Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda qızıl bahalaşır - Səbəb nədir?

© AFP 2023 / PAUL FAITHqızıl
qızıl - Sputnik Azərbaycan, 1920, 12.03.2024
Abunə olmaq
Ekspert bildirib ki, ölkəmizin qızıl bazarı dünya qızıl qiymətlərindən asılı vəziyyətdədir.
BAKI, 12 mart — Sputnik. Son günlər dünya bazarlarında qızılın qiymətində rekord bahalaşma müşahidə edilir. Keçən həftənin sonunda Nyu-Yorkun əmtəə birjasında qızılın bir troy unsiyasının qiyməti 0,8 faiz artaraq 2200 dolları keçib. Bu qiymət bütün zamanların ən yüksək səviyyəsidir.
Bəs, maraqlıdır rekord bahalaşmanın səbəbləri nədir? Bu bahalaşma Azərbaycanda qızıl bazarına necə təsir göstərir?
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, qızılın qiymətinin bahalaşmasının əsas 2 səbəbi var: "Birinci səbəb ABŞ və digər ölkələrin mərkəzi banklarının uçot dərəcəsini aşağı salacağı ilə bağlı gözləntilərin formalaşmasıdır. Mərkəzi banklar uçot dərəcəsini aşağı salanda sərbəst vəsaitlər artacaq və bunun bir hissəsi də qızılın alışına yönələcək. Bu gözləntilər fonunda investorlar indidən qızıl alırlar ki, bu da qiyməti bahalaşdırır. İnvestorlar indidən qızılı ona görə alırlar ki, sonradan daha baha qiymətə sata bilsinlər".
© Sputnik / Murad OrujovNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 11.03.2024
Natiq Cəfərli
"Dünya iqtisadiyyatında ciddi qeyri-müəyyənlik var"
O bildirib ki, bahalaşmanın ikinci səbəbi dünya iqtisadiyyatında ciddi şəkildə qeyri-müəyyənliyin olmasıdır: "Məsələn, Almaniya iqtisadi tənəzzül ilə üz-üzədir. Avropa İttifaqında iqtisadi artım zəifdir. Tarixən iqtisadi resessiya (tənəzzül) zamanı və yaxud iqtisadi böhran gözləntiləri olanda qızıla tələbat artır. İnvestorların böhran zamanı öz vəsaitlərini qorumaq üçün qızıla marağı artır. Çünki qızıl "güvənli liman" rolunu oynayır".
"Rusiyaya qarşı sanksiyaların artması qızılla ödənişləri aktuallaşdırır"
Onun sözlərinə görə, digər tərəfdən, müxtəlif ölkələrə, əsasən də Rusiyaya qarşı sanksiyaların artması qızılla ödənişləri aktuallaşdırır: "Məsələn, son zamanlar Rusiyanın Mərkəzi Bankı dünyada ən çox qızıl alan mərkəzi banklardan birinə çevrilib. Bu da ondan xəbər verir ki, sanksiyalara görə artıq fiziki qızılla dünyada müəyyən ödənişlərin edilməsi praktikası genişlənir. Bu amillər qızılın qiymətinin artmasına səbəb olur".
"Qiymətlərin hər qrama görə 3-4 dollar artdığının şahidi oluruq"
Dünyada bahalaşmanın Azərbaycanın qızıl bazarına təsirinə gəlincə, ekspert bildirib ki, ölkəmizin qızıl bazarı dünya qızıl qiymətlərindən asılı vəziyyətdədir: "Dünyada qızılın qiyməti artan kimi bizdə də qızılın qiyməti yüksəlir. Hazırda qızıl bazarında qiymətlərin hər qrama görə 3-4 dollar artdığının şahidi oluruq. Amma bizdə alıcılıq qabiliyyəti də nəzərə alınır. Yəni satıcı qızılın qiymətini artıra bilər, amma alıcılıq qabiliyyəti yoxdursa, o qazanc əldə etməyəcək".
"Azərbaycanın daha çox qızıl ixrac etmək potensialı yaranacaq"
"İşğaldan azad edilmiş ərazilərdə yeni qızıl yataqlarının işlənilməsinə hazırlıq gedir. Bu proses bitəndən sonra Azərbaycanın daha çox qızıl ixrac etmək potensialı yaranacaq. Azərbaycan əsasən İsveçrəyə qızıl ixrac edir" - o əlavə edib.
Ölkədə qızıl bahalaşıb
Qeyd edək ki, martın 11-nə Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən qızılın bir troy unsiyası (təxminən 31 qram) 3708 manat təşkil edib. Martın 7-də isə Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən qızılın bir troy unsiyası 3666 manat təşkil edib.
© AP Photo / Darko VojinovicMərkəzi Bank
Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 11.03.2024
Mərkəzi Bank
Ölkədə qızıl istehsalı və ixracı azalıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda 2614 kiloqram qızıl istehsal edilib. Keçən il 2022-ci ilə nisbətən qızıl istehsalı 17,7 faiz azalıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na əsasən, 2023-cü ildə Azərbaycan 162,8 milyon dollar dəyərində qızıl ixrac edib ki, bu da illik müqayisədə 12 faiz azdır.
Xatırladaq ki, keçən il Gədəbəy rayonunda qızıl istehsal edən şirkət fəaliyyətini dayandırmışdı.
"AzerGold"ın qızıl hasilatında rekord
Onu da əlavə edək ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2023-cü ildə qızıl hasilatı 63724 unsiyaya çatdırılıb. Şirkətin yaydığı məlumatda bildirilib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə qızıl hasilatı 3 faiz artıb. Bu, həm də fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir. 2024-cü il üçün qızıl hasilat planı isə 2023-cü illə müqayisədə 9 faiz artaraq 70036 unsiya təşkil edir.
Hazırda Azərbaycanda qiymətli metal hasilatı "AzerGold" QSC və Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti tərəfindən həyata keçirilir.
Xəbər lenti
0