DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hindistan XİN Çinin yer adlarını dəyişdirmək cəhdlərini mənasız adlandırıb

© AFP 2024 / PUNIT PARANJPEHindistan bayrağı, arxiv
Hindistan bayrağı, arxiv - Sputnik Azərbaycan, 1920, 12.04.2024
Abunə olmaq
Çin Hindistanın Arunaçal-Pradeş əyalətini Cənubi Tibet adlandırır və bu əraziyə iddia edir.
BAKI, 12 aprel — Sputnik. Hindistan Xarici İşlər Nazirliyi Çinin Hindistanın Arunaçal-Pradeş ştatında yerlərin adının dəyişdirilməsi cəhdlərini mənasız hesab edir. Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval deyib.
"Çin Hindistanın Arunaçal Pradeş ştatında yerlərin adlarının dəyişdirilməsi ilə bağlı mənasız cəhdlərində israrlıdır. Biz bu cür cəhdləri qətiyyətlə rədd edirik. Uydurma adların verilməsi Arunaçal Pradeşin Hindistanın ayrılmaz hissəsi olduğu, hər zaman olduğu və həmişə olacağı reallığını dəyişməyəcək", - Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin bəyanatında deyilir.
Çin Hindistanın Arunaçal-Pradeş əyalətini Cənubi Tibet adlandırır və bu əraziyə iddia edir. Keçən həftə Çinin Mülki İşlər Nazirliyi Arunaçal Pradeş üçün Çin adı olan "Zangnan"da dördüncü standartlaşdırılmış yer adları siyahısı olaraq bölgədə 30 əlavə yer adını açıqlayıb.
Şimal-şərqdəki Arunaçal-Pradeş ştatında təxminən 60 min kvadrat kilometr əraziyə sahiblik mübahisəsinə əlavə olaraq, Hindistan və Çin arasında Kəşmirin şimalındakı dağlıq əraziyə görə uzun müddətdir davam edən ərazi mübahisəsi var. Bu regionda ölkələr arasında sərhədi əvəz edən Faktiki Nəzarət Xətti Ladax bölgəsindən keçir. 1962-ci ilin payızında bu mübahisə hətta sərhəd müharibəsinə çevrilmişdi.
2020-ci ilin may ayında Panqonq gölü bölgəsində Çin və Hindistan hərbçiləri arasında bir sıra toqquşmalar baş verdikdə, Ladaxda yeni eskalasiya başladı, bundan sonra Yeni Dehli və Pekin bölgədəki hərbi mövcudluğunu artırdı. 2021-ci ilin fevralında bölgəyə köçürülən qoşunların əksəriyyəti çıxarıldı və tərəflər danışıqları davam etdirdilər. 2022-ci ilin sentyabr ayının əvvəlində Hindistan və Çin qoşunların çıxarılmasının yeni mərhələsini həyata keçirdilər, lakin bütün sərhəd məsələlərini həll etmədilər və buna görə də danışıqlar davam edir. Hazırda Hindistan-Çin sərhədinin hər iki tərəfində hələ də 50-60 min əsgər yerləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0