Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Xidmət rəisi: İstehlakçının həssaslığının artması müəssisələr arasında rəqabətə səbəb olur

© Photo : Ministry of Economy (Azerbaijan)Bakıda "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər"
Bakıda Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər - Sputnik Azərbaycan, 1920, 14.03.2024
Abunə olmaq
Texnologiyanın sürətli inkişafı və təbii ehtiyatlardan həddindən artıq istifadə ətraf mühitin böyük çirklənməsinə səbəb olub.
BAKI, 14 mart — Sputnik. “Müasir dövrdə "yaşıl iqtisadiyyat” termini qlobal səviyyədə bəşəriyyətin inkişafının ana xətlərindən birini ifadə edir. Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl" iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır”.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" adlı forumda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli söyləyib. Xidmət rəisi Azərbaycanda “yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində atılan addımlardan danışıb:
Ölkəmizdə “Yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində xüsusən də qanunvericilikdə yeni normalar yaradılır, institusional islahatlar aparılır, texnologiyaların inkişafı ilə bağlı fəaliyyət dərinləşdirilir. Ölkədə qəbul edilən inkişaf konsepsiyaları, strateji yol xəritələri və dövlət proqramları yaşıl iqtisadiyyatın inkişafını təşviq edir. Azərbaycan Respublikası “yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində dövlətin dəstəyi də yeni imkanlar açır. Ölkəyə yaşıl investisiyaların cəlb edilməsi, “yaşıl maliyyələşdirmə” təşəbbüslərinin dəstəklənməsi də bu baxımdan əhəmiyyət kəsb edir: ”Təsadüfi deyildir ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" adlanır. Burada ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub.
Məlumdur ki, texnologiyanın sürətli inkişafı və təbii ehtiyatlardan həddindən artıq istifadə ətraf mühitin böyük çirklənməsinə səbəb olub. Bu səbəbdən istehlakçılar istehsalda daha az çirklənmə yaradan, tullantıları azaldan, daha çox təkrar emalı və məhsulların ekosistemdə daha təhlükəsiz olmasını təmin edən bərpa olunan mənbələrdən daha çox istifadəni tələb edirlər. Bu özü də istehlakçıların BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər”də qeyd edilən 8 əsas hüququndan biri olan sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsinə gətirib çıxarır.
Bu prinsip istehlakçılar tərəfindən ekoloji cəhətdən təmiz istehsal prosesindən keçən, təkrar emala çevrilə bilən və planetimizin resurslarının qorunması yolu ilə istehsal olunan məhsul və xidmətləri tələb etmək meyli olaraq anlaşılan “yaşıl istehlak” həm şirkətlərin, həm də insanların gündəmində getdikcə daha çox yer tutmağa və “yaşıl məhsul və marketinq” yanaşmasını tətbiqinə gətirib çıxarır.
Bu gün istehlakçıların ekoloji məsələlərə qarşı həssaslığının artması və digər məhsullara nisbətən 'ekoloji təmiz' və 'davamlı' məhsullara üstünlük verməsi ekoloji cəhətdən həssas görünmək baxımından müəssisələr arasında rəqabətə səbəb olur və bu vəziyyət şirkətlərin ekoloji göstəricilərini şişirtməyə və ya istehlakçıya yanlış məlumat təqdim etməyə meyil etdirir”.
© Photo : Ministry of Economy (Azerbaijan)Bakıda "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər"
Bakıda Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər - Sputnik Azərbaycan, 1920, 14.03.2024
Bakıda "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər"
M.Abbasbəyli deyib ki, bütün bunların qarşısını almaq və ətraf mühitə və biznesə mənfi təsirləri azaltmaq üçün Avropa Komissiyası 14 yanvar 2024-cü il tarixində “ekoloji faydanın təqlidi hallarına” qarşı mübarizə və şəffaflığı təşviq etmək məqsədi ilə “İstehlakçıların yaşıl iqtisadiyyata keçidi üçün hüquqi imkanlarının gücləndirilməsi haqqında Saziş”i (Empowering Consumers For The Green Transition) qəbul edib. Bu Saziş istehlakçıların dayanıqlı məhsul haqqında düzgün və zəruri məlumat almasını təmin etməklə istehlakçının “yaşıl” məhsulları seçməsinə və ətraf mühitin mühafizəsinə dəstək olacaq. Onun sözlərinə görə, bu istiqamətdə Dövlət Xidməti tərəfindən bir sıra addımlar atılır.
“Müasir dövrdə istehsalçılar tərəfindən məhsulların istehlakçılara təqdimi zamanı "Yaşıl İqtisadiyyat"ın təşviqinə istiqamətlənmiş aşağıdakı tipli məlumatlarla qarşılaşırıq: "ekosistemə daha az ziyanlı, təkrar emal edilmə qabiliyyəti yüksək olan, daha az tullantılara səbəb olan məhsullar". Bəzi məhsullarda qeyri-dəqiq olan bu cür məlumatlar istehlakçıların düzgün məlumat almaq hüququnun qarşısını alır və "Yaşıl İqtisadiyyat"ın inkişafı dövründə istehlakçıların aldadılmasına yönəlmiş bu cür halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi zəruridir.
Hal-hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarında sözügedən təcrübə ilə mübarizədə effektiv ola biləcək bir sıra müddəalar təsbit edilib. Həmin müddəaların ümumi istiqaməti istehlakçıların məlumat almaq hüququnun təmin edilməsi və bu sahədə satıcılar və ya istehsalçılar tərəfindən istehlakçıların yanlış istiqamətləndirilməsinin, eyni zamanda istehlakçıların mal alınması prosesində sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsulları ilə mübarizənin aparılmasıdır.
İstehlakçıların yuxarıda qeyd edilən məlumat almaq hüququnun təmin edilməsi məqsədilə Dövlət Xidmətinin müvafiq şöbələri tərəfindən mütəmadi olaraq ölkə ərazisində fəaliyyət göstərən sahibkarlarla görüşlər keçirilir, qanunvericiliyin tələbləri, istehlakçıların hüquqlarının təmin edilməsinin zəruriliyi onların diqqətinə çatdırılır.
Eyni zamanda Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq istehlakçıların məlumat almaq hüququnun pozulması hallarında müvafiq şöbə tərəfindən pozuntuya yol verən şəxslər barəsində mütəmadi olaraq inzibati qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilir.
Ölkəmizdə yaşıl enerji çevrilmələri, bərpaolunan enerji potensialı, külək və günəş enerji mənbələrindən istifadə mühüm əhəmiyyət kəsb edir. Məhz bu istiqamətlərdə, həmçinin istehsal proseslərində, sənaye, ticarət, səhiyyə, ekologiyanın mühafizəsi, energetika sahələrində texniki maneələrin aradan qaldırılması nəticəsində istehlakçıarın hüquqlarının qorunması üçün keyfiyyət infrastrukturunun düzgün yerinə yetirilməsinin, metrologiya və standartlaşdırmanın əhəmiyyəti böyükdür.
Bildiyiniz kimi, standartlar həyatımızın bütün sahələrində mövcuddur və fəaliyyətimizi asanlaşdırmaq, təşkilatların müvafiq qanun və qaydalara əməl etməsini təmin etmək, innovativ məhsulların bazara daxil olmasını sürətləndirmək və bir-biri ilə uyğunluğu təmin etmək üçün qlobal iqtisadiyyatda mühüm rol oynayır. Xüsusilə yaşıl iqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən-ilə artmaqdadır. Standartlar elm və texnikanın son nailiyyətlərini özündə cəmləşdirir və ölkənin gələcək inkişafında böyük rol oynayırlar. Eyni zamanda standartlar qabaqcıl təcrübənin və mütərəqqi üsulların geniş yayılmasına da imkan yaradır.
Son illər Azərbaycanda “yaşıl iqtisadiyyat” istiqamətində məhsul və xidmətlər bazarının sürətli inkişafı və bu sahədə rəqabətin kəskinləşməsi keyfiyyətin yüksəldilməsini, istehlakçılara daha keyfiyyətli məhsul və xidmət təqdim edilməsini labüd edir. Bu isə öz növbəsində yeni standartların hazırlanmasını və tətbiqini təşviq edir”, - deyə M.Abbasbəyli bildirib.
Xidmət rəisi bildirib ki, “Şərq Tərəfdaşlığı Ölkələrində Ticarətin Artırılması üçün Keyfiyyət Standartları” layihəsi çərçivəsində “Keyfiyyət infrastrukturu üçün yaşıl transformasiya” layihəsi üzrə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ qalib olub.
“Təklif olunan layihənin ümumi məqsədi istilik effekti yaradan qazların emissiyalarının validasiyası və verifikasiyası üçün standartların qəbul edilməsi və qlobal emissiyaların azaldılması və iqlim dəyişikliyi hədəflərinə çatmaq üçün həlledici olan istilik effekti yaradan qazların emissiyalarının hesabatlanmasına və azaldılmasına ardıcıl və etibarlı bir yanaşmanın təşviq edilməsidir.
Metrologiyanın “yaşıl iqtisadiyyat”da rolu: “Yaşıl” transformasiya və “yaşıl” iqtisadiyyatın inkişafında, enerji çevrilmələri və iqlim dəyişiklikləri prosesində temperatur və enerji, çirklənmiş ərazilərin bərpasında aktivlik, istehsal proseslərində kütlə, həcm və digər kəmiyyət vahidlərinin dəqiq və etibarlı ölçülməsi, bu sahələrdə istifadə olunan ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsində düzgün metodikaların tətbiqinin əhəmiyyətini nəzərə alarsaq metrologiyanın mühümlüyündən danışmaq heç də təsadüfi olmaz.
Bildiyiniz kimi, “Ölçmələrin vəhdətinin təmin edilməsi” haqqında Azərbaycan Respublikasının qanununa əsasən ölçmə vasitələrinin yoxlanılmasını, kalirblənməsini, ölçmə metodikalarının tətbiqi və attestasiyasını, kəmiyyət vahidlərinin ötürülməsini Azərbaycan Metrologiya İnstitutu həyata keçirir. Təbiətin qorunması, zərərli tullantıların miqdarının azaldılması, ekoloji təmiz məhsulların ölkədə istehsalının, həmçinin xaricdən idxal prossesində məhsulların dəqiq miqdarın təyin edilməsi üçün metroloji ölçmələrin vacibliyi, ölçmə vasitələrinin yoxlanılması danılmazdır.
Metrologiyanın “yaşıl” iqtisadiyyatdakı rolu ölkəni düzgün olmayan ölçmələrdən irəli gələn maddi zərərlərdən və itkilərdən qorumağa, həm də vətəndaşların ən cox istifadə etdiyi ticarət və tibb sahələrindən əldə etdikləri xidmətlərin düzgünlüyünə olan inamını təmin etməyə yönəlib”, - xidmət rəisi söyləyib.
O vurğulayıb ki, Dövlət Xidmətinin fəaliyyət sferası geniş və çoxşahəlidir: “Dövlət Xidməti həyata keçirmiş olduğu haqsız rəqabət və antiinhisar nəzarəti, istehlak bazarına və dövlət satınalmalarına nəzarət, istehlakçı hüquqlarının müdafiəsi funksiyaları ilə azad və sağlam rəqabət mühitinin yaradılması, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması və “yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində məqsədli və geniş islahatları davam etdirir”.
Xəbər lenti
0