Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi niyə azalıb

© Sputnik / Murad OrujovAzərbaycan və Rusiya sərhədi
Azərbaycan və Rusiya sərhədi - Sputnik Azərbaycan, 1920, 19.04.2024
Abunə olmaq
2024-cü ilin birinci rübünün yekunlarına əsasən, Rusiya Federasiyası ticarət dövriyyəsinə görə Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub və Azərbaycanın qeyri-neft məhsullarının idxalına görə ölkələr siyahısında liderliyini qoruyub saxlayıb.
BAKI, 19 aprel — Sputnik. 2024-cü ilin birinci rübündə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,8% azalaraq 890,7 milyon dollar təşkil edib.
Bununla yanaşı, Rusiya Azərbaycanın qeyri-neft məhsullarının idxalına görə ölkələr siyahısında lider mövqeyini qoruyub saxlayıb - yanvar-mart aylarında Azərbaycan Rusiya Federasiyasına 225,5 milyon dollar dəyərində qeyri-neft sektoru məhsulları tədarük edib. Beləliklə, Azərbaycanın Rusiyaya ixracının əsas hissəsini – 98 faizini qeyri-neft məhsulları təşkil edib.
Ümumiyyətlə, Rusiya Azərbaycanın mal ixrac etdiyi ölkələrin reytinqində yüksəlib - bu ilin birinci rübünün nəticələrinə görə, Rusiya Federasiyası Azərbaycan məhsullarını idxal edən ölkələr siyahısında altıncı olub. Xatırladaq ki, ötən analoji dövrdəki bu rəqəm doqquzuncu yer idi.
Eyni zamanda, Azərbaycana ixrac edən ölkələr arasında Rusiya 661,7 milyon dollar dəyərində mal və xidmətlər təqdim edərək bu sahədə birinciliyi Çinə ötürüb. Ötən ilin analoji dövrünün nəticələrinə görə, Rusiya respublika üçün bir nömrəli ixracatçı olub .
Ümumiyyətlə, Rusiya 2024-cü ilin birinci rübünün yekunlarına əsasən ticarət dövriyyəsinə görə Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Keçən ilki artımdan sonra azalma
Qeyd edək ki, ötən ilin sonunda və ilk növbədə onun birinci rübünün sonunda nəzərəçarpacaq artımı nəzərə alsaq, iki ölkə arasında ticarət dövriyyəsinin azalması diqqəti çəkir.
Belə ki, 2023-cü ilin yanvar-mart aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 67,5% artaraq 1 milyard dollardan çox olub. Ötən ilin nəticələrinə görə isə ölkələr arasında ticarət dövriyyəsi 4,3 milyard dollara çatıb ki, bu da 2022-ci ilə nisbətən 17,5 % çoxdur.
Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin azalmasına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, bu ilin sonrakı rüblərində bu göstəricinin dəyişmə dinamikasını izləmək lazımdır.
"Ola bilsin ki, bu azalma mövsümi faktorla bağlıdır, çünki ənənəvi olaraq Azərbaycandan Rusiyaya mal ixracı qışda azalır. Əgər bu dinamika ikinci və üçüncü rüblərdə də davam edərsə, məncə, bunun daha dərin səbəblərini axtarmaq lazım gələcək. Fikrimcə, əsas səbəblər ötən illə müqayisədə bank əməliyyatlarının bir qədər mürəkkəbləşməsidir", - Natiq Cəfərli "Sputnik Azərbaycan"a bildirib.
Onun sözlərinə görə, bu ilin əvvəlindən hətta Rusiya ilə eyni təşkilata üzv olan ölkələrlə, yəni Qazaxıstan, Ermənistan və Qırğızıstanla ticarət dövriyyəsində müəyyən azalma müşahidə olunub:

"Bir çox ekspertlər qeyd edirlər ki, Rusiya ilə bank əməliyyatları xeyli mürəkkəbləşib, hətta Qazaxıstan, Ermənistan və Qırğızıstan da öz banklarına qarşı ikinci dərəcəli sanksiyalardan qorxurlar. Əgər əmtəə dövriyyəsində azalma tendensiyası davam edərsə, bu, o deməkdir ki, institusional problemlər var və onları hansısa yolla həll etmək lazımdır".

© Sputnik / Murad OrujovNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Natiq Cəfərli
Sanksiyalar istər-istəməz ticarət dövriyyəsinə təsir edir
Milli Məclisin deputatı Rüfət Quliyevin sözlərinə görə, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin azalmasına Qərbin sanksiyaları təsir edir.

"Rusiya Qərb ölkələrinin ən sərt sanksiyaları altındadır, üstəlik, onlar ikinci dərəcəli sanksiyalar tətbiq edirlər ki, bu da təbii olaraq ticarət dövriyyəsinə təsir göstərir", - Quliyev "Sputnik Azərbaycan"a bildirib.

Deputatın sözlərinə görə, istənilən halda Azərbaycanla Rusiya arasında çox yaxşı və güclü iqtisadi əlaqələr var və bu əlaqələrin investisiya komponenti də kifayət qədər əhəmiyyətlidir.
CC BY-SA 4.0 / Agulani / Rufet QuliyevAzərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev
Sanksiyaların nəticələri: mənfi və müsbət
Bir müddət əvvəl Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsindəki dəyirmi masada çıxışı zamanı Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının dünya iqtisadiyyatı kafedrasının müdiri Mariya Tkaçenko təqdimatdan sonra bildirib ki, Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra, Azərbaycanla Rusiya Federasiyası arasında iqtisadi əlaqələr bir sıra müsbət və mənfi tendensiyalara məruz qalıb.
Müsbət tendensiyalar arasında ekspert iki ölkənin xarici ticarət ödənişlərində milli valyutaların payının artmasını qeyd edib. Bundan əlavə, sənaye kooperasiyası nöqteyi-nəzərindən ən perspektivli məhsul qruplarında mal mübadiləsi artır.
Ekspert, eyni zamanda ixrac olunan əmtəə strukturunun oxşarlığını iki ölkə arasında ticarət əlaqələrində məhdudlaşdırıcı amil kimi müəyyən edib. Yəni nə Rusiya Azərbaycan üçün, nə də Azərbaycan Rusiya üçün əsas neft bazarına çevrilə bilməz.
İki ölkə arasında ticarət əlaqələrini məhdudlaşdıran ikinci amil nəqliyyat və logistika infrastrukturudur. Rusiyada sanksiyalardan əvvəl əsasən liman infrastrukturunun, daha az dərəcədə isə dəmir yolu və yol infrastrukturunun inkişafına ciddi diqqət yetirilirdi. Bu, hazırda ölkələr arasında multimodal daşımaları çətinləşdirir.
Ekspert daha bir mənfi amil kimi ikinci dərəcəli sanksiyaların təhlükəsini qeyd edib. Bu, Rusiya Federasiyası ilə əməkdaşlıq edən bütün ölkələri əhatə edir.

"Amma bunun əksinə olaraq Azərbaycanın, belə desək, yaxşı mövqeyini qeyd etmək istərdim ki, o, hansısa anlıq mənfəətlərə deyil, milli maraqlara yönəlib və öz milli maraqlarını həyata keçirmək üçün ikitərəfli müqavilələr bağlamağı üstün tutur. Buna görə də Azərbaycan üçüncü ölkələr tərəfindən ən az təzyiqə məruz qalır", - Tkaçenko bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0