CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman Tərtər və Ağdamdakı mina partlayışları ilə bağlı məlumat yayıb

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva  - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Ombudsman Aparatından verilən xəbərə görə, Ermənistanın otuz illik işğal dövründə torpaqlarımızda basdırdığı minalar insanların həyatına və sağlamlığına təhlükə yaratmaqda davam edir.
BAKI, 3 aprel — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtər və Ağdamdakı mina partlayışları ilə bağlı məlumat yayıb.
Ombudsman Aparatından verilən xəbərə görə, Ermənistanın otuz illik işğal dövründə torpaqlarımızda basdırdığı minalar insanların həyatına və sağlamlığına təhlükə yaratmaqda davam edir:

"Növbəti mina terroru nəticəsində dörd nəfər mülki şəxs yaralanıb. Ümumilikdə İkinci Qarabağ müharibəsindən bu günədək 350 nəfər minadan zərər çəkib. Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir".

Xatırladaq ki, Tərtər rayonunun Çaylı kəndi ərazisində mina partlayıb, 3 nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır.
Əlavə edək ki, aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Ağdam rayon prokurorluğu məlumat yayıb.
Hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.
Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0