AQTA sədrindən qida ilə bağlı şok açıqlama - Azərbaycan öndə gedən ölkədir
"Azərbaycanda 100 min nəfərə görə zəhərlənmə 4 hadisə, Avropa Birliyi ölkələrində isə 10 hadisədir. Azərbaycanda 2023-cü ildə baş verən 143 zəhərlənmənin 104-ü məişətdə baş verib. Bu, ondan xəbər verir ki, ilkin istehsal zamanı qablaşdırmadan, saxlanmadan, satışdan daha çox biz özümüz onu istehlak edərkən, ev şəraitində həmin qidanı təhlükəli edirik. Qidanın təhlükəliliyi yalnız onun istehsalı, daşınması, qablaşdırılması prosedurunda deyil, eyni zamanda onun istehlakı prosedurundadır. Azərbaycanda son zamanlar dönərxanalarda baş verən zəhərlənmələrlə əlaqədar mətbuatda da məlumat yayıldı. Qəribə də olsa, Azərbaycan satıcısı hələ də elementar gigiyenik qaydalara əməl edib əllərini lazımi şəkildə yuya bilmir. Məsələn, qəssab mətbəxdə iş görən zaman bıçaqla əlini zədələyir və orada irinli yara əmələ gəlir. Həmin irinli yaranı da asanlıqla dönərə və yaxud lüləyə keçirir. Beləliklə 30-40 adamda mədə-bağırsaq pozğunluqları ilə bağlı hal ortaya çıxır. İnsanlarda belə bir təəssürat yaranır ki, bu, həmin qidanın özündə baş verən pozuntu ilə bağlıdır. Əslində isə qidanın özü ilə düzgün davranış qaydalarına riayət etməyi öyrənməliyik. Bizdə nədənsə elə təəssürat yaranıb ki, digər ölkələrdə qida həddindən artıq sağlamdır, bizdə isə ona qarşı münasibət həddindən artıq kritikdir. Bu, belə deyil. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Azərbaycan dünyada qidası təhlükəsiz olan ən öndəgedən ölkələrdən biridir".