Azərbaycan və Konqo prezidentlərinin görüşündə nə baş verib?
13:22 04.04.2024 (Yenilənib: 13:25 04.04.2024)
© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Konqo prezidentlərinin təkbətək görüşü olub
Abunə olmaq
Deni Sassu-Nqesso deyib ki, Konqonun çox böyük kənd təsərrüfatı potensialı, bol su mənbələri və bütün ilboyu şəfəq saçan Günəşi var. Odur ki, Azərbaycanın bu sahələrdəki təcrübələrindən yararlanmaq istəyirlər.
BAKI, 4 aprel — Sputnik. Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdə Prezident İlham Əliyev Konqo prezidentini və qonaqları salamlayandan sonra deyib:
"Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır və bu gün təkbətək görüşdə biz bir çox məsələləri geniş müzakirə etdik. Gündəliyimiz kifayət qədər genişdir. Biz bu gün siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında danışmışıq. Müzakirə olunan bütün məsələlərlə bağlı bizim fikrimiz üst-üstə düşür. Təbii ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək. Ümid edirəm ki, səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq və bizə verdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm.
Bu gün, eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə etdik və apardığımız bütün müzakirələr bir daha göstərir ki, bizim vahid mövqeyimiz bu məsələ ilə bağlı vardır.
Sizin rəsmi səfərinizdən öncə Konqodan və Azərbaycandan nümayəndə heyətlərinin qarşılıqlı surətdə səfərləri təşkil edilmişdir. Bu, səfərə hazırlıq məqsədi daşıyan addımlar idi. Əminəm ki, bu gün imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək.
Bir daha xoş gəlmisiniz".
"Ölkəmizin çox böyük kənd təsərrüfatı potensialı var və biz əkin sahələrinin cəmi 3 faizini istifadə edirik"
Sonra Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso çıxış edərək deyib:
"Cənab Prezident.
Mən, ilk növbədə, Sizə təşəkkürümü ifadə etmək istərdim ki, Siz bizə şərait yaratdınız, biz Sizin gözəl ölkənizi, gözəl şəhərinizi, paytaxtınızı ziyarət edə bildik. Biz uzun müddətdir ki, Bakı haqqında eşitmişik və Sizin dəvətiniz sayəsində biz Azərbaycanı və Bakını ziyarət etdik. Buna görə Sizə bir daha təşəkkürümü ifadə edirəm.
Siz bizim təkbətək görüşümüzün icmalını etdiniz. Mən, sadəcə, bir-iki şərh vermək istərdim ki, bizim ölkələrimiz arasında çox böyük potensial var və o, bizim əhalimiz üçün inkişafa töhfə verə bilər. Mən məsələn, qeyd etmişdim ki, bizim ölkəmizin çox böyük kənd təsərrüfatı potensialı var və biz əkin sahələrinin bəlkə də cəmi 3 faizini istifadə edirik, bu da o deməkdir ki, yerdə qalan hamısı istifadə üçün hazırdır. Bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik. Məsələn, biz Konqoda məhsul istehsal edə və sonra onu ixrac edə bilərik.
Mən, eyni zamanda, bir daha qeyd etmək istərdim ki, bərpaolunan enerji sahəsində də bizim çox böyük potensialımız var, bütün ilboyu Günəşimiz var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlana bilərik".
***
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxış ediblər.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan-Konqo sənədləri imzalanıb
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzaladılar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”nı imzaladılar.
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Konqo Respublikasının ətraf mühit, dayanıqlı inkişaf və Konqo hövzəsi naziri xanım Arlette Soudan Nonault “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”nu imzaladılar.
***
Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun aprelin 4-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Konqo Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti Deni Sassu-Nqessonu qarşılayıb.
© Official website of President of Azerbaijan RepublicKonqo Prezidenti Deni Sassu-Nqessonun rəsmi qarşılanma mərasimi olub
Konqo Prezidenti Deni Sassu-Nqessonun rəsmi qarşılanma mərasimi olub
Fəxri qarovul dəstəsinin rəisi Konqo Prezidentinə raport verib.
Prezident Deni Sassu-Nqesso Azərbaycan əsgərlərini salamlayıb.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Konqo Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
© Official website of President of Azerbaijan RepublicKonqo Prezidenti Deni Sassu-Nqessonun rəsmi qarşılanma mərasimi olub
Konqo Prezidenti Deni Sassu-Nqessonun rəsmi qarşılanma mərasimi olub
Azərbaycan nümayəndə heyəti Konqo Prezidentinə, Konqo nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Konqo Prezidenti Deni Sassu-Nqessonun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.