CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ünvanlı sosial yardım - Ayının min oyunu bir armudun başındadır

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv
Azərbaycan manatı, arxiv - Sputnik Azərbaycan, 1920, 09.04.2024
Abunə olmaq
Nazirlik iddia edir ki, son illər aparılan sosial islahatların hədəflərindən biri də ünvanlı dövlət sosial yardımına əlçatanlığın daha da artırılması olub.
BAKI, 9 aprel — Sputnik. Azərbaycanda ünvanlı dövlət sosial yardımının verilməsində vətəndaşlara bir sıra problemlər yaradılır. Yaradılan problemlərdən biri də vətəndaşlara kommunal xərclərə görə ünvanlı dövlət sosial yardımından imtina verilməsidir. Suraxanı rayonu sakini Mürsəlova Səbinə Bədir qızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kommunal xərci çox olduğu üçün ona ünvanlı dövlət sosial yardımı verilməsindən imtina olunub. Onun sözlərinə görə, elektrik enerjisi, su sərfinə görə aylıq ödəniş çox olduğundan ailəyə ünvanlı dövlət sosial yardımı verilməyib.
Kommunal ödənişləri çox olan vətəndaşa sosial yardıma imtina gəldi
Sputnik Azərbaycan-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilmiş cavabda bildirilib ki, Mürsəlova Səbinə Bədir qızı ilə bağlı 30 avqust 2023-cü il tarixində ünvanlı sosial yardımla bağlı elektron sistemə müraciəti olub. Müraciətə qurumlarla yoxlama əsasında 14 sentyabr 2023-cü il tarixində ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə ( 36.9 manat) bərabər və ya ondan yuxarı olması səbəbi ilə imtina verilib. Ailə tərəfindən son 12 ay ərzində işıq üzrə 406, su üzrə 846, qaz üzrə isə 258 manat ödənilib, yəni hər ailə üzvü üçün 62,9 manat xərc olunub.
Qeyd edək ki, vətəndaşlara ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı son vaxtlar şikayətlər artıb.
Quru torpağa görə vətəndaşa yardım verilmir
Milli Məclisin üzvü Razi Nurullayev Sputnik Azərbaycan-a bildirib ki, adına quru torpaq, avtomobil olan şəxslərə də ünvanlı dövlət sosial yardıma görə imtinalar gəlir. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 37 saylı qərarına görə, ünvanlı dövlət sosial yardımına müraciət edənin mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsi ilə bağlı qeyd var. Amma bu avtomobilin istismar müddətinin başa çatması barədə məsələ yoxdur. Vətəndaş həmin avtomobili istifadə etməsə belə, adında varsa ona problem yaranır. Deputat deyir ki, NK-nın 37 saylı qərarı sosial yardıma ehtiyacı olanların bu yardımı almasına mane olur. R. Nurullayev deyir ki, vətəndaşlar bu problemlərlə bağlı deputatalara müraciət edirlər. Onun sözlərinə görə, deputatlar xeyli sayda vətəndaşa nəqliyyat vasitəsini, torpaq sahəsini adlarından çıxarmağa yardım edib ciblərindən pul ödəyiblər.
Yumurtlayan toyuğu olan kəndliyə yardım düşmür?
Kəndlərdə az qala yumurtlayan toyuğu olanlara belə bunu gəlir yeri kimi görüb ünvanlı dövlət sosial yardımı verməkdən imtina hallarının olduğuna dair şikayətlər də tez-tez sosial şəbələrdə yer alır. Məlumatlara görə, Zaqatalada yumurtlayan ördəyi olduğuna görə vətəndaşa ünvanlı sosial yardım verilməsindən imtina edilib.
Nazirlik sosial yardım alanların artdığını deyir, rəqəmlər azaldığını göstərir
Nazirlik isə iddia edir ki, son illər aparılan sosial islahatların hədəflərindən biri də ünvanlı dövlət sosial yardımına əlçatanlığın daha da artırılması olub. Bu məqsədlə müvafiq qanunvericilikdə bir sıra dəyişikliklər edilib, ünvanlı sosial yardımın təyinatı şərtləri xeyli yumşaldılıb.
"Məsələn, artıq ailənin götürdüyü kredit ünvanlı sosial yardım almaq hüququna baxılan zaman gəlir kimi nəzərə alınmır və yardım təyinatına maneə yaratmır. Yaxud sosial yardım üçün müraciət edən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə yaşayış minimumuna nisbəti əvvəllər 10 faizdən çox olmamalı idisə, son illər bu nisbət 15 faizə çatdırılıb. Həmçinin ailənin sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə tam və düzgün məlumat verməsi və sosial yardım təyin edildikdən sonra gəlirlərində dəyişiklik baş verdikdə bu barədə məlumat verməsi üçün müəyyən olunan müddət 5 iş günündən 15 iş gününə qədər uzadılıb. Eyni zamanda, ünvanlı sosial yardım üçün müraciət edən zaman ailədən tələb olunan məlumatların sayı əhəmiyyətli dərəcədə azaldılıb və artıq həmin məlumatlar müvafiq elektron informasiya bazalarından əldə olunur və s", - nazirlikdən bildirilib.
Nazirlikdən həmçinin bildirilib ki, ailənin adına pay torpağının olması heç də ona ünvanlı sosial yardım təyinatına maneə yaratmır: "Lakin həmin pay torpağı ilə bağlı aylar üzrə ardıcıl məcburi dövlət sosial sığorta ödənişləri edilməlidir. "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.4-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) isə ailəyə ünvanlı sosial yardımın təyin olunmasından imtina edilir".
Məlumat üçün bildirək ki, son illər ünvanlı dövlət sosial yardımı alanların sayında kəskin azalma var.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yekunların əsasən 64 min ailənin 272 min 300 üzvü ünvanlı sosial yardım alıb. Statistik təhlil göstərir ki, ötən il ünvanlı sosial yardım alanların sayı əvvəlki il ilə müqayisədə 18 min 500 nəfər azalıb. Bu eyni zamanda, 2023-cü ildə yardım alan ailələrin sayında da azalmanın olması deməkdir. Ötən il bu sosial yardımı alan ailələrin sayı əvvəlki il ilə müqayisədə 1500 daha az olub. Bütün bunlar ilə yanaşı, 2023-cü ilin yekunlarında bir nəfərə düşən orta aylıq məbləğ 88,09 manatdan 114,3 manatadək yüksəlib. Bu daha çox ötən il ehtiyac meyarı həddinin 2022-ci illə müqayisədə 23 faiz artırılaraq 246 manat müəyyənləşdirilməsi ilə bağlı olub.
Elə qaydalar qoyublar ki...
Deputat Vüqar Bayramov da bildirir ki, ünvanlı sosial yardım alanların sayındakı azalma bu istiqamətdə şərtlərə yenidən baxılmasını daha da aktuallaşdırır: "Məsələn, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda o yardıma müraciət etmək hüququna malik olmur. Halbuki, daha məqsədəuyğun olardı ki, bu tələb istehsal ili çox köhnə olan avtomobillərə şamil edilməsin. Aydındır ki, buraxılış ili çox köhnə olan avtomobil nə dəyər baxımdan, nə də ailənin gəlir mənbəyi baxımdan xüsusi paya malik ola bilmir. Bütövlükdə, son statistika ünvanlı sosial yardım proqramı ilə bağlı mövcud fiskal imkanlar çərçivəsində təkmilləşdirilmələrin aparılmasını daha da prioritetləşdirir".
Qeyd edək ki, 2024-cü il yanvarın 1-nə olan vəziyyətə görə, 64,0 min aztəminatlı ailənin 272,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Onun bir nəfərə düşən orta aylıq məbləği 114,3 manat təşkil edib. Ötən ilin mart ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 422,3 manat idisə, bu ilin müvafiq dövründə həmin məbləğ artaraq 485,6 manat təşkil edib.
Xəbər lenti
0