Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda arıçılıq məhsullarının istehsalı azalıb - Səbəb nədir?

© Sputnik / Ilham MustafayevQərb bölgəsində arıçılıq təsərrüfatı
Qərb bölgəsində arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Abunə olmaq
Arıçı bildirib ki, ölkədə arı xəstəlikləri ilə məşğul olan laboratoriyalar olmalı, arıçıların maarifləndirilməsi artırılmalıdır. Xüsusən işğaldan azad edilmiş ərazilərə peşəkar arıçılar göndərilməlidir.
BAKI, 17 mart — Sputnik. Azərbaycanda arıçılıq məhsullarının istehsalı azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə 30802 təsərrüfatda mövcud olan 597336 arı ailəsindən 4550 ton bal, 172,7 ton mum, 14,9 ton vərəmum, 8,9 ton güləm və 281,1 kiloqram arı südü əldə olunub.
2022-ci illə müqayisədə 2023-cü ildə arı ailələrinin sayı 9 faiz, bal istehsalı 38,9 faiz, mum istehsalı 0,8 faiz, vərəmum istehsalı 22 faiz, güləm istehsalı 62 faiz, arı südü istehsalı 25,9 faiz azalıb.
Ən çox arı ailəsi Kəlbəcər, Zaqatala, Balakən, Qax rayonlarında mövcud olub. Sonrakı yerlərdə isə Astara, Laçın, Quba və digər rayonlar gəlir.
Arıçılar nə düşünürlər?
Azərbaycan Arıçılar Assosiasiyasının üzvü, qurumun mətbuat katibi Elvin Bayramov Sputnik Azərbaycan-a deyib ki, keçən il arı xəstəliklərinin yayılması, hava şəraitinin pis keçməsi arı ailələrinin sayının azalmasına səbəb olub: "Fikrimcə, ötən il arı ailələrinin sayının daha çox - təxminən 20-30 faiz azalması mümkündür".
"Arı xəstəlikləri ilə məşğul olan laboratoriyalar olmalıdır"
Arıçılıqda xərclərin artdığını söyləyən E.Bayramov bu sahədə istifadə olunan ləvazimatların, dərmanların bahalaşdığını bildirib: "Dövlət dəstəyi olmadan bu sahəni inkişaf etdirmək çətindir. Ölkədə arı xəstəlikləri ilə məşğul olan laboratoriyalar olmalı, arıçıların maarifləndirilməsi artırılmalıdır. Xüsusən işğaldan azad edilmiş ərazilərə peşəkar arıçılar göndərilməlidir".
"Hər arı ailəsinə görə 10 manat subsidiya verilib"
O qeyd edib ki, "Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydası"na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilib və 2023-cü ilədək verilib: "Yenidən subsidiyanın verilməsinə ümid edirik və bu məbləğin 15-20 manat olması yaxşı olardı, çünki xərclər artıb".
"Bu il bol məhsul olacaq"
"Keçən il ölkədə balın qiyməti təxminən 10-20 faiz bahalaşıb. Ümid edirəm ki, bu il bol məhsul olacaq və balın qiyməti ucuzlaşacaq. Balın 1 kiloqramının pərakəndə satış qiymətinin 20-50 manat arasında olması normaldır. Tələb-təklif, yol xərci və s. qiymətə təsir göstərir" - o əlavə edib.
"Zaman-zaman arı ölümləri baş verir"
Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov isə Sputnik Azərbaycan-a deyib ki, zaman-zaman arı ölümləri baş verir: "Hətta kütləvi ölümlər olsa belə növbəti ildə arıların sayını bərpa etmək mümkündür. Yəni müəyyən illərdə arıların sayında azalma olur, amma bu, ümumi tendensiya deyil".
"Kəlbəcər balının 1 kiloqramı 50 manatdan yuxarıdır"
Onun sözlərinə görə, Azərbaycan balının qiyməti yüksəkdir və ölkədə arıçılığın inkişafını stimullaşdırır: "Əgər bu il Rusiyada balın 1 kiloqramının topdansatış qiyməti təxminən 5-6 manatdırsa, Azərbaycanda balın 1 kiloqramının topdansatış qiyməti 10-12 manatdır. Ölkəmizdə balın 1 kiloqramının pərakəndə satış qiyməti isə 15-70 manatadır. Məsələn, bu il Kəlbəcər balının 1 kiloqramı 50 manatdan yuxarıdır".
"Verilən subsidiya ölkəmizdə arıçılığın inkişafına təkan verib və arıların sayının artmasında əsas faktorlardan biri olub" - o əlavə edib.
Balın 1 kq-nın orta satış qiyməti 25,8 manat olub
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il balın 1 kiloqramının orta satış qiyməti 25,8 manat, mumun 15,9 manat, vərəmumun 97,2 manat, güləmin 132,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6 manat olub.
"Arıçılıq məhsullarının istehsalındakı azalma havaların əlverişsiz keçməsi ilə əlaqədar olub" - Komitənin məlumatında bildirilib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydası"na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilib. Bu da arıçılığın inkişafını stimullaşdırıb, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaradıb, bu sahədəki potensialdan istifadə imkanlarını genişləndirib. Belə ki, 2018-ci illə müqayisədə 2022-ci ildə arı ailələrinin sayı 1,3 dəfə, bal istehsalı isə 1,5 dəfə artıb.
Xəbər lenti
0