcüstandan Azərbaycana qeyri-qanuni qrant vəsaitlərinin köçürülməsinə görə 6 il müddətinə azadlıqdan məhrum edilmiş müxalifət fəalı, jurnalist və hüquq müdafiəçisi Əfqan Muxtarlının ("Meydan TV" və OCCRP ilə əməkdaşlıq edib) həyat yoldaşıdır.
Mustafayeva "Abzas Media"ya rəhbərlik etməklə yanaşı, "müstəqil QHT"yə, "Fakt Yoxla" adlı fakt yoxlama platformasına da rəhbərlik edir. Bu QHT "FactCheck" (Gürcüstan) və www.stopfals.md (Moldova) oxşar platformaları ilə əlaqəsi haqqında açıq şəkildə danışır. Yeri gəlmişkən, həm gürcü, həm də moldovalı həmkarları "ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Amerika xalqının səxavətli köməyi sayəsində" yaradıldıqlarını gizlətmirlər və donorları siyahısında ABŞ, NED, Aİ və bir çox digər səfirliklər var.
"Fakt Yoxla" bunu reklam etmir, lakin açıq mənbələrdən əldə edilən məlumatlara görə, bu QHT, məsələn, Aİ-nin Bakıdakı nümayəndəliyinin 2022-ci ildə həyata keçirdiyi, təxminən 2,5 milyon avro dəyərində olan "Dezinformasiyaya qarşı mübarizədə davamlılığın gücləndirilməsi" layihəsinin reallaşdırılmasında iştirak edib.
Bu QHT Gürcüstanda qeydiyyatdan keçmiş və "Azərbaycanda demokratik dəyərlərə, insan haqlarına, ədalətli və şəffaf seçkilərə dəstək" məqsədi ilə təşkil olunmuş Demokratik Təşəbbüslər İnstitutunun (IDI) təşəbbüsü ilə yaradılıb.
"IDI" gənc jurnalistlər, hüquq müdafiəçiləri və liderlər üçün təlimlər və "əhalinin hüquqi müdafiəsini" təşkil edir. O, Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyətinin nə dərəcədə pis olduğu, jurnalistlərin, fəalların necə təqiblərə məruz qaldığı haqqında müxtəlif araşdırmalar hazırlayır.
Azərbaycan mediasının bu yaxınlarda xəbər verdiyi kimi, bu "təlimlər" çərçivəsində gənc jurnalistlərə hadisə yerindən materiallar yaratmaq və onları sosial şəbəkələrdə yaymaq öyrədilir - əsasən seçkilər zamanı onlar istənilən neqativi qeydə almalı və sosial şəbəkələrdə qışqıran başlıqlar və müvafiq şərhlərlə yaymalıdırlar.
Bu İnstituta Akif Qurbanov rəhbərlik edir. Aİ-nin Şərqi Avropa və Mərkəzi Asiya (COEST) üzrə işçi qrupunun rəhbəri Karolin Vinotun rəhbərlik etdiyi Avropa İttifaqı nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ölkədəki ictimai-siyasi vəziyyəti, vətəndaş cəmiyyəti və KİV-in vəziyyətini, habelə siyasi məhbusların problemlərini müzakirə etmək üçün onunla görüşüb O, ABŞ-ın Azərbaycandakı səfirinin də olduğu Amerika nümayəndə heyətinin nümayəndələri ilə görüşləri zamanı bütün bu mövzuları müzakirə edib.
IDI rəhbəri özü də əvvəllər etiraf edib ki, onun gəlirləri "İngiltərə və ABŞ səfirlikləri ilə xidmətlərin göstərilməsi üçün bağlanmış bir neçə müqavilə" nəticəsində əldə edilib. Öz sosial şəbəkələrində, yeri gəlmişkən, bütün qrant alanlar kimi, Qurbanov da Ukraynaya və Belarusun qərbyönlü müxalifətinə dəstəyini açıq şəkildə bildirir.
Demokratik Təşəbbüslər İnstitutu, onun rəsmi resurslarında yer alan açıqlamaya görə, "Toplum TV" (İDİ-nin bütün fəaliyyətlərini əhatə edir) ilə əməkdaşlıq edir.
"Toplum TV" özünü "ictimai-siyasi və sosial-iqtisadi hadisələrlə bağlı müxtəlif fikirlərin ifadə olunması üçün platforma təmin edən müstəqil onlayn resurs" kimi təqdim edir.
Baş redaktor azərbaycanlı araşdırmaçı jurnalist, keçmiş "Azadlıq Radiosu"nun jurnalisti, korrupsiyaya qarşı mübarizə aparan və qanunsuz etiraz aksiyalarının iştirakçısı Xədicə İsmayılovadır (məsələn, 2013-cü ildə o, belə bir etiraz aksiyasında iştirak etməkdə təqsirli bilinərək cərimə ödəməyə məhkum edilib). O, həmçinin fəaliyyətinə görə Almaniya və beynəlxalq fondların bir sıra mükafatlarının laureatı, o cümlədən "Qafqaz Qəhrəmanı" müsabiqəsinin (Rusiyada xarici agent kimi tanınan və USAİD, Soros Fondu, Fridrix Ebert Fondu, Avropa Komissiyası, "Amnesty İnternational" kimi təşkilatlardan və bir sıra Qərb ölkələrinin səfirliklərindən maliyyə alan "Memorial" QHT-nin təsis etdiyi "Qafqaz Düyünü" tərəfindən həyata keçirilib) qalibidir.
Bu yaxınlarda adı çəkilən OCCRP-nin saytında, yeri gəlmişkən, "Toplum TV" açıq şəkildə "Regionda Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzinin tərəfdaşı" adlandırılır.
"Abzas Media" jurnalistlərinə qarşı irəli sürülən eyni ittihamla, mart ayında "Toplum TV"nin bir neçə əməkdaşı Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Azərbaycan "APA" xəbər agentliyinin məlumata görə, mart ayında məlum olub ki, "Toplum TV" xaricdən qanunsuz şəkildə cəlb edilən qrant vəsaitləri hesabına fəaliyyət göstərir və iş üzrə saxlanılanlar isə Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi", "People in Need", "Zinc Network" (əvvəllər "Breakthrough Media" kimi tanınan şirkət, Böyük Britaniya səlahiyyətliləri tərəfindən maliyyələşdirilir və digər şeylərlə yanaşı, müstəqil mediaya və hər cür fəallara dəstək verir), "Open Information Partnership", "Transitions", "OC Media" (Gürcüstanda qeydiyyatdan keçmiş media, İngiltərə Xarici İşlər Nazirliyinin, Demokratiya üçün Avropa Fondunun, Fridrix Ebert Fondunun, Soros Fondunun qrantları üçün mövcuddur, Demokratiya üçün Milli Fond, Çexiya Xarici İşlər Nazirliyi, COBERM) və digər beynəlxalq donor təşkilatlarının qrant layihələrindən pul alıblar.
Yeri gəlmişkən, "Toplum TV" sosial şəbəkələrdə daha əvvəl adı çəkilən "NİDA" hərəkatının səhifələri vasitəsilə reklam edilib.
"APA"nın məlumatına görə, Azərbaycana ABŞ və Avropa bankları vasitəsilə xarici donorlardan hissə-hissə qrant alanlara xeyli məbləğ çatdırılıb. Məsələn, "Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli "Access Bank"dakı hesabına başqa ölkədən hissə-hissə 71 min avro, həmin nəşrin redaktoru Müşfiq Cabbarov isə "Bank Melli İran"ın Azərbaycan Respublikasındakı filialında və Premium Bankda xaricdən alınan 15,9 min avronu nağdlaşdırıb. Nəticədə hissə-hissə bölünən vəsait külli miqdarda toplanıb - təkcə 2020-2023-cü illərdə İDİ və "Toplum TV" əməkdaşlarının əmək haqlarının ödənilməsi və ofis avadanlığının alınması üçün 715 min manat pul alınıb (onlar əslində eyni otaqda yerləşirlər).
"APA"nın məlumatına görə, yuxarıda qeyd olunan faktları təsdiq edən sənədlər hazırda istintaq orqanlarındadır. Bütün bu əməliyyatların koordinatorları isə artıq bizə məlum olan şəxsiyyətlərdir - Ələsgər Məmmədli, Xədicə İsmayılova, Leyla Mustafayeva, Akif Qurbanov və başqalarıdır. İnformasiya Agentliyi xəbər verir ki, qrant vəsaitlərini bütün yerli QHT-lərə paylayanlar məhz onlardır.
Akif Qurbanova qayıdaraq, onun Azərbaycan QHT-lərinin "şəxsi" şəbəkəsində "III Respublika Platforması" ictimai-siyasi strukturu da var. Qurbanov özü də onun yaradıcılarından biri və hazırkı rəhbəridir.
Platforma 2023-cü ilin sonunda "Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra Azərbaycanın yeni "post-Qarabağ" ictimai gündəliyinə və avtoritarizmdən demokratiyaya keçidə ehtiyac" olan bir qrup azərbaycanlı fəal tərəfindən yaradılıb. Bu platforma tərəfindən Azərbaycanda prezident hakimiyyəti rejimindən xarici siyasəti Avropa İttifaqı və NATO-ya üzv olmağa yönəldiləcək parlamentli respublikaya keçid proqramı təklif olunur.
Mart ayında Qurbanov öz həmtəsisçiləri (Araz Əliyev və Ruslan İzzətli) ilə birlikdə Bakıda saxlanılıb.
Saxlanılanların siyahısını davam etdirsək, onların arasında Kanal 13-ün təsisçisi və rəhbəri Əziz Orucov da var. Qeyd edək ki, 2017-ci ildə o, qeydiyyatsız qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etdiyinə görə artıq 6 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan cəzası şərti cəza ilə əvəz edilib.
Onun Kanal 13-ünün YouTube-da 1,6 milyondan çox abunəçisi var. Yuxarıda göstərilənlərin hamısı ilə təxminən eyni redaksiya siyasətinə əlavə olaraq, kifayət qədər təsiredici auditoriyaya sahib olan bu kanal Rusiyaya həsr olunmuş böyük miqdarda media məzmunu istehsal edir. Əsasən, təbii ki, Ukraynadakı münaqişə kontekstində. Üstəlik, bu videolar, necə lazımdır, manipulyasiya üslubunda təqdim olunur - "müstəqil" media açıq şəkildə tamaşaçının gözündə "uğurlu Ukrayna və uğursuz Rusiya" şəklini yaratmağa çalışır.
Məsələn, aprelin əvvəlinə olan "Rusiyanın Ukraynaya müdaxiləsi" adlı pleylistdə ən son videolar "Rusiyaya sursat daşıyan yük maşınlarına pilotsuz təyyarə hücumları", "yol kənarındakı çuxura düşən rus texnikasının kadrları" ya da "Ukrayna üzərində Rusiyanın qanadlı və ballistik raketləri vuruldu" haqqında idi.
Yəni, "müstəqil" və "dürüst" jurnalistlərə elə gəlir ki, Rusiya qoşunlarının irəliləməsi və Çasov Yar şəhərinə daxil olması, Seversk şəhərinə doğru irəliləməsi və Ukraynanın enerji infrastrukturuna təsirli hücumlar kimi cari hadisələr - bu hərbi münaqişə çərçivəsində Rusiya yük maşınının yol kənarında çuxura düşməsindən daha az əhəmiyyət kəsb edir? Təbii ki, Kanal 13 də Ukrayna Silahlı Qüvvələrinin Zaporojye atom elektrik stansiyasına yeni zərbələr endirməsi və bunun fəlakətlə nəticələnə biləcəyindən danışmır.
Yeri gəlmişkən, maraqlısı odur ki, həmin pleylistdə Krokusda terror aktı nəticəsində həlak olanların xatirəsini Moskvada yad etməyə həsr olunmuş videoçarx da var. Belə çıxır ki, onlar Moskvadakı terror aktını tanıyır və rəsmi Kiyevin hərəkətləri ilə əlaqələndirirlər?
"Turan" və "Meydan TV" kimi iri KİV-lərin adı yuxarıda bir neçə dəfə çəkilib - hər ikisi də özlərini "müstəqil" adlandırırlar.
İlk "müstəqil" xəbər agentliyinin rəhbəri Mehman Əliyev əvvəllər Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Soros Fondunun yerli bölməsi) sədri olub. AR səlahiyyətliləri isə onu birbaşa "şübhəli qrant alan" adlandırırlar.
2004-2010-cu illərdə USAID və IREX beynəlxalq təşkilatı Azərbaycan mediasına dəstək layihəsi həyata keçirib. Bu proqram çərçivəsində "Turan" İnformasiya Agentliyi qrant yardımı alıb (seçkiləri işıqlandırmaq, jurnalistləri hazırlamaq, resurslarını tanıtmaq və iş şəraitini yaxşılaşdırmaq üçün).
Bu nəşrin siyasi şöbəsinin redaktoru Şahin Hacıyev, açıq mənbə məlumatlarına görə, "Sərhədsiz Reportyorlar" təşkilatının (Soros, USAID, NED və s. tərəfindən maliyyələşdirilən beynəlxalq QHT) Azərbaycandakı nümayəndəsidir.
Yeri gəlmişkən, əvvəllər qeyd olunan IREX hər il məlumatın istehsalı, yayılması və istehlakını izləməyə imkan verən öz indeksini dərc edir. Bu məqsədlə vəsaiti USAID ayırır. Beynəlxalq "müstəqil" struktur Azərbaycanla bağlı ötənilki sayında hakimiyyətin Qarabağ hadisələri ilə bağlı təbliğat aparmaq üçün dövlət mediasından istifadə etməsindən, siyasi fəalların həbsindən, başqa şeylərlə yanaşı "LGBTQ+ kimi həssas məsələləri əhatə etməyə çalışan" "müstəqil" mediaya təzyiqlərin artmasından bəhs edib. Hətta deyirlər ki, müstəqil jurnalistlərlə ünsiyyətdə olan vətəndaşlar təzyiqlərlə üzləşirlər, respublikada isə qorxu mühiti yaranır.
Həmçinin, IREX USAID-in vəsaiti ilə Azərbaycanda ANMP layihəsini (Azerbaijan New Media Project – Azərbaycan Yeni Media Layihəsi) həyata keçirib.
Diqqət etməli olduğunuz ikinci "müstəqil" media Meydan TV-dir. O, Berlindən fəaliyyət göstərir və Qərbin maliyyəsi ilə dəstəklənir. Məsələn, 2013-cü ildə Azərbaycanda prezident seçkiləri ərəfəsində layihənin yaradıcısı Emin Milli Avropa Demokratiyaya Yardım Fondundan (ADYF, Avropa Komissiyasının sponsorluğu ilə) qrant alıb. Həm də qrantı görünməmiş qısa müddətdə - müraciət etdikdən cəmi 8 gün sonra ala bilib.
Bununla yanaşı, yeri gəlmişkən, Emin Milli, sosial şəbəkələrdə mütəmadi olaraq sadə azərbaycanlılardan - dünyadan gələn ianələrdən Meydan TV-yə necə pul yığmasından və kanalın məhz belə yaşadığından danışırdı.
Azərbaycan Prezidenti Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev əvvəllər qeyd edib ki, Avropada Demokratiyanı Dəstəkləmə Fondu (ADDF) Meydan TV layihəsinə 300 min dollara yaxın qrant ayırıb.
Açıqca etiraf olunur ki, Meydan TV də Toplum TV kimi OCCRP-nin bölgədə "tərəfdaşıdır".
2002-2004-cü illərdə Emin Milli Fridrix Ebert Fondunun Azərbaycandakı direktoru, IRI-in (Beynəlxalq Respublikaçılar İnstitutu, ABŞ) Azərbaycan üzrə koordinatoru olub. O, Londonda SOAS Universitetində təhsil alıb və burada ərəb inqilabları və yeni media mövzusunda dissertasiya yazıb.
Emin Milli ilə bağlı daha bir maraqlı fakt: o, sosial şəbəkələrdə daha əvvəl Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun oğlu - Aleksandr Avakov haqda danışıb. O, nazirin oğlunun könüllü olaraq "London barlarında milyonlarla pul xərcləməkdənsə, Rusiyanın himayə etdiyi terrorçulara qarşı döyüşərək Vətəni müdafiə etməyə getdiyini" yazıb. O bildirib ki, "xalq qarşısında cavabdeh olan demokratik Ukrayna hökuməti" ilə "xalqına nifrət edən, korrupsiya və saxta seçkilər bataqlığında olan Azərbaycan hökuməti" arasındakı fərq budur.
Təsviri tamamlamaq üçün: Aleksandr Avakov əslində 2014-cü ildə Kiyev-1 batalyonunda (Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı hissəsi) könüllü olaraq xidmət edib, lakin burada o, "əsgərlər üçün zəruri əşyaların təchizatı və əsgərlər qarşısında çıxışlar edən sənətçilərin müşayiəti ilə məşğul idi". Cəbhədə döyüşməyən Avakov altı aydan bir az çox müddətdə məhz belə "xidmət edib", sonra ehtiyata köçürülüb, iki il sonra isə Ukrayna millisi üçün bel çantaları alarkən vəsaitlərin mənimsənilməsi (14,5 milyon qrivna büdcə vəsaiti) şübhəsi ilə saxlanılıb.
Bildirilib ki, bel çantaları real qiymətindən beş dəfə baha qiymətə alınıb. Eyni zamanda, istintaqın göstərdiyi kimi, bel çantaları, əslində Ukrayna həbsxanalarında məhbuslar tərəfindən tikilib və Daxili İşlər Nazirliyi onlar üçün pulu "Dneprovend" şirkətinə köçürüb (sənədlərə görə, onun nümayəndəsi Aleksandr Avakovun özü olub). Həbsdən cəmi bir ay sonra DİN rəhbərinin oğlu "şəxsi təqdimatla" azadlığa buraxıldı və bir az sonra məlum oldu ki, prokuror onun təqsirli olduğunu sübut edən videoyazıları nəzərə almadan (qeydiyyatın qorunmayan daşıyıcıda edildiyi bəhanəsi ilə) Avakova qarşı işi bağlayıb –məhkəməyə müraciət edib. Sonra birdən məlum olub ki, orijinal video və onun çəkildiyi kamera məhv edilib - Borispol Rayon Məhkəməsi onların məhv edilməsinə göstəriş verib.
"Bel çantası işi" nin əsas günahkarının nəhayət, müəyyən bir mərhum iş adamı Paxomenko olduğu ortaya çıxdı, qalan müttəhimlər, o cümlədən Aleksandr Avakov, müttəhimlər kürsüsündən azad edildilər.
Amma təbliğatçı Emin Milli öz sosial şəbəkələrində bunların heç biri haqqında danışmadı, əksinə "korrupsioner Azərbaycan hökuməti" və "Post-Maydan Ukraynanın demokratik hökuməti" ilə bağlı danışmağa davam etdi.
Lakin nəinki böyük KİV-lər Qərbin diqqətindədirlər - onlar bölgələrdə də təfəkkürə təsir göstərməyə çalışırlar (20 il əvvəl Soros Fondu özünün AR-dakı fəaliyyət proqramlarında eyni prinsipləri açıq şəkildə bəyan edirdi). Məsələn, "Mingəçevir işıqları" regional qəzeti də IREX və USAID layihəsi çərçivəsində dəstək alırdı. Nəşr öz saytında əməkdaşlarının Internews ilə Vaşinqtonda Beynəlxalq Jurnalistika Mərkəzi və s. ilə əməkdaşlığı barədə məlumat verir.
Qəzet regional və ölkə içi xəbərlərdən əlavə, məsələn, Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin Rusiyanı kifayət qədər tənqid etdiyi, onu BMT Nizamnaməsini gündəlik pozmaqda günahlandırdığı və "işğalçının demokratik Ukrayna torpaqlarından qovulması" ilə bağlı ümumi məqsəddən danışdığı sütunları dərc edir.
Nəşr ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən regional media üçün layihələrdə (Amerika mədəniyyəti üzrə təlimlərlə) iştirak edir. Və təbii ki, onları öz veb-saytlarının əsas səhifəsində təbliğ edirlər.
Torlar geniş yayılıb
Sadəcə olaraq qərəzli medianın əli ilə ictimai rəyə təsir göstərmək kifayət deyil. Bu baxımdan, qonşu ölkələrdə Qərb eyni cibdən qidalanaraq, bir-birinin fəaliyyətini tamamlayan vahid QHT şəbəkəsi yaradır.
Məsələn, Turan İnformasiya Agentliyi "Müdafiə xətti" qeyri-hökumət təşkilatının fəaliyyətini fəal şəkildə təbliğ edir: onlar bu QHT-nin kütləvi insan haqlarının pozulmasından bəhs edən hesabatlarını, hüquq müdafiəçilərinin avropalı diplomatlarla görüşlərini və onların Azərbaycandakı çıxışlarını dərc edirlər, onların keçirdikləri etiraz aksiyalarını işıqlandırır və s.
Meydan TV də onların fəaliyyətini təbliğ edir. Üstəlik, Meydan TV-nin dəstəyi ilə keçirilən və YouTube kanallarında yerləşdirdikləri mətbuat konfransında bu QHT rəhbərləri Avropa Birliyinin rənglərinə bürünürlər.
"Müdafiə xətti" nin rəhbərləri özləri Qərb rəsmilərinin kabinetlərinə daxil olurlar – məsələn, ötən ilin fevralında bu QHT-nin həmsədrləri Fransanın Azərbaycandakı səfiri Anna Boayonun qəbuluna gedir və onunla İctimai Siyasət İnstitutunun fəallarından biri - yaradıcısı və rəhbəri Bəxtiyar Hacıyevin aclıq aksiyası məsələlərini müzakirə edirdilər.
İlk baxışdan adama elə gəlir ki, Fransa səfirinin bununla nə əlaqəsi var? Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycanın informasiya məkanı Fransa kəşfiyyatının agent şəbəkəsinin respublikada ifşa olunması ilə bağlı xəbərlərlə çalxalanmış və cəmi bir həftə sonra Bakı Ermənistan-Azərbaycan münaqişəsinə fəal surətdə qarışmağa cəhd göstərən Parisə etiraz notası (Fransanın müxtəlif siyasi qüvvələri ilə birlikdə Azərbaycan Respublikasına qarşı qərəzli və böhtan kampaniyası ilə əlaqədar) göndərmiş, iki fransız diplomat isə təfərrüatları açıqlamadan persona non-qrata elan edilmiş, onlara ölkəni tərk etmələri əmr olunmuşdu.
Yeri gəlmişkən, fəal Bəxtiyar Hacıyev, açıq mənbələrdən (o cümlədən onu müdafiə edənlər və azadlığa buraxılmasını tələb edənlərdən) əldə edilən məlumata görə, Avropa Demokratiyaya Yardım Fondundan (European Endowment for Democracy, EED) qrant alıb. Bildirilir ki, o, təkcə 2020-2022-ci illərdə gömrükdə bəyan olunmadan xarici banklardakı hesablarına 45,5 min avroya yaxın pul köçürə bilib və ümumilikdə cinayət yolu ilə 144 min manata yaxın (78 min avrodan çox) gəlir əldə edib. Bu pula isə Bakının Yasamal rayonunda mənzil alıb.
Hacıyev azərbaycanlı fəallar tərəfindən siyasi məhbus kimi tanınır. Digər hüquq müdafiə təşkilatı - "Siyasi Məhbusların Azadlığı Uğrunda" isə siyasi məhbusların siyahısını qeydə alır.
Bu təşkilatı "Sülh və Demokratiya İnstitutu" QHT-nin direktoru Leyla Yunus, "Siyasi Məhbusların Monitorinqi Mərkəzi"nin rəhbəri Elşən Həsənov, "Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev təsis ediblər.
Sülh və Demokratiya İnstitutuna daha yaxından nəzər salaq. Öz saytlarında "Haqqımızda" bölməsində onlar bir neçə ildir ki, NED-dən (ABŞ) maliyyə dəstəyi aldıqlarını bildirirlər.
Bu təşkilat həm də Ermənistanın "Region" Araşdırma Mərkəzi" QHT-si ilə əməkdaşlıq edir (onlar həm də Qərb fondları ilə layihələr həyata keçirirlər) – hətta hər iki ölkənin nümayəndələri arasında ünsiyyət üçün onlarla birgə Ermənistan-Azərbaycan saytı da yaradıblar. Birgə layihələr həyata keçiriblər. Nümunə olaraq "Ermənilərin və azərbaycanlıların bir-biri haqqında biliklərinin artırılması və birinci əldən məlumat vasitəsilə qarşılıqlı etimadın yaradılması" layihəsini (Böyük Britaniyanın Ermənistan və Azərbaycandakı səfirliklərinin dəstəyi ilə) götürə bilərik - orada, məsələn, 2013-cü ildə Rusiyanın "son gücü ilə Ukraynadan yapışdığı, amma yenə də uduzduğu" barədə danışıblar. Qərb fondlarından istifadə etməklə qarşılıqlı etimad belə qurulur.
Yeri gəlmişkən, İnstitutun direktoru Leyla Yunus 2014-cü ildə dövlətə xəyanət, külli miqdarda dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılması ittihamları ilə həbs edilib. ABŞ Dövlət Departamenti və Avropa Şurasının baş katibi dərhal onun müdafiəsinə qalxıblar. Onun həbsi ev dustaqlığına ("sağlamlığının pisləşməsi" səbəbindən) və şərti cəzaya çevrildikdən sonra siyasi qaçqın kimi Hollandiyaya mühacirət edib. Bu gün Sülh və Demokratiya İnstitutu Hollandiyadan fəaliyyət göstərir.
Ənənəvi olaraq, Qərb öz təsirini artırmağa çalışdığı ölkələrdə çoxlu insan haqları təşkilatları yaradır. Belə ki, Azərbaycanda həm də Bakı İnsan Hüquqları Klubu fəaliyyət göstərir. Onun rəhbəri Rəsul Cəfərov 2013-cü ilin sonunda etirazçı ukraynalıların (xatırlayırıq ki, həmin Qərb qrantları tərəfindən dəstəklənən) dəstəyi ilə Avromaydanda çıxış etməsi ilə tanınır.
İnsan Hüquqları Evi Fondunun (Human Rights House Foundation ) 2012-ci il hesabatına əsasən (HRHF, bir sıra Qərb hökumətləri və Aİ tərəfindən maliyyələşdirilən beynəlxalq təşkilat, həmçinin müxtəlif Qərb fondlarından (ERIM beynəlxalq QHT vasitəsilə, NED, USAID və s.), Rəsul Cəfərovun fəaliyyəti bir çox Qərb sponsorları - NED, Açıq Cəmiyyət Fondu (Soros Fondu), Alman Marşal Fondu və s. tərəfindən qrant şəklində maliyyələşdirilir.
Onun klubu Aİ tərəfindən maliyyələşdirilən layihələrdə (məsələn, "Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi") iştirak edir.
Bu QHT rəhbəri Avropa Demokratik Gənclər Şəbəkəsinin (EDYN) Azərbaycandakı səfiri Ayşən Muradova olan Azərbaycan Sosial Hüquqlar Mərkəzi ilə fəal əməkdaşlıq edir. EDYN-nin donorlarına müntəzəm olaraq USAİD, IRI, NDI, Qərb hökumətləri və fondlar - məsələn, Konrad Adenauer Fondu - eləcə də NATO daxildir.
Bu Mərkəzin həmtəsisçilərindən biri Gümrü Əliyeva ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən "İcma quruculuğu" (Community Building) layihəsinin təsisçilərindən biri olub. Bu layihənin rəsmi məqsədi (QHT-lərlə əməkdaşlıq vasitəsilə) "ümumi məqsədlərə nail ola biləcək" vətəndaş cəmiyyəti yaratmaqdır. Qeyd edək ki, 2023-cü ildə Amerika səfirliyinin saytındakı məlumatlara görə, ABŞ bunun üçün 185 min dollar ayırıb.
Mərkəz USAID, Böyük Britaniya hökuməti, Müharibə və Sülh Araşdırmaları İnstitutunun (IWPR, onun direktorlar şurasına BBC veteranları, Press Now, amerikalı senatorların məsləhətçiləri və köməkçiləri daxildir. Partnyorlar arasında Karnegi Moskva Mərkəzi, DW Akademiyası, ATƏT-in Bişkek Akademiyası, Sərhədsiz Reportyorlar (RSF) və s. ) dəstəyi ilə layihələr həyata keçirir.
IWRP yaxın xaricdə bu ölkələrin ənənəvi təməllərini "sındıran" qərbyönlü jurnalistlərin və fəalların fəaliyyətini maliyyələşdirməsi ilə diqqət çəkir. Məsələn, İnstitut bundan əvvəl Almatıda "Mərkəzi Asiyanın dekolonizasiyası: rəvayətlərin dəyişdirilməsi" adlı konfrans təşkil edib və burada iştirakçılar rus dilindən imtina, LGBT insanlarının təbliği, Rusiyayönlü mediaya qarşı mübarizə, şəhərlər və küçələrin adlarının dəyişdirilməsi məsələlərini müzakirə ediblər.
Ukraynada onlar 2014-cü ildən Donbassdakı döyüşləri işıqlandırır və qərbyönlü QHT-ləri maliyyələşdirir, "Belarus müxalifətinin lideri" Svetlana Tixanovskayanı isə Mərkəzi Asiyadakı tədbirlərə aparırlar.
Azərbaycanda seçki proseslərinə təsir cəhdləri mövzusuna qayıdaraq, Seçkilərin Monitorinqi və Demokratiyanın Öyrənilməsi Mərkəzini (SMDÖM) xatırlatmaq yerinə düşər.
Bu qurum Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində QHT kimi rəsmi dövlət qeydiyyatından keçməyib, amma buna baxmayaraq, öz fəaliyyətini həyata keçirir.
Mərkəzin rəhbəri hüquq müdafiəçisi Anar Məmmədlidir. APA-nın məlumatına görə, Mərkəz 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı "anti-PR kampaniyası apardığına" görə xaricdən 150 min manat alıb.
SMDÖM donorları arasında müxtəlif vaxtlarda USAID, NDI, NED, Alman Marşal Fondu və ABŞ Səfirliyinin adı çəkilib.
2014-cü ildə Anar Məmmədlinin məhkəməsi zamanı onun müdafiəsi hətta NDI-nin məktubunu da məhkəməyə təqdim edib. Bu məktubda İnstitut Mərkəzə qrant ayrıldığını təsdiqləyib və təqsirləndirilən şəxslərə qarşı heç bir iddiasının olmadığını bildirib. İstintaqın məlumatına görə, söhbət, təxminən 276 min dollardan gedib.
Siyasətçilər də iştirak edir
Son zamanlar bütövlükdə Qərb dövlətlərinin hakimiyyət orqanları, xüsusən də rəsmi Vaşinqton öz bəyanatlarında və hərəkətlərində anti-Azərbaycan ritorikasına xüsusilə tez-tez yol verirlər.
Ötən ilin sentyabrında ABŞ "Azərbaycanın Ermənistana qarşı heç bir zorakı hərəkətini" qəbul etmədiyini vurğulayıb. USAID-in rəhbəri Samanta Pauer dəfələrlə Ermənistanı dəstəkləyib.
Noyabrda ABŞ Senatı Bakıya hərbi və digər yardımların göstərilməsini qadağan edən Ermənistanın Müdafiə Aktı kimi tanınan qanun layihəsini yekdilliklə qəbul edib. Eyni zamanda, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bir sıra yüksək səviyyəli səfərlərin ləğv edildiyini açıqlayıb və qeyd edib ki, Azərbaycan-Amerika münasibətlərinin normallaşması Ermənistanla sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlarda irəliləyiş yaranana qədər olmayacaq. O, həm də Azərbaycan-Amerika münasibətləri tarixində ilk dəfə olaraq Azərbaycanın yüksək rütbəli şəxslərinə qarşı ABŞ-a səfər üçün məhdudiyyətlərin tətbiq olunacağını bildirib.
Artıq bu il Vaşinqton Azərbaycanı dini etiqad azadlığının mümkün pozuntularına görə nəzarət tələb olunan ölkələr siyahısına daxil edib - Azərbaycan Respublikası Dövlət Departamenti tərəfindən dini etiqad azadlığının pozucuları kimi tanınan dövlətlər siyahısına daxil olmaq üçün namizəd olub (bu gün siyahıya Rusiya, Çin, Şimali Koreya, İran, Pakistan, Kuba, Nikaraqua, Myanma, Səudiyyə Ərəbistanı, Eritreya, Tacikistan və Türkmənistan daxildir). Bu siyahıda olmaq, heç bir irəliləyiş olmasa, sanksiyalar təhlükəsi daşıyır.
Azərbaycan bura ona görə daxil edilib ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası Dağlıq Qarabağdakı xristian məbədlərinin taleyi ilə bağlı narahatdır, çünki Azərbaycan keçən il orada tam nəzarətini geri qaytarıb.
Bu cür yanaşmalara və dağıdıcı fəaliyyətlərə cavab olaraq Azərbaycan hakimiyyəti ötən il Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin noyabrda Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşündə iştirakdan imtina edərək, rəsmi şəkildə bəyan edib: "Artıq USAİD-in Azərbaycandakı fəaliyyətinə yer yoxdur".
Bununla belə, Yeni il ərəfəsində USAID-in Azərbaycan nümayəndəliyinin rəhbəri Maykl Nirbas təşkilatın respublikada fəaliyyətini davam etdirəcəyini bildirib.
ABŞ-ın xarici layihələrə maliyyə dəstəyi ilə bağlı rəsmi ABŞ hökumət portalının məlumatına görə, martın sonuna USAID Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə, təxminən 6 milyon dollar xərcləyib (bunun dörddə birindən çoxu "demokratiya və insan haqlarını dəstəkləyən" layihələrə gedib).
Məsələn, bu ilin üç ayından az bir müddətdə USAİD "demokratiyaya dəstək" kimi cəmi bir qrant layihəsi çərçivəsində "müstəqil" medianın maliyyələşdirilməsinə 303 min dollardan çox (yəni 516 min manatdan, yaxud ayda 172 min manatdan çox ) vəsait ayırıb, Bakıda jurnalistlərin orta aylıq əmək haqqlarının 1-2 min manat civarında olmasına baxmayaraq).
Ümumiləşdirsək, deyə bilərik ki, ən yaxşı nəticə USAİD-in rəhbəri Samanta Pauerin 2022-ci il iyun tarixli bəyanatıdır. Həmin vaxt o, təşkilatın əməl etdiyi "demokratiya doktrinasının" əsas elementlərini açıqlamışdı.
Onun sözlərinə görə, yenilənmiş "doktrina" ABŞ-a "demokratiya əlamətlərinin göründüyü" ölkələrə diqqətini artırmağa imkan verir ki, bunlar arasında xanım Pauer dörd ən mühüm əlaməti qeyd edib: "demokratik üsyanlar", "ümid edən avtokratik varislər", "bloklanmış hakimiyyətin ələ keçirilməsi" və "həlledici seçkilər".
Məhz bu məqsədlə Azərbaycana xaricdən təzyiqlərin artdığına, nəzarətdə olan QHT və media şəbəkəsinin daxildə bütünlüklə fəallaşdığına şübhələr getdikcə azalır.
Xəbər lenti
0