Bakı Fransız Liseyi fəaliyyətini niyə dayandırır? Elm və Təhsil Nazirliyi səbəbi açıqladı

Bakı Fransız Liseyi - Sputnik Azərbaycan, 1920, 19.04.2024
Abunə olmaq
Nazirlik bildirib ki, dərs ilinin sonunda şagirdlərin valideynləri və qanuni nümayəndələri onların köçürülməsi üçün elektron platformadan istifadə edə biləcəklər.
BAKI, 19 aprel — Sputnik. Fransanın Bakıdakı səfirliyinin dəstəyi ilə yaradılan Bakı Fransız Liseyi Azərbaycan-Fransa münasibətlərinin pisləşməsi fonunda fəaliyyətini dayandırır.
Bu barədə Təhsil və Elm Nazirliyi məlumat yayıb.
İdarədən verilən məlumata görə, artıq bu təhsil müəssisəsində təhsil alan uşaqların valideynlərinə müvafiq məktub göndərilib və orada liseydə tədrisin tədris müddəti başa çatana qədər davam etdiriləcəyi qeyd olunub. Dərslərin sonunda tələbələrin valideynləri və qanuni nümayəndələri tələbələrin köçürülməsi üçün elektron platformadan istifadə edə biləcəklər.
“Fransız Liseyi özəl təhsil müəssisəsi olduğundan, oradakı şagirdlər də xarici dildə tədrisə diqqət yetirməklə Azərbaycanda mövcud olan digər özəl məktəblərə keçə biləcəklər” - nazirlikdən bildirilib.
Nazirlik onu da bildirib ki, hazırda 200 şagirdin təhsil aldığı lisey yeni tədris ilindən fəaliyyətini dayandıracaq.
Bakı Fransız Liseyindən isə bildirilib ki, liseyin fəaliyyətinin dayandırılması qərarının qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması, saxlanma xərcləri ilə bağlı çətinliklər, habelə fəaliyyətin iqtisadi cəhətdən səmərəli olmamasıdır.
Odur ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu liseyin ləğv olunması haqqında qərar qəbul edilib.
Məlumata görə, 320 şagird üçün nəzərdə tutulan məktəb, bu illər ərzində təsisçi tərəfindən təyin edilən hədəfə çatmayıb, 200 nəfərlik baryeri (60%) keçə bilməyib, bu isə öz növbəsində məktəbin rentabelliyinə ciddi şəkildə təsir göstərib və təsisçi öz büdcəsindən hər il BFL-in fəaliyyətinin davam etdirməsi üçün əlavə xərcləri qarşılamaq məcburiyyətində qalıb.
"Qeyd olunanları nəzərə alaraq cari vəziyyətdə BFL-in bundan sonrakı fəaliyyətini davam etdirməsi təsisçi tərəfindən mümkünsüz hesab edilib. BFL-də tədris ilinin iyulun 1-də başa çatacağını nəzərə alaraq şagirdlər təhsil proqramının sonuna qədər təhsillərini davam etdirəcək və ləğv olunma haqqında qərar yalnız iyulun 1-dən qüvvəyə minəcək" - məlumatda bildirilib.
Qeyd edək ki, 2011-ci ilin martında Fransanın Azərbaycandakı səfirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi arasında Bakıda fransız liseyinin tikintisinə dair Niyyət Bəyannaməsi imzalanıb. Həmin ilin oktyabrında Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə liseyin təməli qoyulmuş, 2014-cü il sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva liseyin açılışda iştirak etmişlər.
320 yerlik təhsil müəssisəsində ibtidai təhsil qrupları və məktəbəqədər təhsilə hazırlıq kursu da daxil olmaqla kollec-lisey fəaliyyət göstərir. Lisey Azərbaycanda müvəqqəti və ya daimi yaşayan fransız dilli əcnəbi vətəndaşlara və Azərbaycan vətəndaşlarına fransız dilində təhsil vermək məqsədi ilə yaradılmışdır.
***
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. Bu barədə valideynlərə məktub göndərilib.
Məktəb Administrasiyasından faktı təsdiq ediblər. Bildirilib ki, liseyin fəaliyyətini dayandırmasının səbəbi kommersiya problemləridir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə mediadan daxil olan sorğulara cavab olaraq bildirib ki, özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır. Ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.
"Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər. Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər. Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər" - qurumdan bildirilib.
Liseyin təməli 2011-ci ilin 7 oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində imzalanan "Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması haqqında" Sazişə əsasən qoyulub.
Sazişi elə həmin gün Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə Xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri de Renkur imzalayıblar.
Liseyin yaradılmasına Heydər Əliyev Fondu da dəstək verib. Liseyin yaradılmasının əsas məqsədi Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaratmaq olub.
Xəbər lenti
0