CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mobil operatorlar internetin qiymətini bahalaşdırıb: Hökmran şirkətlər qiyməti diktə edir

© AFP 2024 / STEFANIE LOOSƏllərində smartfonlar olan şəxslər, arxiv
Əllərində smartfonlar olan şəxslər, arxiv - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Abunə olmaq
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, mobil bazarda hökmran mövqe tutan şirkətin heç bir əsaslandırma olmadan danışıq və data qiymətlərini, SMS qiymətini qaldırması, tarif şərtlərini dəyişməsi çox təəccüblüdür, qanuniliyi ağlabatan deyil.
BAKI, 5 mart — Sputnik. Mobil operatorlar -"Azercell Telekom" MMC və "Bakcell" MMC mobil internet tarifinin qiymətini artırmasının səbəbini açıqlayıb. Sputnik Azərbaycan-ın sorğusuna "Azercell Telekom" MMC-dən verilmiş cavabda bildirilir ki, mobil rabitənin dəyişən trendlərini nəzərə alaraq Azercell mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir. Bu məqsədlə bəzi servislərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bilər.
Mobil operatorların qiymət artımını əsassız arqumentləri
""Azercell Telekom" MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 20 fevral 2024-cü il tarixindən etibarən qüvvəyə minən müəyyən dəyişikliklər edilmişdir. Bu dəyişiklilər müqabilində abunəçilərə şəbəkəxarici və şəbəkədaxili zənglər əvəzinə, ölkədaxili zənglər təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılmış, İnternet Paketin həcmi bitdikdən sonra əlavə paket əldə edilməsi zərurətinin azaldılması məqsədi ilə daha həcmli aylıq və günlük internet paketləri təqdim edilib" şirkətdən bildirilib.
Həmçinin qeyd edilib ki, hazırda mobil zənglər üçün tariflərin artırılması nəzərdə tutulmayıb. Hər hansı dəyişiklik olarsa, ictimaiyyət öncədən məlumatlandırılacaq.
"Bakcell"dən Sputnik Azərbaycan-a bildirilib ki, 20.02.2024 tarixindən etibarən əvvəlki internet paketləri daha əlverişli olan GB paketləri ilə əvəzlənib.
"Dəyişiklik telekommunikasiya sahəsindəki tələb, təklif və rəqabətin təsiri nəticəsində edilmişdir. Xidmətlərdə olunan dəyişiklikləri qaçırmamağınız üçün "Bakcell"in rəsmi internet saytında yenilənən məlumatları izləməyiniz tövsiyə olunur. Yenilənmiş paketlər haqqında məlumat əldə etmək üçün bu link-ə daxil ola bilərsiniz: https://www.bakcell.com/news/Bakcell-tekmilleshdirilmish-internet-paketlerini-teqdim-edir" - cavabda bildirilib.
Xatırladaq ki, Azercell-də 500 MB aylıq internet paketinə yeni qoşulmalar 19 fevral 2024-cü il tarixindən dayandırılıb. "Azercell"in 500 MB aylıq internet paketinin qiyməti 3 manatdan 4 manata qalxıb. Bundan əlavə, "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Buraxılmış zəng" xidmətinə ƏDV daxil 0,20 AZN aylıq abunə haqqı tətbiq edimləsinə başlanılıb.
"Bakcell" də isə aylıq 500MB paketinə yeni qoşulmalar 20 fevral 2024-cü il tarixindən dayandırılaraq mövcud istifadəçilər üçün aylıq abunə haqqı 4 manata qalxıb. Aylıq 20 GB+ internet paketinin yenilənməsi səbəbi ilə "Gecədən Səhərə Limitsiz" təklifi 20 fevral 2024-cü il tarixindən dayandırılıb.
Qeyd edək ki, "Azərfon" şirkəti də bu ildən internet paketlərin qiymətində dəyişiklik edib. Amma şirkətdən qiymət dəyişikliyi ilə bağlı sorğumuza cavab verilməyib.
Onu da bildirək ki, mobil operatorların internet tarifini artırması birmənalı qarşılanmayıb.
Mobil internetin keyfiyyəti yox, qiyməti qalxır
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, mobil bazarda hökmran mövqe tutan bu dövlət şirkətinin heç bir əsaslandırma olmadan danışıq və data qiymətlərini, SMS qiymətini qaldırması, tarif şərtlərini dəyişməsi çox təəccüblüdür və qanuniliyi ağlabatan deyil.
"Düşünürəm ki, ən qısa zamanda sektorun tənzimləyici qurumu olan İKTA və Antiinhisar Dövlət Xidməti bu məsələni araşdırıb, dövlət şirkətinin bu addımının qanuna uyğun olmasına rəy verməlidir. Mobil bazardakı rəqabətli mühit araşdırılmalıdır . Görəsən bu dövlət şirkəti üçün hansı əsaslar yaranıb ki, xərcləri artıb. Həqiqətənmi bu xərclər artıb? Ümumiyyətlə, "Azercell" dövlətləşəndən sonra qoyulan investisiya və şəbəkə xərclərinin, qiymət artımının dinamikasını analiz etmək də faydalı olardı. Düşünürəm ki, adı çəkilən dövlət qurumlarının müvafiq rəylərinədək yeni qiymət artımları və tarif planlarındakı dəyişiklik dayandırılmalıdır. Bu dövlət operatorunun yenidən özəlləşdirilməyə hazırlanması, mövcud xidmətlərinin keyfiyyətinə diqqət yetirməsi, yeni texnologiyalar və xidmətlər üzərində düşünməsi daha məntiqli olardı" - Osman Gündüz bildirib.
O, əlavə edib ki, qonşu ölkələrlə, region dövlətləri ilə müqayisədə Azərbaycanda mobil internet tarifləri heç də əlçatan və aşağı deyil. Qazaxıstan, Ermənistan, Gürcüstan mobil operatorları bizim operatorlardan fərqli olaraq daha böyük investisiyalar yatırırlar:
"Bu ölkələr 5G şəbəkəsi üçün ötən illərdən lisenziya alıblar və yeni şəbəkələr qururlar. Onlarda yeni şəbəkələr və yeni böyük investisiyalar var. Amma qiymət artımı müşahidə olunmur. Ümid edirəm, tənzimləyici qurumlarımız baş verənlərin ağlabatan bir izahatını verəcəklər".
Ölkədəki mobil operator şirkətləri - "Azercell", "Bakcell", "Nar" tarif planlarını dəyişdirir, qiymətləri artırır. Mobil operatorlar tərəfindən qiymət artımı rəqabətin pozulması, süni qiymət artımı deyilmi? Ekspertlər qeyd edirlər ki, qiymət artımı üçün heç bir əsas yoxdur. Ölkədə mobil operatorların tariflərinin qonşu ölkələrə nisbətdə onsuz da baha olduğu dövrdə yenidən qiymət artımına gedilməsi üçün iqtisadi zəmin varmı?
Antiinhisar qanunvericiliyinin tələbləri işə düşəcəkmi?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Sputnik Azərbaycan-ın bu barədə sorğusuna cavabda bildirib ki, Nazirlər Kabinetinin 178 saylı Qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib. Həmin siyahıya daxil olan xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər xidmətlərin qiymətləri, o cümlədən mobil rabitə xidmətlərinin qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir.
Qurumun məlumatına görə, "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna əsasən, təsərrüfat subyektləri öz xidmətləri üçün qiymətləri sərbəst müəyyən edirlər. İstehlak bazarında təsərrüfat subyektləri tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə rabitə xidmətləri təklif olunur, istehlakçıların onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan xidməti seçmək hüququ var.
"Bununla belə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır. Monitorinqlərin nəticəsi olaraq, Dövlət Xidməti mobil operatorlar tərəfindən internet paketlərində edilən qiymət dəyişiklikləri barədə məlumatlıdır və bu istiqamətdə Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərindən irəli gələn müvafiq addımlar atılır. Antiinhisar qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edildiyi təqdirdə, Dövlət Xidməti qanunamüvafiq tədbirlər görür və bu barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətin diqqətinə təqdim edilir" - sorğuya cavabda bildirilib.
İKTA qiymət tənzimlənməsi üçün təkliflər toplusu hazırlayır
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən isə Sputnik Azərbaycan-ın sorğusu belə cavablandırılıb:
"Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizdə fəaliyyət göstərən telekommunikasiya operator və provayderlərinin hüquq və vəzifələri müəyyən edilir. Operator və provayderlər göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil müəyyən etmək hüququna malikdir. Bu gün başqa ölkələrin də təcrübələrinə baxsaq, pərakəndə satış qiymətləri tənzimlənmir. Qiymətlər bazar tələbi və alıcılıq qabiliyyətindən asılı olaraq, rəqabət prinsipləri əsasında özünü tənzimləyir. Qeyd edək ki, qiymət tənzimlənməsi üçün İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən təkliflər toplusu hazırlanır".
"Hökmrandırlar, ona görə qiyməti diktə edirlər"
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mobil bazarda üç mobil operatorun hökmranlıq etməsi, onların qiyməti diktə etməsinə səbəb olur.
"Bazarda başqa rəqabət aparacaq mobil operator yoxdur. Ona görə də Antinhisar qanunvericiliyinə uyğun olaraq, dövlət qurumları bu şirkətlərin qiymət siyasətinə müdaxilə etməlidirlər. Amma indiyədək belə bir addım atıldığını görməmişik" - deyən Natiq Cəfərli əlavə edib ki, mobil operatorların qiymət siyasətinin bazar qaydalarına uyğun olub-olmadığı mütləq yoxlanılmaldır.
Xəbər lenti
0