CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın hansı ərazilərində radon qazı fonu yüksəkdir?

© Sputnik / Дмитрий БальтерманцDozimetrik cihazlar, arxiv
Dozimetrik cihazlar, arxiv - Sputnik Azərbaycan, 1920, 07.03.2024
Abunə olmaq
Professor deyib ki, yaşayış binalarının radon fonunun ölçülməsi üçün onlara çox nadir hallarda müraciət olunur.
BAKI, 7 mart — Sputnik. Həkim-radioloq Aydın Əliyev mənzillərdə radon qazı ilə bağlı əhaliyə xəbərdarlıq edib. Radioloq bildirib ki, insanlar özlərində, ailə üzvlərində, yaxınlarında, qonşuda və ya tanışlarda ağciyər xərçəngi aşkar edildiyini bilirlərsə, mütləq şəkildə Fövqəladə Hallar Nazirliyinə xəbər verməlidirlər ki, onların yaşadıqları və işlədikləri məkanlar yoxlansın.

"Çünki, ağciyər xərçənginin yaranmasında bəzən siqaret çəkməkdən daha çox radon qazının təsiri var. Yaşadığımız və ya işlədiyimiz mühitdə, xüsusən zirzəmilərdə, binalarda, tikinti materiallarının tərkibində uran radioaktiv elementinin parçalanma məhsulu olan radon qazı ola bilər" - həkim sosial şəbəkə səhifəsində yazıb.

AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor, Radiasiya Problemləri İnstitunun baş direktoru İslam Mustafayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, radon qazı tikinti materiallarında ola bilər. Amma o deyib ki, radon qazının səviyyəsi peşəkar şəkildə ölçülməlidir.
© Photo : Azerbaijan National Academy of ScienceRadiasiya Problemləri İnstitunun baş direktoru İslam Mustafayev
Radiasiya Problemləri İnstitunun baş direktoru İslam Mustafayev - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Radiasiya Problemləri İnstitunun baş direktoru İslam Mustafayev

"Radon qazının olması təbiidir. Azərbaycanda radon səviyyəsi təhlükəli deyil. Radon qazı müəyyən qapalı yerlərdə toplana bilər. Bununla bağlı ÜST-ün standartları var. Çox olarsa, ağciyər xərçəngi təhlükəsi yarada bilər. Buna görə də zirzəmilərdə yaşamaq təhlükəlidir" - İslam Mustafayev bildirib.

Azərbaycan Neft və Kimya İnstitutunun əməkdaşı, Geologiya-mineralogiya elmləri doktoru, "Radon Centre Agreement" (Polşa) cəmiyyətinin üzvü, professor Çingiz Əliyev isə bildirib ki, Abşeron yarımadasında radon fon səviyyəsi normaldır. Amma o deyib ki, bəzi rayonlarda radon fonu yüksəkdir.
© Sputnik / Irade JELILÇingiz Əliyev
Çingiz Əliyev - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Çingiz Əliyev

"Əsasən Şamaxı, Quba, Talış dağlarında radon səviyyəsi normadan artıqdır. Biz bununla bağlı tədqiqatlar aparırıq. Şamaxının bəzi kəndlərdə Radon səviyyəsi yüksək olub. Şamaxının Cabanı kəndində radon fonu yüksəkdir. Ona görə də sakinlərə bildirilib ki, evləri tez-tez havalandırsınlar" - Ç.Əliyev söyləyib.

Alim onu da bildirib ki, radon qazı daha çox qış aylarında qapalı saxlanılan məzillərə, zirzəmilərə yığılır.
O ki qaldı yaşayış binalarında radon qazı səviyyəsinə, Ç.Əliyev deyib ki, yaşayış evlərində bunun üçün ölçü işləri aparılmalıdır.
Həmsöhbətimiz bildirib ki, radon qazı ilə bağlı normalar SSR-i vaxtından qalıb. Onun sözlərinə görə, normada köhnə tikililərdə radon fonu 200 Bk/m³-dən çox olmamalıdır. Yeni binalarda isə bu norma 100 Bk/m³-dir.
Ç.Əliyev deyib ki, çox yaşayış binalarının radon fonunun ölçülməsi üçün peşəkarlara çox nadir hallarda müraciət olunur.
Onun sözlərinə görə, radon tikinti materiallarında, yerin quruluşundan asılı olaraq zəlzələ zonalarındakı çatlarda daha çox yığıla bilər.

"Radon qazı normadan yüksək olarsa, bu, ağciyər xərçənginə səbəb ola bilər. Çünki, radon qazı nəfəs boruları vasitəsilə ağciyərə keçir. Nəticədə ağciyərdə xərçəng xəstəliyi əmələ gətirə bilər. Radon qazı qanda qırmızı hüceyrələri məhv edir. Bu da ağ qan xərçənginə gətirib çıxarır" - professor bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0