Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tütün məmulatlarının idxalı, istehsalını həyata keçirən sahibkarların reyestri aparılacaq

© AP PhotoTütün zavodu, arxiv
Tütün zavodu, arxiv - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Abunə olmaq
Ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatlarının sanitar-gigiyena normalarına uyğun gəlməməsi əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsi ilə yanaşı vergidən yayınma hallarının da geniş vüsət almasına səbəb olur.
BAKI, 6 aprel — Sputnik. Tütün məmulatlarının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin reyestri aparılacaq. Bu, "Tütün və tütün məmulatı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, reyestrin aparılması qaydası və reyestrin əsasnaməsi müvafiq qurum tərəfindən müəyyən ediləcək.
Tütün məmulatının istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat şərtləri aşağıdakılardır:
avadanlıqların alınmasına 34 milyon manatdan az olmayan məbləğdə investisiyanın qoyulması;
Azərbaycanda vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;
vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin olması;
tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq avadanlıqlarının uyğunluğun qiymətləndirilməsinə dair sənədlərin olması;
keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası ilə (istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası olmadığı təqdirdə) müqavilənin olması.
Sahibkarlıq subyektləri tütün məmulatının istehsalında yerli tütün xammalından istifadə həcmlərinə dair müvafiq qurumun müəyyən etdiyi tələblərə riayət etməlidirlər.
Avadanlıqların alınmasına 34 milyon manatdan az olmayan məbləğdə investisiyanın qoyulması yalnız yeni fəaliyyətə başlayan və ilk dəfə qeydiyyata alınan subyektlərə şamil edilir.
Tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat şərtləri aşağıdakılardır:
Azərbaycan Respublikasının ərazisində azı 1 il olmaqla tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi;
Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;
vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin olması.
Qeydiyyat şərtləri pozulduqda, habelə "Lisenziyalar və icazələr haqqında" qanunda göstərilən hallarda tütün məmulatının idxalı fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin qeydiyyatı ləğv ediləcək.
Layihəyə görə, tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiq edilməsi, bu məqsədlə tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması mexanizmi cəmiyyətin maraqlarının, o cümlədən əhalinin sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlib.
Belə ki, ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatlarının sanitar-gigiyena normalarına uyğun gəlməməsi və bazarda mənşəyi məlum olmayan, aşağı keyfiyyətli malların satışı əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsi ilə yanaşı vergidən yayınma hallarının da geniş vüsət almasına səbəb olur.
İcazə sisteminin tətbiqi bu sahədə fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, əhalinin sağlamlığının müdafiəsinin təmin edilməsinə, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına, mövcud sahədə rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına, istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına və yerli xammaldan istifadə perspektivlərinin yaranmasına xidmət edəcək.
Yerli istehsalın rəqabət qabiliyyəti artırılır
Prezident İlham Əliyev 2023-cü il fevralın 7-də "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Sərəncam imzalayıb. Məqsəd tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, qanunla müəyyən edilmiş dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir.
Əlavə edək ki, beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət çərçivəsində aksiz dərəcələrinin mərhələli şəkildə artırılması və optimallaşdırılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0