Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın pomidor ixracı kəskin artıb – Səbəb nədir?

pomidor - Sputnik Azərbaycan, 1920, 22.03.2024
Abunə olmaq
Bu il bir ton pomidorun orta ixrac qiyməti 1381 dollar, ötən ilin müvafiq dövründə isə 1231 dollar təşkil edib. Beləliklə, cari ildə 1 ton pomidorun ixrac qiyməti 150 dollar artıb.
BAKI, 22 mart — Sputnik. Azərbaycanın pomidor ixracı kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-fevral ayında Azərbaycan 30 milyon dollar dəyərində 21,7 min ton pomidor ixrac edib.
İllik müqayisədə pomidor ixracı dəyər ifadəsində 57,1 faiz, miqdar ifadəsində 40,1 faiz artıb.
Bu il bir ton pomidorun orta ixrac qiyməti 1381 dollar, ötən ilin müvafiq dövründə isə 1231 dollar təşkil edib. Beləliklə, cari ildə 1 ton pomidorun ixrac qiyməti 150 dollar artıb.
Ekspert ixracda artımın səbəbini açıqlayıb
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, pomidor ixracında gəlirlərin kəskin artması mövsüm ilə bağlıdır: “Belə ki, ilin əvvəlində köhnə istixanalar sökülür, yeni istixanalar salınır. Bu zaman pomidor istehsalı azalır və qıtlıq yaranır. Bu da qiymət artımına səbəb olur. Yeni istixanalar salınan dövrdə digər ölkələrdə də belə olur. Ona görə də pomidorun ixrac qiymətində artım baş verib. Növbəti aylarda isə qiymətlərdə getdikcə stabilləşmə müşahidə ediləcək”.
“İxracın artması bazarın tələbidir”
“Azərbaycanın pomidor ixracı əsasən Rusiyanın payına düşür. İxracın artması bazarın tələbidir. Rusiya bazarında Azərbaycan pomidoruna tələb artıb. Bu məsələni bazar tənzimləyir” – ekspert əlavə edib.
Ötən il Azərbaycan pomidoru əsasən Rusiyaya göndərilib
Qeyd edək ki, Azərbaycan keçən il 162 milyon dollar dəyərində 140 min ton pomidor ixrac edib ki, bu, illik müqayisədə dəyər ifadəsində 3,4 faiz, miqdar ifadəsində 0,6 faiz azdır. Keçən il Azərbaycan pomidoru əsasən Rusiyaya göndərilib. Ötən il Azərbaycanın pomidor ixracının 97,8 faizi Rusiya bazarının payına düşüb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda istixanalarda 268,9 min ton pomidor istehsal olunub.
Onu da qeyd edək ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Rusiyaya ixrac üçün yalnız Rusiyanın müvafiq qurumu tərəfindən icazə verilmiş müəssisələrin məhsullarına laborator müayinələrdən sonra fitosanitar sertifikatlar verir. Digər müəssisələrin Rusiyaya məhsul ixracı ilə bağlı icazələr Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") verdiyi qərar əsasında mümkündür.
Beynəlxalq ticarət qaydalarına, həmçinin idxalçı ölkənin idxal tələblərinə əsasən yalnız zərərvericilərdən azad təsərrüfatlardan məhsulun ixracı mümkündür. Yalnız beynəlxalq standartlara uyğun məhsul istehsal edən, həmçinin zərərvericilərə qarşı lazımi səviyyədə tədbirlər həyata keçirən təsərrüfatlarda istehsal olunmuş məhsullar ixrac oluna bilər.
Xəbər lenti
0