DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin Almaniyadakı Baş konsulluğuna hücum olub

© AP Photo / Martin MeissnerAlman polisi
Alman polisi - Sputnik Azərbaycan, 1920, 27.03.2024
Abunə olmaq
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, martın 26-sı gecə saatlarında Türkiyənin Hannoverdəki Baş konsulluğunun giriş qapısına PKK təşkilatının tərəfdarları tərəfindən hücum edilib.
BAKI, 27 mart — Sputnik. Türkiyənin Almaniyada yerləşən Baş konsulluğu PKK tərəfdarlarının hücumuna məruz qalıb.
Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, martın 26-sı gecə saatlarında Türkiyənin Hannoverdəki Baş konsulluğunun giriş qapısına PKK təşkilatının tərəfdarları tərəfindən hücum edilib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Hücumdan sonra Almaniya rəsmiləri ilə əlaqə saxlanılaraq, alman hakimiyyətinin Türkiyə vətəndaşlarının və diplomatik nümayəndəliklərinin təhlükəsizliyinə cavabdeh olduğu xatırladılıb.
"Küncə sıxışdırılmış PKK terror təşkilatının Avropadakı türk icmasını narahat etməyə yönəlmiş hərəkətlərinin artdığı görünür. Vətəndaşlarımızın sağlam düşüncəsi sayəsində bu təxribatlar daha böyük hadisələrə çevrilməyib. Aidiyyəti ölkələrdən gözləntimiz terror təşkilatı tərəfdarlarının fəaliyyətinə icazə verilməməsi və hücum edənlərin tez bir zamanda məsuliyyətə cəlb olunmasıdır" - bəyanatda qeyd edilib.
Xatırladaq ki, martın 24-də Belçikanın Leuven şəhərində toplaşan PKK üzvləri Heusden-Zolder və Hauthalen şəhərlərində yaşayan Türkiyə vətəndaşlarına hücum edib. Hücum nəticəsində həyatını itirənlər olmasa da, bəzi Türkiyə vətəndaşları xəsarət alıb. Bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, baş verən hadisə ilə bağlı Brüssel və Ankarada Belçika hakimiyyətinin rəsmiləri ilə danışıqlar baş tutub.
"Nazirimiz həmin gecə Belçikanın xarici işlər naziri Haca Lahbib ilə telefonla danışıb. Bundan əlavə, Belçikadakı diplomatik nümayəndələrimiz hadisə bölgələrində yaşayan vətəndaşlarımızla görüşüblər. Belçikada cəmiyyətimizin sağlam düşüncəli münasibəti və Belçika polis orqanlarının təsirli müdaxiləsi sayəsində hadisələrin daha da ciddiləşməsinin qarşısı alınıb. Hücum edənlər haqqında araşdırma başladılıb. Baş verənlər bir daha göstərdi ki, PKK terror təşkilatı Qərbi Avropada sosial rifah və ictimai asayişi təhdid edir. Bütün səviyyələrdə proseslər izlənilir və lazımi addımların atılması davam edir" - Türkiyə XİN-in bəyanatında deyilib.
Xəbər lenti
0